Hansı sahələrdə idxal asılılığından qurtula bilərik? – EKSPERT RƏYİ
Bizi izləyin

Ekopublika.az

Hansı sahələrdə idxal asılılığından qurtula bilərik? – EKSPERT RƏYİ

“İstehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir. Yerli istehsalın güclü olması manatın devalvasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan, Azərbaycan üçün yerli istehsal xüsusilə də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir. Ölkəmiz yerli istehsalın bərqərar olmasına çalışmalıdır”, - bunu Publika.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert dövlət başçısı İlham Əliyevin oktyabrın 25-də Sumqayıtda "Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı zamanı dediyi “o məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir” sözlərinin ehtiva etdiyi məsələlərə münasibət bildirərkən ölkədə hansı istehsal sahələrinin genişləndirilə biləcəyi imkanlarından söz açıb. Qeyd edib ki, ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb: “Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərinin yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq məhsullarında hələ də idxaldan asılıyıq və bu asılılığı aradan qaldırmaq mümkün olmayıb. Təbii ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması daha vacibdir. Ona görə də yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var”.

Ekspertin sözlərinə görə, Azərbaycan mövcud ixrac qabiliyyətini, qonşu ölkələrdə məhsullarına olan tələbatı nəzərə almaqla, kənd təsərrüfatı sektorunda qida sənayesinin inkişafı ilə bağlı yerli istehsalın təmin edilməsini həyata keçirməlidir: “Burada söhbət kənd təsərrüfatı məhsullarının emal olunaraq dünya bazarına çıxarılmasından gedir. Kənd təsərrüfatı məsullarının emal edilərək dünya, eləcə də daxili bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdıracaq. Həm də Azərbaycan fermerləri daha çox ixrac imkanlarına malik olacaqlar. Məsələn, fermer pomidoru xammal formasında satmayıb, tomat, turşu hazırlamaqla region və ölkə bazarına çıxa bilər ki, bu da satış imkanlarının genişlənməsinə şərait yaradacaq, Azərbaycanda ixracatın genişləndirilməsinə təkan verəcək”.

V.Bayramov hesab edir ki, ölkədə yüngül sənayenin inkişaf etdirilməsinə ehtiyac var. Xüsusilə kimya sənayesində, tikinti sektorunda yerli istehsal genişləndirilməlidir: “Azərbaycanda uzun müddət yüngül sənaye sahəsi aparıcı sektorlardan biri olub. Təəssüf ki, bu gün Azərbaycan yüngül sənaye, o cümlədən tikiş məhsullarına olan tələbatın əhəmiyyətli hissəsini qonşu ölkələrdən idxal hesabına təmin edir. Bazar var və ona görə də bu sektorun gücləndirilməsi vacibdir. Tikiş sahəsi də daxil olmaqla, yüngül sənaye Azərbaycan üçün ənənəvi sektorlardan biridir. Bunun dəstəklənməsi və inkişaf etdirilməsi qeyri-neft sektorunun inkişafı üçün stimul yaradacaq. Eləcə də tikinti materiallarına tələbatın ödənilməsində yerli istehsalın artırılmasına ciddi ehtiyac var.

Monitorinqlərin nəticələrinə görə, ölkəmizdə istehlak olunan məhsulların təxminən 30 faizə yaxını digər ölkələrdən idxal olunur. Bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm