Azərbaycandan Türkiyəyə qaz ixracı bərpa olundu
Bizi izləyin

Ekopublika.az

Azərbaycandan Türkiyəyə qaz ixracı bərpa olundu

Avqust ayında Azərbaycandan Türkiyəyə qaz ixracı kəskin azalıb. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) hesabatına görə, iyulda bu ölkəyə Azərbaycandan qaz idxalı 579,02 milyon kubmetr olubsa, avqustda bu rəqəm 35,96 milyon kubmetr təşkil edib.

Publika.az xəbər verir ki, ümumilikdə cari ilin yanvar-sentyabrında Azərbaycandan Türkiyəyə 4,24 milyard kubmetr qaz ixrac olunub. Xatırladaq ki, Azərbaycan 2014-cü ildə ixrac etdiyi 6,5 milyard kubmetr təbii qazın 69,23 faizini -yəni 4,5 milyard kubmetrini Türkiyəyə satıb. O ki qaldı Türkiyəyə Azərbaycan qazının idxalının azalmasına, EPDK-in hesabatları göstərir ki, Türkiyə Azərbaycandan iyulda 579,02 milyon kubmetr, Rusiyadan 1.797,35 milyon kubmetr, İrandan 371 milyon kubmetr təbii qaz idxal edib. Avqust ayında vəziyyət Rusiya və İranın xeyrinə dəyişib. Belə ki, Türkiyə Rusiyadan 2.667,73 milyon kubmetr, İrandan 801,83 milyon kubmetr, Azərbaycandan isə 35,96 milyon kubmetr təbii qaz idxalı reallaşdırıb. Nəzərə alsaq ki, Türkiyə ümumilikdə qaz idxalını azaltmayıb, əksinə, iyulla müqayisədə avqust ayında (2.748,26 milyon kubmetrə qarşı 3.505,53 milyon kubmetr) artırıb, deməli, azalma təkcə Azərbaycandan qaz idxalı üzrə baş verib. Buna nə səbəb olub?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Azərbaycandan Türkiyəyə qaz ixracının azalmasının səbəbi avqust ayının 2-də “Şahdəniz-2” platformasında hasilatın dayanmasıdır: “Azərbaycanın qaz ixracı dayandırıldı. Bu proses avqust ayının 25-nə qədər davam etdi. Hətta həmin ərəfədə iki terror aktı baş verdi. Bu zaman boru kəmərinin işlək olmaması bizi xilas etdi”.

Şaban ötən illə müqayisədə qazın qiymətinin azaldığını da vurğulayıb: “Düzdür, Azərbaycan qazının Türkiyəyə satış qiyməti kommersiya sirridir. Hasilatın Pay Bölgüsü Sazisi çərçivəsindəki müqaviləyə əsasən satış qiymətləri açıqlanmır. Amma Avropa və Şərqi Asiyadakı qiymətləri götürsək, ötən illə müqayisədə qazın qiyməti 30 faiz azalıb”.

Ekspert Rusiya ilə Türkiyə arasında bir müddət əvvəl baş verən siyasi gərginliyə baxmayaraq, növbəti aylarda da Türkiyənin qaz idxalında Rusiyanın payının yüksək olacağını proqnozlaşdırır.

Sonda bildirək ki, sentyabrdan Türkiyəyə qaz ixracı bərpa olunub. Azərbaycan qardaş ölkəyə əvvəlki həcmlərdə qaz ötürür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm