Enerji nəhəngləri neftin ucuzlaşmasından nə qədər itirib? RƏQƏMLƏR/FAKTLAR
Bizi izləyin

Ekopublika.az

Enerji nəhəngləri neftin ucuzlaşmasından nə qədər itirib? RƏQƏMLƏR/FAKTLAR

“Qara qızıl”ın uzun müddət 50 dollardan aşağı satılması hasilatla məşğul olan şirkətlərin gəlirlərini əsaslı şəkildə azaldıb. Nəticədə şirkətlər sərmayə qoyuluşlarında, administrativ xərcləmələrində ixtisarlara gediblər.

Publika.az xəbər verir ki, ilin 3-cü rübündə ən böyük neft şirkətlərindən olan İtaliyanın enerji şirkəti ENI SpA-nın xalis zərəri 257 milyon avro təşkil edib. Şirkətin gəlirləri 30 faiz azalaraq 18,841 milyard avroya düşüb. İlin 9 ayında şirkətin xalis gəliri 530 milyon avro olub. Bu da ötən ilin eyni dövründən 6 dəfə azdır.

ABŞ-ın “Chevron” neft şirkətinin xalis mənfəəti 2015-ci ilin 3-cü rübündə 2,8 dəfə azalaraq 2 milyard 37 milyon dollar təşkil edib. Bir səhmə düşən gəlir 1,09 dollar olub. Şirkətin əsas fəaliyyətdən daxil olan gəliri 36,5% azalaraq 52 milyard dollardan 33 milyard dollara qədər düşüb. Şirkətin press-relizində deyilir ki, 2017-18-ci illərdə “Chevron” qənaət proqramını genişləndirəcək . Nəticədə 6-7 min iş yeri azaldılacaq.

Şirkətin məzənnə fərqindən zərəri bir il əvvəlki 366 milyon dollar gəlirə qarşı 394 milyon dollar təşkil edib.

“Chevron” 3-cü rübdə gündə 2,54 milyon barel neft ekvivalenti neft və qaz hasil edib. “Upstream” (kəşfiyyat və hasilat) sahəsində şirkətin gəliri bir il əvvəlki 4,65 milyard dollara qarşı 59 milyon dollar təşkil edib.“Downstream” (emal və satış) bölməsində şirkətin gəliri 2,21 milyard dollara qədər artıb. “Chevron” 2016-cı ildə kapital qoyuluşunu 25-28 milyard səviyyəsində gözləyir.

Amerikanın neft-qaz nəhəngi “ExxonMobil”in xalis mənfəəti 2015-ci ilin 9 ayında 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 47% azalaraq 13,37 milyard dollar təşkil edib. Şirkətin gəliri 35,6% azalaraq 209,075 milyard dollar olub. Hesabat dövründə bir səhmə düşən gəlir 3,18 dollar təşkil edib.

2015-ci ilin 3-cü rübündə “ExxonMobil” 4,24 milyard dollar təmiz mənfəət əldə edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır. Üçüncü rübdə şirkətin karbohidrogen hasilatı 2,3% artaraq gündə 3,9 milyon neft ekvivalenti təşkil edib. Neft emalından əldə edilən rüblük gəlir iki dəfə artaraq 2 milyard dollar təşkil etdiyi halda, kəşfiyyat və hasilat bölməsində gəlirlər 1,4 milyard dollara qədər azalıb.

Fransanın “Total” neft-qaz şirkətinin xalis mənfəəti neftin ucuzlaşması üzündən 3-cü rübdə 23% azalıb. Korrektə edilmiş xalis mənfəət 2,756 milyard dollar, gəlir isə 33% azalaraq 40,58 milyard dollar təşkil edib. Şirkət bir səhmə 0,61 dollar ödəyəcək. “Total” neft və qaz hasilatını 10% artıraraq gündə 2,342 milyon barel neft ekvivalenti hasil edib.

“Total” bu il xərclərini 1,2 milyard dollar azaldacaq.

III rübdə “Statoil” şirkətinin korrektə edilmiş əməliyyat mənfəəti gözləniləndən daha pis olub. Şirkət 2015-ci ildə kapital xərclərini 1 milyard dollar azaldacağını bildirib.

Şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövrünün 30,9 milyard Norveç kronuna qarşı 16,7 milyard kron (1,97 milyard dollar) təşkil edib. “Statoil” 2015-ci ildə kapital xərclərini 16,5 milyard dollar, kəşfiyyat büdcəsini isə 3 milyard dollar azaltmağı planlaşdırır.

BP-nin də vəziyyəti yaxşı deyil. 2015-ci ilin 3-cü rübündə şirkətin rüblük gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 40% azalaraq 1,82 milyard dollar təşkil edib. Son rübdə BP şirkətinin xalis mənfəəti 96,4% azalaraq 46 milyon dollar olub. Yanvar-sentyabrda bir il əvvəlki 8,187 milyard dollar xalis mənfəətə qarşı 3,175 milyard dollar xalis zərər qeydə alınıb.

Şirkətin ümumi hasilatı gündə 2,242 milyon barel təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 4.4% çoxdur.

BP şirkətinin “downstream” (emal və satış) seqmentində gəliri 3-cü rübdə 2,3 milyarda dollar qədər artıb. “Upstream” (kəşfiyyat və hasilat) seqmentində isə gəlirlər 5 dəfə (823 milyon dollara qədər) azalıb .

BP kapital xərcləri proqnozunu ən azı 20 milyard dollara qədər azaldıb.

“Royal Dutch Shell”in xalis mənfəəti yanvar-sentyabr aylarında 1 milyard dollar olur. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 14,279 milyard dollar idi. Şirkətin dövriyyəsi 37 faiz azalıb. İlin 3-cü rübündə “Şell”in xalis zərəri bir il əvvəlki 4,463 milyard dollar mənfəətə qarşı 7,416 milyard dollar olub. Şirkətin dövriyyəsi 1,6 dəfə azalaraq 69,18 milyard dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm