Ölkədə neft hasilatı azalıb
Bizi izləyin

Ekopublika.az

Ölkədə neft hasilatı azalıb

2015-ci il ərzində Azərbaycanda 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib.

Bu barədə energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, hasil olunan neftin 31 milyon tonu (867 min ton proqnozdan çox) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu "Şahdəniz"in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb: "Hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" və "Ümid" yataqlarından əldə olunur. 2014-cü ildə Azərbaycanda cəmi 42,4 milyon ton neft hasil edilib. Bununla da 2015-ci ildə neft hasilatı 2014-cü illə müqayisədə 1,2 faiz azalıb".

Energetika naziri Natiq Əliyev həmçinin bildirib ki, "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərib: "Qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaq. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq fədakar Azərbaycan neftçiləri öz fəaliyyətlərini əzmlə davam etdirərək, neft tariximizə yeni-yeni uğurlar bəxş etməkdədirlər".

Natiq Əliyev onu da bildirib ki, Azərbaycanın Türkiyədə ən böyük aktivi olan "Petkim" neft-kimya kompleksində istehsal olunan məhsullar hazırda Türkiyə bazarının təqribən 25%-ni əhatə edir: "Azərbaycan tərəfinin həyata keçirməyi planlaşdırdığı yeni sərmayələr hesabına müəssisənin istehsal gücünü artırmaqla, bu kompleksin istehsalat ərazisində 10 milyon ton neft emalı gücünə malik olan STAR neft emalı zavodunun inşa edilərək, yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır. Zavodun tikintisi işləri qrafikə uyğun davam etdirilir. Kifayət qədər çətin olan 2015-ci ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, respublikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu iqtisadi siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Qlobal böhranın təsirləri isə ölkə iqtisadiyyatı qarşısında yeni vəzifələr müəyyənləşdirir və bir sıra perspektivlər açır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm