Komitə sədri: "Azərbaycanın 40 milyard valyuta ehtiyatı var"
Bizi izləyin

Ekopublika.az

Komitə sədri: "Azərbaycanın 40 milyard valyuta ehtiyatı var"

“Bir çox ölkələrdə qlobal dünya böhranının təsiri yaşanır. Onlar öz valyuta ehtiyatlarını itirir, sosial-iqtisadi göstəricilərini xeyli aşağı salır, ixtisarlar edirlər. Bu fonda Azərbaycan iqtisadiyyatı dinamiklik göstərir, inkişaf edir. Dünən cənab Prezident keçirdiyi iclasda Azərbaycan iqtisadiyyatının davamlılığı, xalqın həyatının daha da yaxşılaşdırılması naminə hökumətə mühüm tapşırıqlar verdi”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, devalvasiya prosesindən sonra müəyyən təzyiqlər olsa da, Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, atdığı addımlar Azərbaycan iqtisadiyyatının yenə də inkişafını davam etdirəcəyinə əminlik yaradır.

Komitə sədri bildirib ki, neftin qiymətinin 4 dəfə ucuzlaşması bizdən asılı olmayan səbəblərlə bağlıdır.

Onun sözlərinə görə, ölkədə iqtisadi planlar dəqiqləşdirilməli, cari xərclər azaldılmalı, milli iqtisadiyyatımızın inkişafına yönələn xərclər artırılmalıdır: “Qarşımıza qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin inkişafına nail olmaq, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək kimi vəzifələr qoyulub. Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib”.

Səmədzadə bildirib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun təşəbbüskarı bir neçə il öncə cənab Prezident olub.

O qeyd edib ki, hazırda banklarda 9 milyarda yaxın əmanət var: “6,5 milyon əmanətçi var. Onların illik aldığı divident isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividentlərdən heç bir faiz tutulmayacaq. Bu isə 1 il ərzində 90-100 milyon manata qədər pul edir. Əmanətlərin Sığortalanması Fondu da təkmilləşdirilir. Çətinlik olanda əmanətlərin sığortalanmasını hökumət öz üzərinə götürür”.

Z.Səmədzadə deyib ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsinin MDB-də analoqu yoxdur: “Bu qanun qüvvəyə minəndən sonra əhali heç bir hay-küyə baxmadan rahat şəkildə öz əmanətlərini banklara qoya biləcəklər. Borclu olanda belə, onların əmanətləri qorunmalıdır. Bu qanunların Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün böyük əhəmiyyəti var”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 40 milyard valyuta ehtiyatı var: “Neftin ucuzlaşması ilə bir qədər maliyyə ehtiyatı itirdik. Ancaq indi bundan qənaətlə istifadə etməliyik. Ehtiyatlarımızı dollarla hesablasaq, Ümumi Daxili Məhsulun həcminə bərabərdir. Ölkədən çıxan valyuta ehtiyatlarını tənzimləmək lazımdır ki, kapital Azərbaycandan qaçmasın, ölkəmizə investisiya qoyulsun. Azərbaycanda valyuta məzənnəsi də tənzimlənməlidir. Bu, ölkənin valyutasını sabit saxlamaq üçün lazımdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm