Naxçıvanda dəmir yolu nəqliyyatından bir ayda 11 min 800 sərnişin istifadə edib
Bizi izləyin

Ekopublika.az

Naxçıvanda dəmir yolu nəqliyyatından bir ayda 11 min 800 sərnişin istifadə edib

Bu ilin yanvar ayında dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarına 600 ton müxtəlif təyinatlı yük daşınıb, nəqliyyatın bu növündən 11 min 800 sərnişin istifadə edib.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, daşımaların nümunəvi təşkili məqsədilə lazımi işlər görülüb, yollarda hərəkətin təhlükəsizliyi təmin olunub. Bu dövrdə Culfa Lokomotiv Deposunda 1 elektrovoz, Culfa Vaqon Deposunda isə 2 vaqon cari təmir olunub, 1 sərnişin vaqonunda istilik sisteminin bərpası işləri davam etdirilib.

Qış aylarında hərəkətdə fasilələrin yaranmaması üçün də bütün zəruri tədbirlər görülür. Belə ki, ötən ay mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilib, süni tikililər, küvet və yol yataqları təmizlənib. Xidməti ərazidəki bütün körpü və keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular mütəmadi yoxlanılıb, polad relslərin istismara yararlılığına nəzarət olunub.

Rabitə və işarəvermə sahəsinin əməkdaşları da işini günün tələbləri səviyyəsində qurub, qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qıvraq stansiyasında 24 müxtəliftipli rele və lokomotivlərdə 5 blok dəyişdirilib. Ay ərzində elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılıb, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

Qeyd olunan dövrdə muxtar respublikanın Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi Ordubad dəmir yolu sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işlərini davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm