Mərkəzi Bank uçot dərəcəsini artırdı
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb.

Həmçinin, açıqlamada bildirilir ki, AMB tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər: "Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşayiət olunmaqdadır. Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün belə bir qərar verilir”.

Qeyd edək ki, əvvəlki uçot dərəcəsi 3%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin əvvəlki aşağı həddi 0,1%, yuxarı həddi isə 5 % idi.

Xatırladaq ki, 2012-ci il dekabrın 10-dan etibarən Azərbaycanda uçot dərəcəsi 5,25%-dən 5%-ə endirilib. Daha sonra azalma davam edib və 2015-ci il iyulun 13-də 3,5%-dən 3%-ə salınıb.

Uçot dərəcəsi ən yüksək həddə 2008-ci il iyunun 8-də çatdırılıb: 15%. Bu, həmin ilin oktyabrın 13-dək qüvvədə olub.

Uçot dərəcəsinin ən aşağı hədd isə 2% təşkil edib və 2009-cu il mayın 24-dən 2010-cu il oktyabrın 31-dək qüvvədə olub.

Uçot dərəcəsi nədir?

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm