Uçot dərəcəsinin artırılması mənzil bazarına necə təsir edəcək? - EKSPERT
Bizi izləyin

Ekopublika.az

Uçot dərəcəsinin artırılması mənzil bazarına necə təsir edəcək? - EKSPERT

“Mərkəzi banklar tərəfindən uçot dərəcəsinin artırılması daşınmaz əmlak bazarına təsirsiz keçmir”.

Publika.az xəbər verir ki, bunu “Value and Sources” Konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev bildirib.

O qeyd edib ki, faiz dərəcəsinin artırılması ipoteka kreditləri üzrə faizlərin artımına, daşınmaz əmlaka investisiyalar üçün nəzərdə tutulan kredit resurslarının bahalaşmasına səbəb olur ki, bunlar da tələbata təsir edir: “Əlavə olaraq, digər maliyyə alətləri üzrə (məsələn, istiqrazlar, əmanətlər) gəlirliliyin artması da onları daşınmaz əmlaklara nisbətən daha cəlbedici edir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin artımı inflyasiya ilə mübarizəyə yönəlir ki, bu da bir sıra aktivlərin dəyərinin sürətlə artımının qarşısını alır. Demək olmaz ki, faiz dərəcələrinin artımı daşınmaz əmlak bazarına mənfi təsir edir. Bu addım daşınmaz əmlak bazarında “köpüyün” yaranmasının tam olmasa da, nisbi olaraq qarşısını alır. Faiz dərəcələrinin azaldılması isə əksinə olaraq həmişə daşınmaz əmlak bazarında canlanma yaradır. Bu yanaşma bütün normal inkişaf səviyyəsinə çatmış dayanıqlı iqtisadiyyatlara aiddir. Çünki həmin ölkələrdə iqtisadi artım və inflyasiya bir qayda olaraq eyni istiqamətdə addımlayır. Sözsüz, bu hallara müəyyən dövrlərdə baş verən iqtisadi şoklar aid deyil”.

Ekspert uçot dərəcəsinin 5%-ə qaldırılmasının ipoteka kreditlərinin faizlərinə təsirinə də toxunub : “Qeyd edək ki, əvvəllər güzəştli ipoteka kreditləri dövlət büdcəsindən maliyyələşdirildiyi üçün onlar üzrə faizlər üçot dərəcəsindən az asılı olurdu. Ancaq adi ipoteka kreditləri üzrə (hazırda 8%) faizlərin üçot dərəcələri ilə birbaşa olmasa da, dolayı əlaqəsi var idi. Çünki İpoteka Fondu müəyyən dövrlərdə borc istiqrazları vasitəsilə bazardan orta hesabla 3%-dən pul cəlb edə bilirdi. Üçot dərəcələrinin artırılması artıq İpoteka Fondunun ucuz pul vəsaitlərini cəlb etməsinə maneə yaradacaq. Bu isə adi ipoteka kreditləri üzrə faiz dərəcəsinin 8%-dən əhəmiyyətli dərəcədə aşağı salınmasına imkan verməyəcək, yəni hər halda, artıq məlumdur ki, bu faizlər 5-6%-dən aşağı düşməyəcək. Ancaq onu da qeyd edək ki, uçot dərəcəsinin artırılması adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin artımına səbəb olmamalıdır.

Digər mühüm məsələ isə tikinti sektoruna yönəldilən kreditlərin faiz dərəcəsinə təsiridir. Burda da biz əhəmiyyətli dəyişiklik gözləmirik, çünki MB-nin üçot dərəcəsinin faizi ilə kommersiya kreditlərinin faizi arasında fərq kifayət qədər böyükdür. Ancaq banklar tərəfindən verilən ipoteka kreditləri üzrə məsələ isə qeyri-müəyyən olacaq.

MB-nin qərarından başa düşmək olar ki, atılmış addım manatın dayanıqlılığının artırılmasına və qiymət sabitliyinin qorunmasına xidmət edir. Bir sözlə, bu, manatın və ona bağlı olan digər aktivlərin (manat istiqrazları, depozitləri və s.) aktiv kimi cəlbediciliyinin artmasına xidmət edir. Bu isə onların təkcə valyuta aktivlərinə yox, eyni zamanda, daşınmaz əmlaka nisbətən də cəlbediciliyini artırmalıdır. Ancaq bütün bunlar hələ ki gözləntilərdir və təcrübədə necə olacağını zaman göstərəcək. Hələliksə görünən odur ki, daşınmaz əmlak bazarındakı mövcud trend yolunu davam etdirəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm