Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir
Bizi izləyin

Ekopublika.az

Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, bank tərəfindən Sumqayıt Kimya Sənaye Parkı üçün texniki dəstək göstərilib və hazırda "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır.

Şahin Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirləri daha da gücləndirilib, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuraları yaradılıb.

Nazir Şahin Mustafayev yeni iqtisadi şəraitdə Dünya Bankı ilə daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanın iqtisadi sahədə gördüyü işləri yüksək qiymətləndirib, bankın bu addımları dəstəklədiyini bildirib.

Xanım Mersi Tembon vurğulayıb ki, əgər bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi. Bu qabaqlayıcı tədbirlər neqativ xarici iqtisadi təsirləri əsasən neytrallaşdırmağa imkan yaradıb. Hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib. M.Tembon Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətə, proqramlara, eləcə də özəl sektora Dünya Bankının dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm