Neftin qiyməti və FED-in faiz siyasəti necə dəyişəcək - HESABAT
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti və FED-in faiz siyasəti necə dəyişəcək - HESABAT

Yola saldığımız həftə neft istehsal edən ölkələrin qiymətlərin ucuzlaşmasına çarə axtarması ilə başladı. Rusiya Səudiyyə förüçdə hasilatı 11 yanvar səviyyəsində "dondurmağa" qərar verdilər. İran isə dondurma ilə bağlı təkliflə razılaşmadı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya iqtisadiyyatı üzrə proqnozunu açıqladı. Kristin Laqard isə növbəti beş il müddətində Beynəlxalq Valyuta Fonduna rəhbər seçildi. İngiltərədə işsizlərin sayı azaldı. Bazarlardan gələn siqnallar mart ayında FES-in faizləri artıracağına dair ehtimalları çoxaltdı.

Başlayaq Rusiya Səudiyyə Ərəbistanı energetika nazirlərinin görüşündən. Səudiyyəli nazir Əli əl-Nəimi, rusiyalı nazir Aleksandr Novak, eləcə də Qətər və Venesuelanın energetika nazirliklərinin nümayəndələrinin qatıldığı förüçdə hasilatı 11 yanvar səviyyəsində "dondurmağa" qərar verildi. Xatırladaq ki, Beynəlxalq Energetika Agentliyinin (BEA) göstəricilərinə görə, Səudiyyə Ərəbistanı yanvarda sutkada 10,2 mln. barel neft istehsal edib. Rusiya isə bu ilin ilk ayında sutkada 10,9 mln. barel neft hasil edib. Bu, postsovet dövründə rekord göstərici hesab olunur.

Yeri gəlmişkən, belə bir görüşün İranla İraq arasında olacağı irəli sürülsə də, İran hasilatın dondurulmasını məntiqsiz saydığını bəyan etdi. İran Neft Nazirliyinin OPEC-dəki nümayəndəsi bildirdi ki, İrandan istehsal miqdarını dondurmasını tələb etmək məntiqsizdir. İrana sanksiyalar tətbiq olunduğu zaman istehsalı artıran ölkələr bu gün qiymətlərin düşməsindən məsuldurlar.

Venesuela prezidenti Nikolas Maduro isə OPEC ölkələrinə neftin qiymətinin stabilləşməsi ilə bağlı yeni təkliflər göndərəcək. Onun fikrincə, neft hasil edən ölkələr bazarlara nəzarət etməli və qiymətləri stabilləşdirməlidir". Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev hesab edir ki, 2016-cı ildə neftin qiyməti 40 dollar/barel səviyyəsində olacaq. Onun sözlərinə görə, proqnoz doğru çıxsa, bu il Rusiyanın dövlət büdcəsinin kəsiri ÜMD-in 4,6-4,7%-nə bərabər olacaq. Bu fərqi də özəlləşdirmə hesabına qarşılamaq mümkün olacaq. Rusiya Maliyyə Nazirliyinin proqnozlarına görə isə ölkədə əsaslı islahatlar aparılmasa və neftin qiyməti artmasa, yaxın 15 ildə Rusiyanı durğunluq gözləyir. Nazirliyin konservativ ssenarisinə əsasən, neftin orta qiyməti 2030-cu ilə qədər 40 dollar/barel olacağı təqdirdə, iqtisadiyyatın orta hesabla illik 1-1,3% artması gözlənilir. Bu il isə ÜDM-də 0,8% yavaşlama ehtimal edən Maliyyə Nazirliyi 2014-2030-cu illər üçün 13% artım proqnozlaşdırır. Qeyd edək ki, 2011-2013-cü illər ərzində Rusiyada ÜDM 13% artıb. Ölkədə real əməkhaqlarının 2014-cü il səviyyəsinə qayıtması isə yalnız 2025-ci ildə mümkün olacaq.

Həftənin daha bir önəmli hadisəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dünya iqtisadiyyatı üzrə proqnozunu açıqlaması oldu. Təşkilatın ekspertləri ABŞ və Avropa İttifaqının iqtisadi artım proqnozunu azaltsalar da, Braziliya iqtisadiyyatının kəskin düşəcəyini ehtimal edib. Onlar Çinin iqtisadi artımına dəyişiklik etməsələr də, Hindistanla bağlı proqnozlarını yüksəldiblər.

OECD yaxın ildə qlobal iqtisadiyyata dair poqnozunu azaldıb. Təşkilatn ekspertləri hesab edirlər ki, 2016-cı ildə dünya iqtisadiyyatı 3% (əvvəlki 3,3%), 2017-ci ildə isə 3,3% (əvvəlki 3,6%) artacaq. Beləliklə, 2016-cı il qlobal ÜDM artımı 2015-ci il səviyyəsində saxlanılıb və son 5 ilin ən aşağı göstəricisi olub. OECD-nin hesabatında deyilib ki, proqnozların azaldılmasına səbəb 2015-ci ilin son rübündə dünya ölkələrindən gələn zəif iqtisadi göstəricilərdir.

Ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatı 2016-cı ildə 2% artacaq (əvvəlki proqnoz 2,5%) ki, bu, 2015-ci ildə olan 2,4% artımdan da aşağıdır. Avrozona iqtisadiyyatı isə əvvəlki 1,8% artım proqnozundan 0,4 bənd az, yəni 1,4% artım göstərəcək. Braziliya iqtisadiyyatı 2016-cı ildə 4% azalacaq. Qeyd edək ki, keçən il də Braziliya ÜDM-i 3,8% azalmışdı. Çin iqtisadiyyatı üzrə OECD proqnozu 2016-cı il üçün dəyişməyərək 6,5% qalıb. Hindistanda iqtisadi artımın isə 0,1 bənd artaraq 7,4% olacağı ehtimal edilib.

Təşkilatın 2017-ci il üzrə proqnozları da müxtəlif inkişaf etmiş ölkələr üzrə 0,1-0,2 bənd azaldılıb.

FED-dən də xəbər var. ABŞ Mərkəz Bankı (FED) 2016-cı il üçün planladığı maksimum faiz nisbətlərində dəyişikliyə gedə bilər. Mərkəz Bankın Federal Açıq Bazar Komitəsinin 26-27 yanvarda keçirilən yığıncağının çərşənbə günü nəşr olunan protokollarına görə, bəzi komitə üzvləri, maliyyə bazarlarındakı son dalğalanmaların ölkə iqtisadiyyatı üçün riskli olduğu fikrindədir. Xatırladaq ki, FES rəhbəri Janet Yellen son - yanvar iclasında və fevral ayında Konqresdəki bəyanatlarda qlobal fond birjaları və maliyyə bazarlarında neqativ vəziyyət, qlobal iqtisadiyyatın resessiyaya girmə ehtimallarından söz açmışdı. Hətta ABŞ iqtisadiyyatının da resessiya mərhələsinə daxil olmasının mümkünlüyünü bildirmişdi. Qeyd edək ki, FES-in uçot dərəcəsini artırmaq ehtimalları artarsa, bu durum dolların daha kəskin möhkəmlənməsinə səbəb ola bilər. Dolların möhkəmlənməsi isə öz novbəsində yenidən digər maliyyə aktivlərinin, xüsusən də xammal qiymətlərinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda qlobal fond birjası indeksləri düşəcək, valyutalar devalvasiya təhlükəsi ilə üzləşəcək.

İngiltərədə işsizlik nisbəti keçən ilin üçüncü rübündə 5.1 faiz təşkil edib. Bu, ölkədə son 10 ilin ən aşağı işsizlik nisbəti deməkdir. İngiltərə Milli Statistika Ofisinin rəqəmlərinə görə, oktyabr və dekabr ayları arasında cəmi işsizlərin sayı əvvəlki üç aylıq dövrdəkindən 60 min nəfər az olmaqla 1,69 milyon nəfərə geriləyib. İşləyən ingilislərin sayı hesabat dövründə 278 min nəfər artaraq 28 milyon 280 min nəfərə yüksəlib.

"Goldman Sachs" bankı Çinin milli valyutası yuanın möhkəmlənməsinin Çindən kapital axınının dayandığı mənasını vermədiyini açıqlayıb. "Goldman Sachs" bankı hesab edir ki, yuan yenidən zəifləyəcək və kapital axını sürətlənəcək. Yuanın fevral ayında 1,3%-ə yaxın möhkəmlənməsini müvəqqəti olduğu bildirilib.

Almaniyanın "Commerzbank AG" Bankına görə isə yanvar ayında rekord həddə artan yeni yuan kreditləri şirkətlərin yeni iş qurmalarından çox, xarici borclarını ödəməyə istiqamətləndiyini göstərir. Çində daxili korporativ istiqrazların həcmi 2016-cı ildə ikiqat artdığı halda, xarici valyutada istiqrazların həcmi 30%-dək azalıb. "Goldman Sachs"a görə, 2015-ci ilin ikinci yarısında Çindən 550 mlrd. dollara yaxın kapital axını baş verib. Bankın hesablamalarına əsasən, yuanın hər 1% zəifləməsi 100 mlrd. dollardan çox kapitalın xaricə çıxmasına səbəb olur.

Nəzərə çatdıraq ki, 2009-2013-cü illərdə möhkəmlənən yuan Çin şirkətlərini ofşor dollar borcu alaraq yerli istiqrazlara yatırıb, həm faiz gəliri, həm də yuanın möhkəmlənməsindən valyuta mənfəəti əldə etmək imkanı yaradıb. 2014-cü ildən etibarən isə proses tərsinə dönüb və yuan zəifləməyə başladığından, investorlar mövqelərini bağlamağa başlayıblar. "Daiwa Capital" investisiya şirkətinə görə, hazırda Çin şirkətlərinin bu qəbildən olan xarici borcları 3 trln. dollara yaxındır və son iki ildə bunun yarısından azı ödənilib.

Beynəlxalq reytinqlər

“Standard&Poor's" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin azalması səbəbindən Səudiyyə Ərəbistanının suveren kredit reytinqini aşağı "A+" səviyyəsindən iki pillə azaldaraq "A-" səviyyəsinə endirib. Agentlik neft qiymətlərinin kəskin azalması fonunda Fars körfəzinin digər iki ölkəsi - Oman və Bəhreynin kredit reytinqini aşağı istiqamətdə dəyişib. Belə ki, Omanın suveren kredit reytinqi "BBB+"dan "BBB-"a, Bəhreyninki isə "BBB-"dan "BB"yə endirilib. Agentlik hesab edir ki, 16 və 17 fevral tarixlərində neft hasilatçısı ölkələrin keçirdiyi hasilatın dondurulması istiqamətindəki görüşlərin nəticələri neftin qiymətinə önəmli təsir etməyəcək. Buna görə də agentlik 2016-cı il üçün neft proqnozunu azaldaraq 40 dollar/barel, 2018-ci ilə kimi isə 50 dollar/barel olaraq ehtimal edib. "S&P" Səudiyyə Ərəbistanı ilə bağlı keçən ilin oktyabrında dərc etdiyi məruzədə isə neftin 2016-cı il üçün proqnozunu 55 dollar/barel, 2018-ci ilə kimi isə 70 dollar/barel olacağını açıqlamışdı. Buna baxmayaraq, agentlik digər körfəz ölkəsi Qətərin reytinqinə toxunmayaraq "AA" səviyyəsində təsdiq edib. Ekspertlər agentliyin bu qərarını Qətər hökumətinin inkişaf etməkdə olan infrastruktura, səhiyyə və təhsilə investisiya qoyaraq prioritetlərini müəyyən etmələri ilə əlaqələndiriblər. Agentlik Qətərin 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı davam edən layihələri uğurla başa çatdıra biləcəklərini qeyd edib.

“Moody's" beynəlxalq reytinq agentliyi Rusiyada ÜDM-nin 2016-cı ildə 2,5% azalacağını proqnozlaşdırıb. Agentlik bundan əvvəl ÜDM-in 2016-cı ildə 1% azalacağını ehtimal etsə də, neft qiymətlərinin enməsi üzündən proqnoza yenidən baxmalı olub.

Bildirək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi də yanvar ayında ÜDM-də proqnozlaşdırdığı 0,7%-lik artımı 0,8% azalmaya dəyişib. Həmçinin, nazirlikdən bildirilib ki, neftin barelinin qiymətinin 40 dollar olması halında büdcə kəsirinin 2,36 trln. rubl (31,5 mlrd. dollar) və ya ÜDM-nin 3%-ə bərabər olacağı, 25 dollar/barel olması halında isə büdcə kəsirinin ÜDM-nin 7,5%-nə qədər artacağı gözlənilir.

İş dünyası

“Apple” ağıllı cib telefonu iPhone və iPadın yeni modellərini mart ayının 15-də təqdim edəcək. Yeni iPhone modeli iPhone 5se, 4inç ekrana və Apple A8 prosessora sahibdir. 8 meqapiksel arxa kameranın olduğu cihaz 1 GB RAM ilə işləyir.

Yeni modellər "iPhone 5se" və iPad Air3-ün martın 18-də “Apple Store”lərdə satışa təqdim edilməsi gözlənilir.

Yapon avtomobil istehsalçısı “Toyota” təhlükəsizlik kəmərlərinin metal hissəsində təsbit edilən problem səbəbindən 2.87 milyon avtomobili geri çağırır.

Kanada və ABŞ-da baş verən yol qəzalarında təhlükəsizlik kəmərlərinin riskli olduğu təsbit edilən modellərin arasında dünya səviyyəsində satılan “RAV 4” və “Vanguard” modellərin olduğu deyilir.

“Toyota”nın geri çağıracağı avtomobillərin 1 milyondan çoxu Şimali Amerikada, 625 mini Avropa və 400 mindən çoxu Çindədir. Onu da bildirək ki, “Toyota” 2015-ci ildə ən çox avtomobil satan şirkət olub.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə.

Yola saldığımız həftə Statistika Komitəsi bir sıra rəqəmləri açıqladı. Məlum oldu ki, Azərbaycan əhalisi yanvarda kreditlər üzrə faizlərin ödənilməsinə 77 mln. manat xərcləyib, ÜDM 3,3% azalıb, Azərbaycan yanvarda neft hasilatını 4% aşağı salıb, ötən ay magistral neft kəmərləri ilə 4 mln. tona yaxın neft nəql edilib, əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib, əhaliyə verilən kreditlərin həcmi 17 faiz artıb, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Həftənin daha bir önəmli hadisəsi isə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilməsi olub. Qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır: "Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır".

Yenidən baxılacaq 2016-cı il icmal büdcə üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirib ki, 2016-cı il icmal büdcənin gəlirləri 15 mlrd. 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. "Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcəni neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabınadır", - deyə o bildirib.

S. Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib: "2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2% azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz-bənd çoxdur".

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm