Mərkəzi Bankın aprel planları – RƏY
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın aprel planları – RƏY

Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatı 9 aylıq fasilədən sonra yenidən artıb. Ötən ay artım 39,5 milyon dollar olub və bununla da baş bank ehtiyatlarını $4 milyardlıq psixoloji həddən bir qədər uzaqlaşdırmağa müvəffəq olub. Hazırda ehtiyatın həcmi 4 milyard 65 milyon 800 min dollardır.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev deyib ki, Neft Fondunun son aylar valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib: “Hətta ötən ay Mərkəzi Bank ümumiyyətlə satış həyata keçirməyib və valyuta hərraclarında satılmış 482 milyon dolların hamısı Neft Fonduna məxsus olub. Məhz buna görə Mərkəzi Bank ehtiyatlarını qoruya bilib”.

Artımın nə ilə bağlı olmasına gəlincə, iqtisadçı deyir ki, bu barədə Mərkəzi Bank heç bir məlumat açıqlamır: “Bank ən yaxşı halda illik hesabatda qısa məlumatla kifayətlənir. Ona görə də artımın məhz nəyin hesabına baş verdiyini müəyyənləşdirmək çox çətindir. İlk versiya onunla bağlıdır ki, Neft Fondunun hərraca çıxartdığı və bankların almadığı dolların bir hissəsi Mərkəzi Bank tərəfindən alına bilər. Pul bazasının 147 milyon manat artması da dollar alışı fikrini möhkəmləndirir. Ancaq başqa amillər bunun əleyhinədir. Əvvəla, əgər Mərkəzi Bank hərrac vasitəsilə Neft Fondunun dollarını alsaydı, bu barədə məlumat yayılardı. Belə məlumat isə olmayıb. Həm də Neft Fondunun büdcə transferti üçün orta aylıq limiti 400 milyon dollar civarındadır. Mart ayında isə Fond 482 milyon dollar satıb. Ona görə Fondun artıq dollar satışına ehtiyacı yoxdur. Deməli, bu versiya inandırıcı görünmür.

Fikrimcə, artım Mərkəzi Bankın valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verib. Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən 1/3-ni təşkil edən avro dollara münasibətdə mart ayında 5,4% artaraq $1.08-dən $1.138-ə yüksəlib. Bu isə təxmini hesablamalara görə, dollar ifadəsində 60-65 milyon əlavə artım deməkdir. Ötən ay ehtiyatda üçüncü ən böyük paya malik ingilis funtu dollara nisbətən 3,3% bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-i tarixinə yenidən qiymətləndirilməsi nəticəsindən ehtiyatların artımı baş verib.

Aprel ayında nə gözləmək olar? Hər şey Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq. Əhali tərəfindən psixoloji təsir altında dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Çünki dollar təklifinin artması Mərkəzi Bank alışı həyata keçirtməyə məcbur edə bilər. Ancaq manatın möhkəmlənməsi, yəni 1.50 həddindən də yuxarı qalxması hökumətə sərf etmir. Neft Fondunun digər öhdəlikləri onu bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyardan aşağı düşməsinə imkan verməyəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm