Sahibkarlara mühüm dəstək: Problemlər həll edilir
Bizi izləyin

Ekopublika.az

Sahibkarlara mühüm dəstək: Problemlər həll edilir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Səhmdar Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

Səhmdar Cəmiyyətin yaradılmasının kənd təsərrüfatına gətirəcəyi dividendləri Publika.az-a “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov şərh etdi. O, bildirdi ki, burada əsas məqsəd ərzaq məhsullarının istehsalçıları və satıcılarından məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Onun sözlərinə görə, Qərar ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını kifayət qədər stimullaşdıra biləcək. F.Yusifov deyir ki, sərəncamda nəzərdə tutulan addımların atılması nəticə etibarilə ölkədə məhsul bolluğunun yaradılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq: “Bu isə indiki dönəmdə çox mühüm bir məsələdir”.

İqtisadçı bildirib ki, büdcə təşkilatlarının ərzaq məhsullarına olan tələbatının bu qaydada ödənilməsi bir tərəfdən bu məsələdə indiyə qədər mövcud olmuş pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, digər tərəfdən xaricdən gətirilərək büdcə təşkilatlarına satılan keyfiyyətsiz məhsulların qarşısı alınacaq: “Nəticədə ölkədən daha az valyuta çıxarılacaq. İstehsalçı isə artıq məhsulunun alınacağını əvvəlcədən bilib, onu yüksək səviyyədə becərməyə çalışacaq. Bir sözlə, məlum qərar ərzaq təchizatı ilə bağlı bir çox problemlərin həllini təmin edəcək”.

Nəzərə çatdıraq ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu formalaşdırılıb. Nazirlikdən bildirirlər ki, Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını satmaqları üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” Qaydası ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq.

O da qeyd edilir ki, Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə ilə verilən fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm