Supermarketlərin güzəşt tələbi: Qeyri-ciddi təklif, yoxsa qazanc oyunu – RƏY
Bizi izləyin

Ekopublika.az

Supermarketlərin güzəşt tələbi: Qeyri-ciddi təklif, yoxsa qazanc oyunu – RƏY

Supermarket şəbəkələrinin rəhbərlərinin İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifi müzakirə mövzusu olaraq qalır. Görünən odur ki, məsələyə münasibət birmənalı deyil.

İqtisadçı-ekspert Rəşad Əliyev Publika.az-a şərhində bildirib ki, müraciəti ciddi qəbul etmək olar, ancaq məktubdakı təklif çox qeyri-ciddidir: “Səbəb isə odur ki, məktubda ƏDV-nin differensiallaşdırılması yox, ƏDV-dən azad olunması yox, məhz nədənsə ƏDV-nin 0%-lə cəlb edilməsi təklif olunur. Məsələn, ilkin tələbat məhsulları dedikdə nə nəzərdə tutulur? Əgər söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, bu halda mövcud qanunvericiliyə uyğun olaraq, istehsalçılar istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ümumiyyətlə ƏDV-dən azaddır. Bununla yanaşı həmin fəaliyyət üzrə həmin istehsalçılar hətta mənfəət vergisi və əmlak vergisindədə azaddırlar. Bu cür vergiqoyma sistemi həmin istehsalçıları tam olaraq qane edir. Burada əlavə olaraq ƏDV-nin 0% tətbiq edilməsi təklifi isə tam məntiqsizdir. Çünki, kənd təsərrüfatı istehsalçıları hazırda ƏDV-dən azad olduqları üçün məhsul istehsalı ilə bağlı xərcləri üzrə (məsələn yanacaq və s.) ödədikləri ƏDV məbləğini maya dəyərinə salırlar. ƏDV 0% olacağı təqdirdə isə həmin istehsalçılar ödədikləri həmin ƏDV məbləğlərini büdcə ilə haqq hesabda ya geri alacaqlar, ya da digər vergi tədiyyələri ilə haqq-hesab edəcəklər. Belə çıxır ki, büdcə ehtiyac olmayan yerdə əlavə itkilərə gedəcək. Hazırkı vergiqoyma sistemi həmin istehsalçıları qane edir, çünki mövcud sistem onsuzda güzəştlidir. Burda əlavə güzəştə ehtiyac yoxdur”.

Ekspert deyir ki, ölkədə istehsal olunan kənd təsərrüfatı mallarının supermarketlərdə satışının 0% ƏDV ilə satışı texniki cəhətdən də çətin olacaq: “Elə məhsullar var ki, onlar idxal olunur və gömrükdə onlar ƏDV-yə cəlb edilir. Təklif edilir ki, güzəşt yerli istehsala tətbiq edilsin və bu o deməkdir ki, idxal məhsullarının satışı köhnə qayda ilə ƏDV 18%-lə cəlb olunsun. Məsələn supermarketdə kartof gördükdə haradan bilmək olacaq ki, bu idxaldı, yoxsa yerli istehsal? Bu məhsullardan hansı ƏDV-yə 0%-lə, hansı 18%-lə cəlb olunmalıdır. Eyni cür mandarin, alma, soğan, kök və s. Haradan biləcəyik ki, açıq satılan kərə yağı idxal yox, yerli istehsaldır. Bu cür yanaşma böyük sui-istifadələrə yol açır. Eyni adda mal satış zamanı vergiyə eyni qaydada cəlb edilməlidir. Bu adi məntiqdir. Burada digər incəliklər də var, ancaq onları sadalamağa dəyməz. Çünki bu işdə ƏDV-nin 0% məsələsini ümumiyyətlə unutmaq lazımdır”.

O ki qaldı ƏDV-nin differensiallaşdırılmasına, mütəxəssis deyir ki, bir çox istehsalçılar və satış şəbəkələri buna böyük ümid bəsləyirlər: “Çünki ilk olaraq buna vergiqoymanın prinsipləri ilə yanaşmaq lazımdır. ƏDV dolayı vergi hesab edilir və buna görə də onun ödəyicisi son nəticədə istehlakçı hesab edilir. Yəni supermarket məhsulun üzərinə 18% ƏDV əlavə edib satır, alıcı isə həmin məhsulu həmin qiymətə alır. Yəni satıcı faktiki olaraq o pulu alıcıdan alır. Buna görə də satıcı üçün ƏDV-nin 5, 10, 18 və ya 25% olmasının heç bir əhəmiyyəti yoxdur. Deməli ƏDV digər vergi növlərindən fərqli olaraq (məsələn, mənfəət vergisi, əmlak vergisi) vergi yükü yarada bilməz. Bütün bunları nəzərə aldıqda ƏDV-nin aradan qaldırılmasının vergi yükünün azaldılması aləti kimi baxılması məntiqsizdir. ƏDV bütün dünyada olduğu kimi istehlakçıya hesablanmış vergidir. Bu, bütün dünyada belədir və əgər kimsə başqa cür fikirləşirsə, deməli burada verginin özəlliklərinə aid olmayan başqa məsələlər var. Məsələn, supermarketlər iddia edirlər ki, onlar kənd təsərrüfatı mallarını alanda üstünə ƏDV gəlməli olurlar və bu məbləğ son nəticədə onlardan çıxır. Bu yanaşma ilə ola bilər. Məsələn, 10 manatlıq malın üstünə 18% gəlməklə market onu 11,80 manata satır. ƏDV diferensiallaşdırılaraq həmin mal üçün 10% olasa, supermarket həmin malı sizə 11 manata (10 manat+10%) satacaqmı?”

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva hesab edir ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir və müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil. ƏDV-nin diferensiallaşdırılmasına gəlincə, S.Musayeva qeyd edir ki, nazirlik pərakəndə ticarətdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıdır: “Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər”.

Nazirlikdən o da bildirilib ki, Azərbaycanda vergilərlə bağlı bütün dəyişikliklər ali qanunvericilik hakimiyyəti olan Milli Məclisdə müvafiq qanunların qəbul edilməsindən və onların ölkə başçısı tərəfindən imzalanmasından sonra həyata keçirilir: “Vergi Məcəlləsinə dəyişikliklər olunması zərurəti yarandıqda, müvafiq qanun layihələri hazırlanaraq, Milli Məclisə təqdim edilir. Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən indiyə kimi bütün tədiyyə növləri üzrə vergi dərəcələri yalnız azaldılıb, məsələn, mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirilib”.

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı yaranan problemlərə gəldikdə, Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov bildirir ki, vergi nəzarəti tədbirlərində aşkar edilən əsas problemlərdən biri ƏDV ödəyicilərinin bir çox hallarda aparılan əməliyyatlara dair ilkin uçot sənədlərinə malik olmaması, yaxud müvafiq qaydada tərtib edilməyən sənədlərlə işləmələri ilə bağlıdır: “Belə ki, malların dəyəri nağd qaydada ödənilir və malın kimdən alındığını müəyyən etmək mümkün olmur. ƏDV ödəyiciləri gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı olan ilkin sənədlərlə təsdiq edilən xərcləri (təqdim etdikləri malların alış qiyməti, əməkhaqqı, kommunal, icbari ödənişlər və s.) çıxdıqdan sonra qalan məbləğin 20%-i həcmində mənfəət (gəlir) vergisi ödəyirlər. Eyni zamanda, ƏDV-nin ödəyicisi olduğu tarixdən həmin şəxslər təqdim etdikləri malların dəyərindən 18% dərəcəsi ilə ƏDV hesablamalı və ƏDV ödəyicisindən ƏDV ödəməklə aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini müəyyən olunmuş şərtlər daxilində əvəzləşdirməlidirlər. Yəni, alınmış mallara görə elektron vergi hesab-fakturası təqdim edilməli, alınmış malların dəyərini satıcının bank hesabına, malların dəyərinə hesablanmış ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürməlidir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və bu problemi yaradanların özləri sonradan şikayətlənməyə başlayırlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm