Ekopublika.az
Rusiyanı məhvə sürükləyən Avropa, güclənən rəqiblər - HESABAT
Yola saldığımız həftə bazarlar FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin iclasında veriləcək qərarlarla çalxalandı. Əvvəla iclas öncəsi əsas fond birja indeksləri ucuzlaşdı. Konkret olaraq Amerikanın səhm bazarı itkilər yaşadı, Asiya Pasifik birjalarını izləyən MSCI indeksi həftənin əvvəlində 0.4 faiz, Yapon Nikkei indeksi iki ayın ən aşağı səviyyəsinə gerilədi. Nəhayət, çərşənbə günü toplaşan FED üzvüləri gözləntilərin əksinə olaraq siyasət faizini dəyişdirmədi. Yunanıstan isə axır ki, Avropa Komissiyasinda istədiyi pulu qopardı. Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il də uzadıldı.
Başlayaq FED-in iyun toplantısından. ABŞ Mərkəzi Bankının pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük toplantısı başa çatdı. Müzakirələrdə bir sıra vacib qərarlar alındı. FED siyasət faizini (0,25-0,50 aralığında) sabit saxladı, bununla da kifayətlənməyərək, iqtisadi proqnozlarını gücləndirdi. Konkret olaraq, builki artım proqnozunu 2,2 faizdən 2,0 faizə endirdi. Gələcəklə bağlı artım gözləntisini isə 2,1 faizdən 2,0 faizə saldı. İşsizlik nisbətinə dair proqnozunu 2016-cı il üzrə 4,7, 2017-ci il üzrə 4,6 faizdə sabit saxladı. Əvəzində 2018-ci ilə dair proqnozunu 4,5-dən 4,6 faizə yüksəltdi.
O cümlədən, ortalama inflyasiya proqnozunu 1,2 faizdən 1,4 faizə qaldırdı. Baza inflyasiya gözləntilərini 2016-2017-ci il üzrə 0,1 faiz artıraraq, müvafiq olaraq 1,7- 1,9 faizə yüksəltdi.
Bazarların diqqətini daha çox FOMC üzvlərinin göstərici faiz nisbətini dəyişdirməməsi cəlb etdi. Lakin bu, gələcək toplantılarda faiz nisbətinin artırılmayacağı anlamına gəlmir. Çünki FOMC 2016-cı ilin sonuna faiz nisbətinin 0,9-a yüksəlməsini gözləyir. Bir qism ekspert FED-in il ərzində keçiriləcək son 4 toplantısında 25 əsas ballıq 2 faiz artımına gedəcəyini düşünür. Bir qism isə ABŞ-da mövcud şərtlərin davam edəcəyi halda növbəti 30 ay və ya daha uzun müddət ərzində birdən çox faiz artırımına ehtiyac olmayacağını deyir. ABŞ Mərkəzi Bankının Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard bildirir ki, ABŞ iqtisadiyyatı gələcəkdə də ləng böyümə meylində olacaq: “Gələcək 2.5 il ərzində birdən çox faiz artırımına ehtiyac olmayacaq”.
Bullard hazırda ABŞ-da iqtisadi artım, işsizlik və inflyasiyanın gedişinin faiz artımını tələb etməyəcək qədər dəyişməz olduğunu bildirib: “Gələcək 2.5 il üçün münasib faiz 0.63 faizdir”.
Bu arada, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hazırladığı hesabatda ABŞ-da gəlir bərabərsizliyinin artmaqda davam etdiyi qeyd olunub. OECD bununla bərabər ölkədə gəlirləri az olanların ən çox qadınlar və azlıqlar olduğunu bəyan edib. Qurum Vaşinqtona da minimum məvacibin artırılması mövzusunda tövsiyə irəli sürüb.
Həftə Yunanıstan üçün düşərli oldu. Avro Qrupu Maliyyə Nazirlərinin Lüksemburq yığıncağında bu ayın sonuna qədər Yunanıstana maliyyə yardımı paketi daxilində 7.5 milyard avro göndərilməsinə qərar verdi. Avropa Komissiyasının iqtisadi işlərdən məsul komissarı Pierre Moscovici Afinanın məsuliyyətini yerinə yetirdiyini bəyan etdi: “Böyük irəliləyiş qeydə alınıb. Bu səbəbdən çox xoşbəxtəm. Bir neçə dəqiqə əvvəl keçirdiyimiz yığıncağın sonunda Yunanıstana 7.5 milyard avro yardım edilməsi mövzusunda razılaşma əldə etdik. Məncə, bu, həqiqətən də Yunan iqtisadiyyatına oksigen verəcək. Bu, gözlədiyimiz və istədiyimiz şeydir”.
Xatırladaq ki, Avro Qrupu Maliyyə Nazirləri keçən ay Brüseldə keçirilən toplantıda müəyyən şərtləri yerinə yetiriləcəyi halda Yunanıstana 10.3 milyard avroluq yeni xilas paketi göndərilməsini təsdiqləmişdi.
İngiltərədə isə “Brexit” yaxınlaşdıqca vəziyyət daha da qəlizləşir. Ölkənin Mərkəzi Bankı referendumdan əvvəl son xəbərdarlıqlarını edib. Bankın qənaətinə görə, ölkə Avropa Birliyindən ayrılarsa, bu iqtisadiyyata mənfi təsir edəcək, sterlinq sürətlə dəyər itirəcək. Bank referendumunun qlobal bazarlar üçün də böyük risk yaratdığını bildirib.
Avro bölgəsində illik inflyasiya mənfi sahədə qalmaqda davam edir. Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı rəqəmlərə görə, 19 üzvdən ibarət bölgədə illik inflyasiya may ayında mənfi 0.1 faiz təşkil edib. Son baza inflyasiyası isə illik 0.8 faiz artıb. İllik inflyasiyaya ən çox restoranların, kafelərın, kirayələrin və tütün məhsullarının bahalaşması təsir edib.
Avropa Mərkəz Bankının (ECB) qiymət sabitliyini təmin etmək üçün verdiyi radikal tədbirlər çərçivəsində 2 faizə yaxın inflyasiya hədəflənmişdi.
Yaponiya Mərkəz Bankından (BOJ) da xəbər var. Bank pul siyasətində dəyişikliyə getmədi. Beləcə, göstərici faizi mənfi 0.1 faiz səviyyəsində tutuldu. Ayrıca pul döşəməsinin illik 80 trilyon (764 milyard dollar) səviyyəsində genişləndirilməsi hədəfləndi. Bank siyasətində dəyişiklik etməməsinə səbəb kimi qlobal bazarlardakı naməlumluğu göstərildi.
Həftə ərzində dünyada ən çox neft istehsal və istehlak edən ölkələrin adları da bəlli oldu.
BP-nin açıqladığı “Dünya Enerji Statistikası Hesabatı”na əsasən dünya üzrə ötən il ən çox neft istehsal edən ölkə Səudiyyə Ərəbistanı olub. Səudiyyə 568 milyon 500 min ton neft istehsal edib. Ən çox neft istehlakı isə ABŞ-ın payına düşüb. ABŞ 851 milyon 600 min ton neft istehlak edib. Ötən il dünyada ümumilikdə 13 milyard 147 milyon 300 min ton neft ekvivalenti enerji istehlak olunub. Bu enerji istehlakının tərkibində neft 32,9%-lik payla ilk yeri tutub.
Dünyada neft hasilatı keçən il 2014-cü illə müqayisədə 3,2 faiz artaraq 4 milyard 361 milyon 900 min ton olub. Dünyadakı ümumi neft hasilatının 13%-ni Səudiyyə Ərəbistanı təmin edib. Ən çox istehlak da 19,7 faiz ilə ABŞ tərəfindən reallaşdırılıb.
Neft istehsalında dünyada ilk yeri tutan Səudiyyə Ərəbistanı istehsal səviyyəsini keçən il 2014-cü illə müqayisədə 4,6% artıraraq 568 milyon 500 min tona çatdırıb. Səudiyyə Ərəbistanının ardınca 567 milyon 200 min tonla ABŞ və 540 milyon 700 min tonla Rusiya gəlir.
Keçən il 2014-cü illə müqayisədə neft hasilatını ən çox artıran ölkə isə 22,9% ilə İraq olub. Ölkədə istehsal 160 milyon 300 min tondan 197 milyon tona qalxıb.
Rusiya ilə Qərbin ulduzları isə yenə barışmadı. Avropa Birliyi (AB) Krımın və Sevastopolun işğalına görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il də uzatmağa qərar verdi.
AB Şurasından verilən açıqlamadan məlum olur ki, sanksiyaların tətbiqi 2017-ci ilin iyunun 23-nə qədər uzadılır. Sanksiyalara görə, AB vətəndaşları və şirkətlərinin Krım, eləcə də Sevastopolda fəaliyyətləri məhdudlaşdırılır. O cümlədən birlik ölkələrinə bu bölgələrdən məhsul idxalına icazə verilmir. Heç bir AB vətəndaşı və ya AB şirkəti Krımda, Sevastopoldan əmlak ala bilməz. Bu rayonlardakı şirkətlərə maliyyə ayıra bilməzlər.
İş dünyası
Rusiya Mərkəzi Bankı (RMB) ölkənin 6 sığorta şirkətinin lisenziyasını geri çağırıb. Bunlardan 3-ü könüllü şəkildə lisenziyalaşdırılmış fəaliyyətdən imtina edib. Söhbət "Meqaruss-D", "Qrajdanski Stroxovoy Dom" ("Mülki Sığorta Evi") və "Yuqoriya-Med" şirkətlərindən gedir. Digər 3 sığorta şirkəti isə müxtəlif formalarda qanunvericiliyin tələblərini pozub. Belə ki, onların maliyyə sabitliyi və sığorta ehtiyatları əsasında investisiya qoyuluşu normativ tələblərə cavab verməyib. Bu, "Univers-Qarant", "Mejotraslevoy Straxovoy Tsentr" ("Sahələrarası Sığorta Mərkəzi") və "Respublikanskiy Straxovoy Dom" ("Respublika Sığorta Evi") şirkətləridir.
Çinin ən böyük elektron pərakəndə nəhəngi - “Alibaba” şirkətin 2020-ci ildə mal həcmini 912 milyard dollar yüksəldəcəyini bəyan edib. Çinin Hangzou şəhərindəki konfransda çıxış edən İdarə heyətinin rəhbəri Jak Ma saxta mallarla mübarizəyə nəzarəti artıracaqlarını söyləyib.
Şirkət 2036-cı ildə qeydiyyatda olan istehlakçı sayının 2 milyarda çatmasını hədəfləyir. 2016-cı ildə aktiv istifadəçi sayının isə 423 milyon nəfərə yüksəlməsi gözlənilir.
Gəldik çıxdıq öz ölkəmizə...
Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayırmağı qərara aldı. Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib. Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq.
“Şahdəniz" yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez həyata keçirilir”. Bunu isə energetika naziri Natiq Əliyev deyib.
O, sözlərin belə davam edib: “Yataq daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir. Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır. Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür. Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən, qaz yatağının II fazasını inkişaf etdirmək istəyirik. Cənub Qaz Dəhlizi layihəsinə yatırılacaq sərmayə də olduqca nəhəngdir - 45 mlrd. dollar”.
İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan N.Əliyev qeyd edib ki, TAP-ın inşaat işləri bu il başlayaraq 2019-cu ildə başa çatacaq və ilk qaz İtaliyaya 2020-ci ildə çatacaq. Onun sözlərinə görə, "Şahdəniz" yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur: “Dəniz dibindəki quyular hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur. 2019-cu ildə qazı Türkiyəyə, növbəti ildə Avropa və İtaliyaya nəql edəcəyik. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac var. Həmin icazələrin alınması da işin sürətinə təsir edəcək”.
Məndən bu qədər…
Leyla Əliyeva
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı