"Tax free" satıcılardan nələri tələb edir?
Bizi izləyin

Ekopublika.az

"Tax free" satıcılardan nələri tələb edir?

ƏDV-nin qaytarılması (“tax free”) şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyul tarixli fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nda deyilir.

Qaydaya əsasən, satıcı aşağıdakı tələblərə cavab verməlidir:

- ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir;

- pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;

- pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına (NKA) və işlək vəziyyətdə olan Pos-terminala malik olmalıdır;

- Azərbaycan Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır.

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün Azərbaycan Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edir. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir). Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.

Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınır və ona bu barədə təsdiqedici sənəd təqdim edilir.

Həmçinin vergi ödəyicisi ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alındıqdan sonra operator və satıcı arasında forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş xidmət müqaviləsi bağlanır.

Qeyd olunur ki, satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir.

Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına Vergilər Nazirliyi tərəfindən və ya məhkəmə qaydasında aşağıdakı hallarda xitam verilir:

- fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqda;

- vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

- satıcı Azərbaycan Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;

- satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;

- satıcının ƏDV qeydiyyatı ləğv edildikdə;

- satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə qanunla müəyyən edilmiş qaydada xitam verildikdə;

- vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və bununla bağlı məhkəməyə şikayət verilmədikdə;

- bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

- bu barədə satıcının müraciəti olduqda.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm