FED-in faiz çıxmazı, çalxalanan Avropa, tənəzzüldə olan neft şirkətləri - HESABAT
Bizi izləyin

Ekopublika.az

FED-in faiz çıxmazı, çalxalanan Avropa, tənəzzüldə olan neft şirkətləri - HESABAT

Yola saldığımız həftə dünya bazarlarının diqqəti Federal Açıq Bazar Komitəsinin toplantısına yönəldi. Avropa Statistika Ofisi, ABŞ Ticarət Nazirliyi isə iqtisadi göstəricilərini açıqladı. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirmədi. Dünya Bankı 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırdı. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ümumi valyuta ehtiyatları 1 milyard 284 milyon dollar azaldı.

Başlayaq FED-dən. ABŞ Mərkəzi Bankı FED-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul toplantısı başa çatdı. FED faizləri dəyişdirmədi. Lakin ABŞ iqtisadiyyatına olan risklərin azaldığını və məşğulluq bazarının yaxşılaşdığını bildirərək, bu il ərzində faiz artırmaq üçün əlverişli şəraitin yaranmağa başladığını qeyd etdi. Beləliklə, azı bir faiz artımı üçün qapını açıq qoydu.

Lakin ABŞ Ticarət Nazirliyinin açıqladığı rəqəmlər bu gözləntini 50-50 yə endirdi. Nazirliyin məlumatına görə, ölkə iqtisadiyyatı ilin 2-ci rübündə 1.2% artıb. Bu artım ekspertlərin gözləntiləridən aşağıdır. Çünki “Bloomberg”in sorğusuna qatılan ekspertlərin gözləntisi 2.5% idi.

2-ci rübdə şəxsi xərclər illik müqayisədə 4.2% artıb, bu 2014-ci ilin sonundan bəri ən böyük artımdır. Gözlənti 4.4% idi.

İlk rüb üzrə iqtisadi artım nisbəti isə 1.1%-dən 0.8%-ə salınıb. FED üzvlərinin faiz artırmaq üçün davamlı yaxşılaşma axtardığı şəraitdə bu məlumat mənzərəyə dair riskləri artırır.

Avropa Statistika Ofisi (Eurostat) isə bölgədə işsizliklə bağlı son vəziyyəti xalqa ərz etdi. Məlum oldu ki, 19 üzvü olan Avro Bölgəsində işsizlik iyunda may ayındakı səviyyəsini saxlayaraq 10,1 faiz olub. Həmin dövrdə işsizlik nisbəti 28 üzvü olan Avropa Birliyində (AB) 8,6% ilə bir ay əvvəllə müqayisədə dəyişməyib.

AB-də işsizlərin sayı iyun ayında 20 milyon 986 min nəfər təşkil edib. Bunun 16 milyon 269 min nəfəri avro zonasının payına düşüb. İşsizlərin sayı iyunda əvvəlki ayla müqayisədə AB-də 91 min, Avro Bölgəsində 37 min nəfər azalıb. Ötən ilin iyun ayına nisbətən isə işsizlərin sayı AB-də 2 milyon 114 min və Avrozonada 1 milyon 363 min nəfər azalıb.

AB-də may ayında ən aşağı işsizlik 4%-lə Maltada qeydə alınıb. Növbəti yerlərdə 4,1%-lə Çexiya və 4,2%-lə Almaniya gəlir. Ən yüksək işsizlik 23,3%-lə Yunanıstanda , 19,9%-lə İspaniyada olub. Ümumiyyətlə, əvvəlki illə müqayisədə AB-də işsizlik nisbəti 25 ölkədə geriləyib. Belçika və Estoniyada dəyişməyib, Avstriyada isə artıb.

Rusiya Mərkəzi Bankından (RMB) da xəbər var. Bankın Direktorlar Şurası uçot dərəcəsinin 10,5% səviyyəsində saxladı. Bildirdi ki, inflyasiyanın dinamikası və iqtisadi aktivliyin güclənməsi RMB-nin əsas baza proqnozuna uyğun gəlir. Bununla belə, qiymət artımı gözlənilən səviyyədə deyil. Odur ki, inflyasiya üzrə proqnoza çatmaq məqsədi ilə sərt pul kredit siyasətinin davam etdirilməsinə, uçot dərəcəsinin sabit saxlanılmasına qərar verildi.

Qurumun uçot dərəcəsi ilə bağlı növbəti iclası sentyabın 6-na nəzərdə tutulub. Xatırladaq ki, 2015-ci ilin avqust ayında Rusiyada uçot dərəcəsi 11% olub. RMB-nin ötən ay keçirilmiş iclasında isə sözügedən göstəricinin 0,5% azaldılması barədə qərar qəbul edilib.

İclas ərəfəsində açıqlama verən bir sıra iqtisadçı-ekspertlər də RMB-nin uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırırdı. Onların fikrincə, bu qərar valyuta bazarının dinamikasına təsir edə bilər.

Bununla yanaşı, mütəxəssislər Rusiyada büdcə siyasəti ilə bağlı qeyri-müəyyənliyin olduğunu əsas gətirərək sentyabrda uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılacağını proqnozlaşdırırlar.

Dünya Bankı (DB) isə 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırdı. DB neftin qiyməti ilə bağlı proqnozunu 41 dollar/bareldən 43 dollar/barelə qədər yüksəltdi. Bankın hesabatına görə, bu ilin ikinci rübündə neft qiymətlərində 37%-lik sıçrayış qeydə alınıb. “Biz 2016-cı ilin ikinci yarısında neft qiymətlərinin bir qədər yüksək olacağını gözləyirik”, - deyə Bankın iqtisadçısı Con Baffes deyib.

DB həmçinin gələn il metalların qiymətinin 10% düşəcəyini proqnozlaşdırır: “Apreldə isə bu azalma kəskin şəkildə (8,2%) müşahidə ediləcək. Bu il enerji daşıyıcılarının qiyməti 16,4% ucuzlaşıb, apreldə isə azalma 19,3% olub”.

Banklardan söz düşmüşkən, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ümumi valyuta ehtiyatlarının 1 milyard 284 milyon dollar azalaraq 101 milyard 827 milyon dollara düşdüyünü bəyan etdi. Bankın valyuta ehtiyatları əvvəlki həftə 103 milyard 111 milyon dollar səviyyəsində olub. Bu dövrdə qızıl ehtiyatlarında dəyişiklik olmayıb. Qızıl ehtiyatları 19 milyard 600 milyon dollar təşkil edib.

İş dünyası

Dünyanın yeddi böyük neft şirkətinin sırasına daxil olan Hollandiyanın “Shell”, Böyük Britaniyanın “BP” və Fransanın “Total” şirkətlərinin qazancının ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə azaldığı ortaya çıxdı. Neftin qiymətində 2014-cü ildən bu yana yaşanan eniş, enerji şirkətlərinin qazanclarını əhəmiyyətli dərəcədə azaldıb. Keçən ilin ikinci rübündə 62 dollar olan brent neftinin bareli bu ilin eyni dövründə ortalama 46 dollara enib.

Şirkətlər rəsmi saytlarında verdikləri rəsmi şərhlərdə bildiriblər ki, bu ilin üç aylıq dövründə qazancları keçən ilin eyni dövrünə nisbətən azalıb.

“Royal Dutch Shell”in qazancı ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 72 faiz azalaraq, 1 milyard 45 milyon dollara düşüb.

BP-nin də gəliri azalıb. Şirkətdən verilən şərhdə bildirilir ki, ikinci rübdə şirkətin dəqiq qazancı 45 faiz azalaraq 720 milyon dollara geriləyib. BP-nin rəhbəri açıqlamasında onları çətin müddətin gözlədiyini, amma yeni layihələr üzərində işlədiklərini söyləyib.

Bu ilin ikinci rübündə aşağı qazanc əldə edən daha bir ölkə “Total” olub. Şirkətin qazancı hesabat dövründə keçən ilin müvafiq dövrünə nisbətdə 30 faiz azalaraq 2,2 milyard dollara geriləyib. “Total” bu il xərclərini 2,4 milyard dollar azaldıb.

“Microsoft” isə il ərzində 2850 işçisini ixtisar etməyi düşünür. İxtisarlar şirkətin mobil bölümünə təsir edəcək. Eyni zamanda ixtisarların 2017-ci maliyyə ilinə qədər başa çatması gözlənilir. 2016-cı ilin may ayında Microsoft Finlandiyadakı 1,3 min nəfər işçisini ixtisar edəcəyini bildirmişdi.

Türkiyə isə turistlərdən şikayət edir. Cari ilin ikinci rübündə Türkiyənin turizmdən gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 4 milyard 981 milyon 318 min dollar olub. Türkiyənin Statistika Təşkilatı (TÜİK) bildirir ki, turizm gəlirləri ilin ikinci rübündə keçən ilin eyni dövrünə nisbətdə 35,6 faiz azalıb. Nəticədə 4 milyard 981 milyon 318 min dollara düşüb. Turizm gəlirinin 77,1 faizi xarici ziyarətçilərdən, 22,9 faizi isə xaricdə yaşayan türklərdən əldə edilib.

Xərcləmələrin 4 milyard 73 milyon 3 min dollarını fərdi xərcləmələr meydana gətirib. İkinci rübdə adam başına ortalama xərcləmə 665 dollar olub. Xaricilərin ortalama xərcləri 602 dollar, xaricdə yaşayan, Türkiyəyə səfər edən türk vətəndaşlarının ortalama xərcləri isə 973 dollar civarındadır.

Türkiyəyə gələn xaricilərin sayı 30,3 faiz azalaraq 7 milyon 495 min 35 nəfər təşkil edib. Bunun 84,5 faizi sırf xaricilər,15,5 faizi xaricdə yaşayan türklərdir.

Turizm xərcləri də azalıb. Bu xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 1 milyard 509 milyon 693 min dollara düşüb.

Xarici ziyarət edən türk vətəndaşlarının sayı da 17,3 faiz azalaraq, 2 milyon 35 min 818 nəfər olub. Onların adambaşına ortalama xərcləri 742 dollar məbləğindədir.

Gəldik çıxdıq öz ölkəmizə…

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-nin əmanətçilərinin pullarını necə alacaqları bəlli oldu. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirdi ki, 110,714 mln. manat əmanəti ödəmək üçün agent bank qismində bağlanmış bankların özləri çıxış edəcək.

O ki qaldı qorunmayan əmanətlərə, “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərdə 40 mln. manata yaxın qorunmayan əmanəti bağlanmış banklar özləri ödəyəcəklər. Fond sədrinin sözlərinə görə, həmin vəsaiti sahiblərinə qaytarmaq üçün bankların kifayət qədər imkanları var.

Daha bir önəmli xəbər əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (PetroKimya) Holding"in baş direktoru və İdarə Heyətinin üzvü Sadəddin Qorqudun vəzifəsindən azad edilməsi oldu. Onun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin ("SOCAR Greece") icraçı direktoru Anar Məmmədov təyin edildi. Kadr islahatının Türkiyədəki çevriliş cəhdi ilə bağlı olduğu irəli sürülsə də SOCAR bunu təkzib etdi. Şirkətdən deyildi ki, “Petkim” də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.

Nəhayət, Avropa Komissiyası Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəmərinə -Trans Anadolu Qaz Boru Kəməri Layihəsinə (TANAP) kommersiya əməliyyatları və qurğuların idarəetmə sistemləri işləri üçün 3,5 milyon avroya qədər qrant ayırdı. Bu, TANAP-ın Avropa Komissiyasından aldığı dördüncü yardımdır (qrant). TANAP-ın qazandığı qrant dəstəyi ümumilikdə 10,3 mln. avroya çatıb. Hazırda bu məbləğin 2,5 mln. avro hissəsi təqdim edilib, digər hissəsi isə fəaliyyətlərə görə alınacaq.

TANAP-ın Komissiyada dəstəklənməsi üçün uyğun görülən fəaliyyətləri bunlardır: ətraf mühitin monitorinqi - 2 mln. avro, TANAP SCADA sistemi, Çanaqqala boğazı və Meriç çayının keçidlərinin mühəndisliyi - 2,5 mln. avro, boru xətti təhlükəsizlik sisteminin mühəndisliyi - 2,2 mln. avro.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm