• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

İlham Əliyev: "100 mindən çox iş yeri yaradılacaq"

İlham Əliyev: "100 mindən çox iş yeri yaradılacaq"

“Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini genişləndirdikcə bu rəqəm daha da artacaq. Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir”.

Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı pambıq tarlalarında işləyənlər üçün yaxşı şəraitin yaradılmasının vacibliyini qeyd edib: “Əlbəttə ki, hər yerdə tarla düşərgəsi olmalıdır. Orada lazımi ərzaq təminatı, içməli su təşkil edilməlidir ki, işləyənlərin şəraiti yaxşı olsun, çünki pambıqçılıq ağır sahədir. Biz hamımız bunları yaxşı bilirik və insanlara maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir. Həm tədarükçü şirkətlər, həm iri şirkətlər, eyni zamanda, yerli icra hakimiyyəti orqanları bu məsələni daim diqqət mərkəzində saxlamalıdırlar.

Biz artıq pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya üzərində işləyirik. İlkin rəqəmlər var. Əlbəttə, onlar dəqiqləşdirilməlidir ki, biz burada səhvə yol verməyək. Ancaq ilkin hesablamalar onu göstərir ki, əgər biz bu yolla getsək, - əlbəttə, gedəcəyik, - və lazımi maliyyə təminatı olarsa, 2020-ci ildə təqribən 200 min hektarda pambıq əkə bilərik. Yəni, biz bunu əsas hədəf kimi götürərək bütün lazımi işləri bu istiqamətdə aparmalıyıq”.

Prezident İlham Əliyev orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə – təqribən 35 sentnerə qaldırmaq lazım olduğunu qeyd edib: “Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq”.

Dövlət başçısı işlərin səmərəli təşkil edilməsi üçün ciddi koordinasiyanın vacibliyini də qeyd edib: “Bu il biz buna qısa müddət ərzində nail ola bilmişik. Ümumi koordinasiya işlərini Prezident Administrasiyası öz üzərinə götürüb.Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur.

... Əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk. Ona görə, çox ciddi dövlət siyasəti aparılmalıdır və dövlət burada əsas rol oynayır. Dövlətin rolu təkcə koordinasiya işlərinin təşkili ilə məhdudlaşmır. Dövlət vəsait xərcləyir, texnika gətirir, meliorativ tədbirlər görür, yarımstansiyalar yaradır, elektrik xətləri çəkir. Biz bütün bunları dövlət hesabına edirik ki, fermerlər, fəhlələr daha yaxşı yaşasınlar, daha çox pul qazansınlar”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR