Azərbaycan vergi məsələləri ilə bağlı yeni sənədə qoşulub
Bizi izləyin

Ekopublika.az

Azərbaycan vergi məsələləri ilə bağlı yeni sənədə qoşulub

Publika.az-ın xəbərinə görə Mayın 22-23-də Azərbaycanın Respublikasının vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransada işgüzar səfərdə olub.

Səfər çərçivəsində vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə yerləşən mənzil-qərargahında baş katib Anxel Qurria ilə görüşüb. Görüşdən əvvəl Azərbaycanla İƏİT arasında “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokolun imzalanma mərasimi olub. Sənədi vergilər naziri Fazil Məmmədov və baş katib Anxel Qurria imzalayıb.

Sonra İƏİT ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında əlaqələri daha da genişləndirmək barədə geniş tərkibdə müzakirələr aparılıb.

İlk dəfədir Azərbaycandan olan nazirlə görüşdüyünü qeyd edən İƏİT-in baş katibi bundan məmnun olduğunu, rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafını müsbət qiymətləndirdiyini ifadə etmiş, Azərbaycan Respublikasının konvensiyaya edilmiş dəyişiklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırmış, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirərək bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirib.

A.Qurria təşkilatın baş katibinin müavini İv Letermin isə Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğu xatırladaraq, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.

Vergilər naziri Fazil Məmmədov isə Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdıraraq Vergilər Nazirliyinin əməkdaşlarının İƏİT-in keçirdiyi tədbirlərdə yaxından iştirak etdiyini bildirib.

Eyni zamanda, Vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələrinin davam etdiyini diqqətə çatdırıb. A.Qurria bunun gələcək əməkdaşlıq üçün əla bir proqram olacağını bildirib.

Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni tvinninq layihəsinin həyata keçirildiyini vurğulamış, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın və İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirib. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan F.Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Fransanın vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürüb.

Fransalı nazir bu təklifi məmnuniyyətlə qəbul edərək, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, tvinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycan qanunvericiliyində bank məlumatlarının mübadiləsi və şəffaflığın təmin edilməsi sahəsində artıq müvafiq dəyişikliklər edildiyini bildirən vergilər naziri səfər çərçivəsində bank məlumatlarının mübadiləsi ilə bağlı Strasburq Konvensiyasına edilmiş dəyişiklikləri özündə əks etdirən Protokolu imzalanacağını da diqqətə çatdırıb.

Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılamış, digər ölkələrin də Azərbaycanın yolu ilə gedərək bu mühüm sənədi imzalamaqla vergi orqanları arasında məlumat, o cümlədən bank məlumatları mübadiləsinin daha da genişləndiriləcəyini, öz növbəsində bunun vergi daxilolmalarının artmasına və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına müsbət təsir göstərəcəyini bildirib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm