İqtisadi artım tempi zəifləyəcəkmi?
Bizi izləyin

Ekopublika.az

İqtisadi artım tempi zəifləyəcəkmi?

Ölkə iqtisadiyyatında artım davam edir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 23,4 milyard manata çatıb ki, bu da onun əhalinin hər nəfərinə düşən payının 1,4 faiz artaraq 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil etdiyi deməkdir. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, ÜDM-də əvvəlki ildəki 53,7-dən 55,4 faizə yüksəlib.

Bu tendensiya hökumətin ÜDM istehsalına dair qarşıya qoyduğu məqsədə tam uyğundur. Odur ki, loru dildə desək, işlər, demək olar, əla gedir. Ancaq iş bundadır ki, yaxın perspektivdə müəyyən azalma gözlənilir. Təsadüfi deyil ki, Dünya Bankı (DB) da "Qlobal iqtisadi perspektivlər" adlı hesabatında Azərbaycanda bu il üçün ÜDM artımını 5,2 faiz proqnozlaşdırıb. Halbuki əvvəl bu rəqəmin 5,3 faiz deyilmişdi. Azərbaycan hökuməti isə elə əvvəldən 5,2 faiz nəzərdə tutmuşdu. Sözümüz bunda deyil.

Məsələ ondadır ki, adıçəkilən bankın proqnozuna əsasən, ölkəmizdə ÜDM istehsalı getdikcə daha çox enəcək. Və hökumətin gözlədiyi rəqəmlərdən də aşağı düşəcək. Belə ki, 2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,1 ; 2016-cı ildə 3,6 faiz təşkil edəcək ki, Azərbaycan hökuməti isə bu rəqəmləri müvafiq olaraq 5,8 və 4,8 faiz proqnozlaşdırıb.

Sual yaranır ki, bu nəylə əlaqədardır? Ölkəmizdə iqtisadi artım tempi həqiqətən zəifləyəcəkmi? Belə olan halda, hökumətin ÜDM-lə bağlı planları sual altına düşməyəcək ki?

Yuxarıda göstərdiyimiz müddət ərzində ÜDM-in 47,0 faizi sənayedə, 11,5 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 31,7 faizi isə xidmət sahələrində olmaqla 61,2 faizi istehsal sahələrində istehsal olunub. Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,8 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

ÜDM-in önümüzdəki illərdə nisbətən enməsi neft sektoru ilə əlaqədar baş verəcək. DB da qeyd edib ki, proqnozun azaldılması Azərbaycanda neft hasilatının enməkdə olması ilə əlaqədardır. Yeri gəlmişkən, hökumət 2016-cı ildə ÜDM istehsalını gələn ilkindən də az - təkrar edirik ki, 4,8 faiz proqnozlaşdırıb. Ancaq diqqəti çəkən məqam odur ki, DB hesabatında qeyri-neft sektorunda da artımın zəifləyəcəyini və bunun bilavasitə vergi-büdcə siyasətinin sərtləşdirilməsi ilə əlaqədar ortaya çıxacağını bildirib.

Son vaxtlar ÜDM istehsalında artımın məhz həmin sektora söykəndiyi isə yaxşı məlumdur. Odur ki, sual yaranır: söhbət hansı sərtləşdirmədən gedir?

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini bu ilin mayın 1-dən 4,75-dən 0,5 faiz səviyyəsində azaldarkən yazmışdıq ki, bu, ölkədə sərt pul-kredit siyasətinin yeridildiyinə daha bir sübutdur. Belə ki, ilin əvvəlindən banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə verilən tövsiyəyə əsasən də qeyd etmişdik ki, bu, bütövlükdə pul-kredit siyasətinin sərtləşdirilməsi deməkdir. Məqsəd isə enerji sektorunda qiymət islahatına (ölkədə keçən ilin dekabrın 3-dən yanacaq məhsullarının – benzinin və dizelin qiymət artımının istehlak bazarında müəyyən ajiotaj yaradacağı təhlükəsi meydana çıxmışdı, üstəlik, kommunal xidmət tariflərinin – işığın, qazın, suyun qiymətlərinin də artırılacağı ehtimalı da yaranmışdı) rəğmən, inflyasiyanı nəzarətdə saxlamaq, əhalinin pul gəlirlərini sığortalamaqdan ibarətdir.

Çünki AMB ölkədə inflyasiyanı bu il də birrəqəmli səviyyədə – 3,5 faiz saxlamağı nəzərdə tutub ki, bu da bir çox vəzifələrlə yanaşı, dövriyyədə nəqd pul kütləsinə daha güclü nəzarət etməyi qarşıya məqsəd qoyur. Qurumun 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da pul kütləsinin artım tempinin inflyasiyaya təsir edən amillərdən olduğu deyilir. Bunun üçün isə tələb olunan şərtlərdən biri istehlak kreditllərinə nəzarəti gücləndirməkdən ibarət idi. Sözümüz bunda deyil.

Bütün bunlara rəğmən, AMB uçot dərəcəsini, əslində, bir az böyük rəqəmlə aşağı salmalı idi. Ona görə ki, ölkədə iqtisadiyyatın inkişafını dəstəkləmək üçün real olaraq bütün istiqamətlər üzrə geniş imkanların olduğu, həmçinin real sektoru maliyyələşdirməyə tələbin xeyli artdığı göz qabağındadır. Ötən müddət ərzində əsas makroiqtisadi göstəricilər üzrə də dəyişiklik yoxdur, inflyasiyaya əvvəlki tək ciddi nəzarət mövcuddur.

Təsadüfi deyil ki, AMB-in uçot dərəcəsinin sonuncu endirimi ilə bağlı açıqlamasında da strateji valyuta ehtiyatlarının artmaqda olduğu, makroiqtisadi sabitliyin möhkəmləndiyi, inflyasiyanın daha da azaldığı, orta illik inflyasiya səviyyəsinin I rübdə cəmi 2 % təşkil edərək manatın məzənnəsinin sabitliyinin qorunmasında mühüm rol oynadığı qeyd edilmişdi.

DSK-nın məlumatına əsasən, mayda əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,7, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 , qeyri-ərzaq mallarının qiymətləri 3,6, xidmət tarifləri isə 0,3 faiz bahalaşıb.

Ancaq AMB ehtiyatlı mövqe tutur. Sözügedən qurumu qınamaq da olmur, o səbəbdən ki, kommersiya banklarının fəaliyyətlərinə birbaşa təsir imkanları yoxdur. Söhbət, iqtisadi yolla maliyyə resurslarına təsirdən gedir. Əks təqdirdə, yuxarıda sadalanan bütün müsbət amillər və şərait fonunda iqtisadiyyata kredit qoyuluşuna olan real tələbə əsasən, uçot dərəcəsi daha kəskin səviyyədə aşağı salınardı.

Sözün qısası, vergi-büdcə siyasətində sərtlik əsasən məhz pul-kredit siyasətində müşahidə edilir. Düzdür, ölkədə sahibkarlığın inkişafına dəstək var. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2014-cü ilin ötən dövrü ərzində 2246 sahibkara 118,9 milyon manat güzəştli kredit verilib ki, bundan istifadə nəticəsində 5200-ə yaxın yeni iş yerinin yaradılacağı deyilir. Ancaq bu iş komersiya banklarının öz təşəbbüsləri sayəsində həyata keçirilsə, daha məqsədəuyğun olardı ki, bu da qeyri-neft sektorunu daha intensiv inkişaf etdirərdi.

Qeyd edək ki, yuxarıdakı statistikaya bahəm, neft-qaz sektorunda 3,0 faiz azalma var. Bu azalma 2018-ci ilədək məhdudlaşdırılmalıdır. Məhz bu halda, ÜDM istehsalının qeyri-neft sektoruna söykənən artım tempi əhəmiyyətli xarakter daşıyacaq.

Ancaq təəssüf ki, hazırda buna əks proses müşahidə edilir. Məsələn, deyilir ki, ötən 5 ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Ölkədə 1,67 milyon nəfərin - iqtisadiyyatda məşğul əhalinin təqribən 37,9 faizinin kənd təsərrüfatında çalışdığı və onun ÜDM istehsalında payının cəmi 5,2 faiz təşkil etməsi halında bu, qənaətbəxş sayıla bilərmi?

Təbii ki, yox...

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm