Ekopublika.az
Heydər Əsədov: Azərbaycanda 2,3 milyard manat kənd təsərrüfatı məhsulu istehsal olunub
"2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir". Publika.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Nazir bildirib ki, cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.
H.Əsədovun sözlərinə görə, digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur: "Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında müvafiq Sərəncamınızın icrası nəticəsində bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.
Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan "kənd təsərrüfatı siyasətinin dəyəri" indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir".
Nazir qeyd edib ki, bu sahədə şəffaflığın artırılması və dövlət yardımlarından istifadə sahəsində məlumatların ictimailəşdirilməsi məqsədilə rayon və kəndlərdə yardım almış hər bir istehsalçı haqqında məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir: "Vətəndaşlardan, QHT-lərdən və digər maraqlı tərəflərdən bu sahədə müşahidə etdikləri mənfi hal və ya pozuntu barədə məlumatlar alınmış və nazirliyin monitorinq qrupu tərəfindən adekvat tədbirlər görülmüşdür.
Möhtərəm Prezident, Sizin sərəncamlarınızla ayrılan vəsaitlər
hesabına fermerlərin kənd təsərrüfatı texnikaları ilə təchizatının
yaxşılaşdırılması istiqamətində də ciddi dönüş yaradılmışdır. Belə
ki, hesabat dövründə "Aqrolizinq" ASC tərəfindən müasir tələblərə
cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa
istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu
avadanlıqları və digər texnikalar alınaraq istifadəyə
verilmişdir.
Bütün bunların nəticəsidir ki, birbaşa dəstəyiniz nəticəsində
yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə
üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal
itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı demək
olar ki, yanğın hadisələrinə yol verilməmişdir.
Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və "qaynar xətt" yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir".
Nazir qeyd edib ki, cari mövsümdəki iqlim şərtləri taxıl
məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili
olmuşdur: "Belə ki, mövsüm dövründə havaların quraq keçməsi
nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir
hissəsində məhsuldarlıq çox aşağı olmuşdur. Həmçinin bəzi
rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli
hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin
təkmilləşdirilməsi ilə bağlı verdiyiniz tapşırığın əhəmiyyəti bu
faktlardan sonra daha aktual xarakter almışdır.
Onu da qeyd edək ki, bu mövsümdə iqlim şərtlərinin taxıl
məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi
ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl
istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər
əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın
taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda
məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə
qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində
artım dinamikasına malik olmuşdur. "FAO ərzaq qiyməti indeksinə",
eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının
məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən
ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan
ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli
şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır".
Nazirin sözlərinə görə, heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində "Aqrolizinq" ASC
tərəfindən 2000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və
700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə
lizinqə verilməsi təmin edilmişdir: "Son illərdə ölkəmizdə iri
heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən
müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə
güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasında böyük rol oynamağa başlamışdır. Ötən ay
imzaladığınız "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı
ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamınız da bu baxımdan
müstəsna əhəmiyyətə malikdir və bu sahədə xüsusi canlanmaya səbəb
olacaqdır.
Dünya təcrübəsində bu prosesi daha da sürətləndirmək məqsədilə
paralel olaraq süni mayalanma və embrion köçürməsi təcrübəsindən də
geniş istifadə edilir və aparılan müşahidələr bu üsulun daha ucuz
olduğunu göstərir. Məhz bu səbəbdən ölkəmizdə də bu üsullara geniş
tələbat yaranmışdır. Ona görə də respublikada bu işin beynəlxalq
standartlara uyğun təşkili üçün verdiyiniz Sərəncam heyvandarlıq
təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına,
məhsuldarlığın artırılmasına mühüm töhfə və daha bir dövlət
qayğısıdır.
Məlumat üçün məruzə edim ki, ayırdığınız həmin vəsait hesabına
Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması
işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə
apardığımız danışıqlar yekunlaşmaq ərəfəsindədir".
H.Əsədov bildirib ki, kənd təsərrüfatı məhsullarının satış
yarmarkalarında özəl mənbələrdən cəlb edilən investisiya qoyuluşu
hesabına müasir tələblərə uyğun infrastruktur yaradılmış,
fermerlərin öz məhsullarını burada heç bir maneə olmadan satmaları
üçün müvafiq təşkilati işlərə nəzarət gücləndirilmişdir. Eyni
zamanda, baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi
məntəqələrinin və meyvə satışı mərkəzlərinin yaradılmasına
başlanılmışdır: "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin
yaradılması haqqında tarixi qərarınızın icrasına başlanılmışdır.
Belə ki, nazirliyin yeni strukturu hazırlanaraq təqdim edilmiş,
yaradılacaq idarələrin yerləşdirilməsi məqsədilə 52 rayonun
(şəhərin) bir çoxunda artıq tikinti işlərinə başlanılmışdır. Eyni
zamanda, baytarlıq şəhərciyinin salınması, Dövlət Fitosanitar
Nəzarəti Xidmətinin inzibati binası və laboratoriyalarının, eləcə
də digər laboratoriyaların tikintisi sürətlə aparılır.
"Elektron kənd təsərrüfatı" sisteminin yaradılması barədə
tapşırığınıza əsasən Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində
zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və
təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlərin
hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının "İnteqrasiya
olunmuş Nəzarət Sisteminin" (IACS) prinsiplərinə əsaslanan və 3 alt
moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri,
habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də
daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst
məlumatların əldə edilməsinə imkan verəcəkdir. Eyni zamanda,
"Aqrolizinq" ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin
fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının
elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılmış, Dövlət
Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət
elektron xidmətlərin siyahısına daxil edilmişdir".
Nazirin sözlərinə görə, Avropa İttifaqı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanmışdır. Layihə əksər beynəlxalq qurumların ekspertləri ilə müzakirə olunmuş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir: "Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi ilə Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaranacaqdır".
-
Magazin119:36
Azərbaycanlı modelin fotosu “Times”da - VİDEO
-
Avropa19:12
İspaniya kralı Valensiyada palçığa qərq oldu - VİDEO
-
Hadisə18:48
Mingəçevirdən ACI XƏBƏR - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
-
Magazin118:36
Pərviz Bülbülə duet ortağı ilə deyişdi: "Kaş əvvəlki Türkan ola..." - VİDEO
-
Nəqliyyat18:24
Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT
-
Magazin117:07
"Hərdən yüngülcə qalxan əl..." - Elşad Xosedən qadına şiddətlə bağlı şok sözlər
-
Dünya15:55
Tələbə qız etiraz əlaməti olaraq universitetdə soyundu - VİDEO
-
Hadisə14:35
Nərimanovdakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ