Rusiyaya aqrar məhsulların ixracını nə qədər artıra bilərik?
Bizi izləyin

Ekopublika.az

Rusiyaya aqrar məhsulların ixracını nə qədər artıra bilərik?

Rusiya hökumətinin və ona yaxın dairələrin yüksəkçinli nümayəndələrinin son vaxtlar ardıcıl olaraq verdikləri bəyanatlara əsasən, Azərbaycanla adı çəkilən ölkə arasında iqtisadi əlaqələr, xüsusən də mövcud ticarət dövriyyəsi təkcə keçən il 30 faiz artmasına rəğmən, hələ də qeyri-qənaətbəxş səviyyədədir.

Onların fikrincə, Azərbaycan ilə Moskvanın potensialı belə deməyə əsas verir. Moskva şəhərinin meri Sergey Sobyanin də bu yaxında Bakıda olarkən vurğuladı ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli artıra bilər.

“Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarına tələbatı nəzərə alsaq, bunu nəinki 30, hətta 300 dəfəyə qədər artırmağa imkan var” – deyə, o qeyd etdi.

Yeri gəlmişkən, 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında mal dövriyyəsinin həcmi 1,219 milyard dollar təşkil edib ki, bunun da 791,168 milyonunu rus mallarının idxalı, 428,56 milyonu isə bizdən əks istiqamətə ixrac olub.

Sual yaranır ki, məgər bu sahədə hər hansı bir maneə varmı və yaxud olubmu? Onsuz da, bizim ən geniş ticarət əlaqələri və idxal-ixrac əməliyyatları ən çox, demək olar ki, Rusiya Federasiyası ilə həyata keçirilir. Kənd təsərrüfatı məhsullarına gəldikdə isə bunlar ən çox əvvəlki tək məhz şimal istiqamətində daşınır.

Bunu daha da artırmaq mümkündürmü?

Məsələ bundadır ki, ölkəmizdən aqrar məhsulların şimal istiqamətində təkcə bu ilin avqust ayında, cüzi də olsa, artması daxili bazarda yeyinti məhsullarının qiymətlərini dərhal yüksəltdi. Kənd Təsərrüfatı Nazirliyi (KTN) bunda psixoloji təsirlərin mühüm rol oynadığını bəyan etsə də, fakt budur ki, qiymətlər qalxdı. KTN-nin verdiyi açıqlamada cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsinin müxtəlif məhsullar üzrə payı ümumilikdə təqribən 7-10 faiz təşkil etdiyi qeyd olundu ki, bu da ötən ilə nəzərən cəmi 20,5 faiz artım deməkdir. Bu isə ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının heç də hamısının Rusiya bazarına çıxarıldığı demək deyil.

Bəs, ümumiyyətlə, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısını Rusiyaya ixrac etmək mümkündürmü? Bu, nə dərəcədə realdır?

İş ondadır ki, Azərbaycan yeyinti məhsulları ilə bu gün heç özünü də tam təmin edə bilmir. Bundan əlavə, Azərbaycanla Moskvanın potensialı nə qədər böyük olsa da, məsələn, bilavasitə taxıl istehsalında Rusiya ilə müqayisə oluna bilmərik. Hələ, heyvandarlıq və digər aqrar sahələri demirik. Üstəlik, sirr deyil ki, son illər ölkəmizə ərzaq idxalı da artır.

Odur ki, söhbət hansı kənd təsərrüfatı məhsullarının ixracını artırmaqdan gedir, bilinmir. Və bu sahədə Rusiya bazarlarına ixracın artırmaqla iki ölkə arasında ticarət dövriyyəsini 300 dəfəyədək genişləndirmək nə dərəcədə realdır, bu da aydın deyil.

Yeri gəlmişkən, “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən, ölkəmiz 2015-ci ilə qədər özünü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını xaricə ixrac etməli idi.

Düzdür, son illər bu istiqamətdə çox böyük irəliləyişlər əldə olunub. Bundan əlavə, kənd təsərrüfatının inkişafı ilə bağlı verilən sərəncamlar və aparılan islahatlar deməyə əsas verir ki, biz bu sahədə daha sürətli inkişafa nail olacağıq. Real olaraq, bu sahədə struktur islahatları da gedir və iri fermer təsərrüfatlarının fəaliyyəti genişlənir. Məsələn, 30 min hektar sahədə 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir ki, bu da özümüzü tam şəkildə taxılla təmin etməyə kömək edəcək.

Məhsuldarlığın artması eyni zaman digər sahələrdə də təmin olunmalıdır ki, dövlət başçısı da dəfələrlə qeyd etdiyi kimi, yeni ixrac bazarlarına çıxış mümkün olsun. Bu zaman ənənəvi bazarlarda möhkəmlənmək isə əsas hədəf olaraq qalır.

Ancaq daxili tələbatı ödəməkdə, hələ ki, 100 faiz nəticəyə nail ola bilməmişik. Bunu nəzərə almaq xüsusən vacib sayılır. Ümumiyyətlə, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artsa da, qeyd olunan sahənin mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsi yüksələrək heyvandarlıq məhsulları istehsalı 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək (3,8 dəfə artaraq) ümumi kənd təsərrüfatı məhsulunun strukturunda 49,5 faiz paya çatsa da, özümüzü yumurta ilə 96,5, süd və süd məhsulları ilə 75, taxılla 65, üzümlə 94, kartofla 98, duzla 72, bitki yağları və marqarin ilə 70, kərə yağıyla isə cəmi 50 faiz təmin edə bilirik.

Digər tərəfdən, istehsal kəmiyyətcə artsa da, bazar rəqabət qabiliyyətlilikdə idxaldan asılı vəziyyətdə qalır. Halbuki, ölkəmizdə kənd təsərrüfatında məşğul olan əhalinin sayı 1,67 milyon nəfər təşkil etməklə iqtisadiyyatdakı əhalinin 37,9 faizini təşkil edir.

Kənd təsərrüfatının ÜDM istehsalında payı isə cəmi 5,2 faizdir.

Hazırda ixrac olunan əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə və tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər daxildir ki, şəkər və ondan hazırlanan məhsullar sarıdan isə daha çox imkana malikik. Bu məhsulların sayını artırmaq üçün ilk növbədə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etmək lazımdır ki, aqrar sektorda məhsuldarlığın artması bundan sonra sırf ixraca xidmət etsin. Ona görə ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazardan öz xarici analoqlarını sıxışdırıb çıxartmalıdır.

Ümumilikdə, son 10 ildə qeyri-neft ixracının 4,7, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracının 2,5, ixrac olunan qeyri-neft məhsulları çeşidinin 1,7 dəfə, ixrac ölkələrinin sayının 20 vahid artdığı deyilir.

Qısa desək, mövcud olan bütün imkanlardan istifadə edilir. Bundan artıq xarici bazarlara çıxmaq isə qətiyyən mümkün sayılmır.

Yeri gəlmişkən, gömrük statistikasına əsasən, ölkəmizə ən çox idxal olunan məhsullar sırasında ümumən yeyinti məhsulları cari ilin yanvar-avqust aylarında 11 faiz azalsa da, ət 35,7, kərə yağı 51, bitki və heyvan mənşəli piylər və yağlar 25, şəkər isə 2,1 faiz artıb. Yanvar-avqust ayları ərzində keçən illə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalında isə faktiki qiymətlərlə 3622,2 milyon manatlıq mal əldə olunmaqla 3,7 faiz azalma qeydə alınıb.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm