2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar olacaq?- Açıqlama
Bizi izləyin

Ekopublika.az

2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar olacaq?- Açıqlama

“Bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir”.

Bunu prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, neftin qiyməti aşağı düşüb və hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir: “Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər - sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq”.

Nəzərə çatdıraq ki, 2014-cü ilin büdcəsində neftin bareli 100 dollardan götürülüb. Hazırda parlamentin müzakirəsinə çıxarılması gözlənilən 2015-ci ilin büdcə layihəsində neftin barelinin qiymətinin nece müəyyən ediləcəyi bilinmir. Artıq qiymətin 100 dollardan aşağı olmasına dair şərhlər verilməkdədir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bildirdi ki, neft gəlirlərinin dominant təşkil etdiyi Rusiya büdcəsində neftin bareli 87-95 dollar arası götürülüb: “Onlarda büdcə bir neçə ssenari üzrə hazırlanır. Bizdə isə bir senari üzrə olur. İstənilən halda 90 dollar məqbuldur. Əgər neftin qiyməti 90 dollardan aşağı düşsə də çətinliyi olmayacaq. Çünki Neft Fondu var. Fondun fəlsəfəsində büdcə kəsirinin bağlanması ilə bağlı müdəa var. Büdcənin gəlirlərinin formalaşmasında problemlər yaranarsa fonddan əlavə transferlər etməklə problemlərin qarşısını almaq olar. Son bir neçə ildə öllkə iqtisadiyyatı büdcədən 20 milyard manat ətrafında xərcləmələrə öyrəşib. Xərcləmələri birdən-birə azaltmaq olmaz. Yaxşı nəticələr verməyəcək.2010-2013-cü illərdə neftin orta ixrac qiyməti 110 dollar ətrafında olub.Xərcləmələrə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını artıra bilib. Hazırda neftin qiymətinin düşməsi ərəfəsində ölkə özünü daha rassional xərcləmələrə uyğunlaşdırmalıdır”.

İ.Şaban bildirir ki, neft 3 ay əvvəllə müqayisədə 20 faiz ucuzlaşıb: “Neft 115 dollardan 91 dollara enib. Bundan sonra nəyin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Baxmayaraq “fyuçə” qiymətlər yüksək deyil”.

O ki qaldı neftin qiymətinin düşməsinin səbəblərinə, iqtisadçı birinci səbəb kimi Amerikanın idxalı azaltmasını göstərir: “Neft başqa bazarlara yönəldilir. Hansı ki həmin bazarlarda tələblə təklif arasında tarazlıq yoxdur. Başqa tərəfdən Çin iqtisadiyyatında neftə tələbatı azalıb. Çinin ÜDM-nin artımı da azalıb. Əvvəllər ÜDM-in artımı 1,5-1,8 faiz idisə, bu rəqən 1,6 faizə düşüb. Bu əvvəlcədən də proqnozlaşdırılırdı”.

İqtisadçı hələ ötən ilin noyabrından neftin qiymətində azalmaların baş verəcəyinin proqnozlaşdırıldığını bildirir: “Söhbət bu azalmanın hansı həddə qədər baş verəcəyindən gedir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm