Fransa mətbuatı Azərbaycan turizmindən yazıb
Bizi izləyin

Ekopublika.az

Fransa mətbuatı Azərbaycan turizmindən yazıb

Fransanın turizm sahəsində ixtisaslaşan “m.tourmag.com” portalında jurnalist Jan-da-Luzun “Azərbaycan: Bakı turistləri cəlb etmək istəyir” sərlövhəli məqaləsi yerləşdirilib.

Publika.az-ın AzərTaca istinadən verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, son illər Azərbaycanda turizm sahəsində müəyyən uğurlar əldə edilib. Müəllif neftlə zəngin Azərbaycanın paytaxtı Bakının sürətlə inkişaf etdiyini, şəhərdə xarici turistlərdə böyük maraq oyadacaq çoxlu sayda tarixi və mədəni abidələrin olduğunu vurğulayıb. Azərbaycanın dövlət bayrağının görüntülərini özündə əks etdirən “Alov qüllələri”nin Bakıya xüsusi gözəllik verdiyi diqqətə çatdırılan məqalədə 40 xarici jurnalistin ölkəmizdə olduqları, onların Dubayla Bakının turizm imkanlarını müqayisə etdikləri bildirilib. Məqalədə Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan paytaxtının zəngin tarixə və mədəniyyətə malik olması oxucuların diqqətinə çatdırılıb.

Ölkəmizdə bir çox sahələr kimi turizmin inkişaf etdirilməsi ilə bağlı iri layihələrin həyata keçirildiyini yazan Jan-da-Luz Azərbaycana gələn turistlərin yalnız Bakı ilə deyil, eyni zamanda, regionlarla, ölkənin vəhşi təbiəti, flora və faunası ilə yaxından tanış olmaları üçün müxtəlif turizm marşrutlarının olduğunu qeyd edib. Həmçinin ölkənin bəzi regionlarında dağ-xizək həvəskarları üçün kurortların tikildiyi bildirilib.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının, 2016-cı ildə isə Formula-1 yarışının artıq beynəlxalq aləmdə tanınan Azərbaycanı dünyada daha da məşhurlaşdıracağı və belə mötəbər tədbirlərin ölkəyə xarici turistlərin axınına təkan verəcəyi xüsusi vurğulanıb. Məqalədə Bakıdakı Heydər Əliyev Mərkəzinin dünyada analoqu olmayan layihə olmasından, İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsindən, daş dövrünə təsadüf edən Qobustan qayalarının incəsənətin həqiqi mirvarisini xatırlatmasından, turistlər üçün bütün tələblərə cavab verən müasir otellərin tikilib istifadəyə verilməsindən geniş bəhs olunub.

Məqalədə hazırda Azərbaycan Hava Yollarına məxsus təyyarələrin dünyanın bir çox ölkələrinə uçduğu və bunun da öz növbəsində turistlərin Azərbaycana asanlıqla səfər etmələrinə şərait yaratdığı qeyd olunub. Müəllif vurğulayır ki, təkcə Heydər Əliyev prospektində inşa olunmuş möhtəşəm Heydər Əliyev Mərkəzinə tamaşa etmək üçün Bakıya səfər etməyə dəyər. Mərkəzin quruluşu barədə məlumat verən jurnalist burada fransız rəssamı Bernard Buffenin əsərlərindən ibarət sərginin təşkil edildiyini də bildirib. Məqalədə Bakının müxtəlif görməli yerlərinin fotoları da verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm