Bildirçin əti dəbdən düşüb, yumurtası yoxa çıxıb – ARAŞDIRMA
Bizi izləyin

Ekopublika.az

Bildirçin əti dəbdən düşüb, yumurtası yoxa çıxıb – ARAŞDIRMA

Bir zamanlar marketlərin vitrinlərini bəzəyən bildirçin yumurtalarının satışı azalıb. Artıq əksər satış mərkəzlərində nə bildirçinin yumurtasına, nə də ətinə rast gəlmək olur. Qiymətlərə gəlincə, meşə bildirçinin yumurtasının ədədi 13, hansısa təsərrüfata məxsus yumurtanın ədədi 16 qəpik təşkil edir. Bəzən qablaşdırılmış halda 12 ədəd bildirçin yumurtasını iki manata da əldə etmək olur.

Əhali quş əti almır

Publika.az-ın market və mağazalarda apardığı reydlərin nəticələrinə görə, 2014-cü ildən başlayaraq bildirçin yumurtalarının satışı azaldılıb. Satıcılar bunu tələbin aşağı düşməsi ilə əsaslandırırlar: “Əvvəllər bildirçin yumurtaları yaxşı satılırdı. Sonradan satış düşdü. Yumurtalar yığılıb qalırdı, keyfiyyətsiz hala düşürdü. Biz də satışı yığışdırdıq”.

Məlum olur ki, bunun da səbəbi əhalinin yumurtanın keyfiyyətinə şübhə ilə yanaşmasıdır: “Vətəndaşlar zəhərlənməkdən qorxurlar”.

Bir başqa marketdə isə öyrəndik ki, son aylar broyler təsərrüfatları haqqında mediada yer alan xəbərlər təkcə bildirçin ətini deyil, quş ətini də vurub. İnsanlar qırmızı ətə üstünlük verməyə başlayıblar. Konkret, bildirçin yumurtasına gəlincə, bazarda bu quşun məhsulları qıtdır.

Onu da nəzərə çatdıraq ki, bir bildirçin ildə 250-300 yumurta verir. Lakin quşun yumurta vermək qabiliyyəti növə görə dəyişir. Yapon, ağ, ingilis, eston növləri daha çox yumurta verir. Yumurta 9-12 qram ağırlığında olur.

Rentabelli biznes

Monitorinqlərimiz göstərir ki, ölkədə bildirçin yumurtaları və ətinin istehsalı ayrı-ayrı fiziki şəxslər tərəfindən həyata keçirilir. Yəni bu istiqamətdə ayrıca broyler təsərrüfatı yoxdur. Sadəcə, iki il əvvəl Naxçıvan MR-nın Sahibkarlığa Kömək Fondu bildirçin təsərrüfatının yaradılması istiqamətində vəsait ayırıb. Onun da fəaliyyətini davam etdirib-etdirmədiyi bəlli deyil.

Bildirçinçilik tez gəlir gətirən biznesdir

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də Publika.az-a açıqlamasında bildirdi ki, yerli broyler təsərrüfatlarında bildirçin əti və yumurtası istehsal edilmir. Bu sahə quşçuluqdan kənar fəaliyyət göstərir.

Ümumilikdə isə bildirçin təsərrüfatı böyük sərmayə qoymadan qısa müddətdə böyük mənfəət gətirən rentabelli sahə sayılır. Ekspertlərin sözlərinə görə, bu sahə ilə məşğul olan əksər istehsalçılar təsərrüfatlarda rentabelliliyin 50-70% olduğunu qeyd edirlər. Bildirçinçilik həm də tez dövr edən, tez gəlir gətirən biznesdir. Bu işdə rəqabət çox azdır. Bazar bildirçin məhsulları ilə dolmayıb”. Qeyd edək ki, dünyanın bir çox ölkələrində bildirçinçilik geniş inkişaf edib. Misal üçün, bu sahə Yaponiyada toyuqçuluqdan sonra II yerdə dayanır. ABŞ-da və Avropa dövlətlərindən İngiltərədə, Fransada, Almaniyada, Polşada, Macarıstanda bildirçinçilik quşçuluğun əsas təsərrüfat sahələrindən biridir.

Sözügedən ölkələrdə bildirçin əti və yumurtası istehsal olunmaqla yanaşı, onlardan yüksək keyfiyyətli kremlər, şampunlar və başqa parfümeriya məhsulları istehsal edirlər.

“Dərdə çarə olduğu elmi sübutunu tapmayıb”

Bildirçin yumurtasının min dərdə çarə olduğuna dair çoxsaylı məlumatlara rast gəlmək olar. Lakin yumurtanın hansısa xəstəliyin müalicəsində yararlı olub-olmaması barədə heç bir elmi əsas yoxdur.Qeyd edək ki, Mendeleyev cədvəlində olan 117 elementdən 27-si bildirçin yumurtasının qabığında mövcuddur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm