Alan almır, satan satmır – ölmüş bazardan FOTOREPORTAJ
Bizi izləyin

Ekopublika.az

Alan almır, satan satmır – ölmüş bazardan FOTOREPORTAJ

Qonşu ölkələrin avtomobil bazarlarındakı mənfi siqnallar Azərbaycanın avtomobil bazarına necə təsir etdiyi müzakirə mövzusu olaraq qalır. İl ərzində on milyonlarla manatlıq pul dövriyyəsi olan avtomobil bazarının hazırkı vəziyyətini yaxından öyrənmək məqsədilə üz tutduq Bakı Avtomobil Satış Mərkəzinə.

“Lələ köçüb yurdu qalıb”

Bazarın mənzərəsi bizi heyrətə gətirdi. İnanın, açılışından bu tərəfə heç kim maşın bazarını belə boş görməməşdi. Ölkəyə avtomobil idxalının azalması özünü bütün mənalarda bazarda göstərir. Artıq Bakı Avtomobil Satış Mərkəzindən nəinki avtomobil alqı-satqısı üçün, hətta təlim məqsədilə yararlanmaq olar. Bazarın ikinic əl avtobillər satıldığı hissəsində üst-üstə toplasaq, cəmi 15 avtomobil vardı. Satıcılarla söhbət zamanı məlum oldu ki, yanvar ayının əvvəlindən bazar ölüb:

“Hələ şənbə günü bazar bu vəziyyətdədirsə, həftəarası alverin necə olduğunu artıq özünüz düşünün. Qazanan ancaq bazardı. Satışın təşkili üçün səhər saatlarına 10 manat, avtomobilin gecə burda qalması üçün 5 manat ödəyirik. Şənbə və bazar günləri qiymət 30 manat təşkil edir. Son 3 ayda bazarda cəmi 2-3 avtomobil satılıb”.

Öyəndik ki, bazarın alıcısız qalmasının səbəbi qiymətlər deyil. Yəni avtomobillərin dəyəri qalxmayıb. Sadəcə, ilin-günün bu vaxtı kimsə əlini cibinə atmaq istəmir.

Yaxınlaşdığımız digər satıcı alıcılardan yox, avtomobili müayinə üçün gətirilən üçüncü şəxslərdən gileyləndi: “Bazarda alver qızışar, əgər ala bilsə, satıcı da satsa. Alıcıların özləri ilə gətirdikləri “calaqlar” alverə imkan vermirlər”.

Müsahibimizin sözlərindən bəlli oldu ki, idxal avtomobillərin qiymətində artım baş verməyib. Dollar-manat konvertasiyası aparılanda avtomobilə əlavə dəyər biçilmir.

Qeyd edək ki, bazarın avtosalonlar olan hissəsində eyni vəziyyəti müşahidə etdik. İşıqları söndürülmüş salonlarda avtomobillərin təkərlərinin izləri belə yox idi.

Əvəzində dillerlərin salonlarının qarşısında bankların kreditində olan avtomobillərin sıxlığından iynə atsaq, yerə düşməzdi. Söhbət etdiyimiz satış nöqtələrinin işçiləri bildirdi ki, əksər avtomobillər bankların kreditindədir. Hansı ki zamanında dollarla alınıb və müştəri hazırda anutet ödəməni aparmaqda çətinlik çəkir: “Bankların sərəncamındakı avtomobillərin sayı heç vaxt bu qədər olmayıb”.

O ki qaldı bazarda niyə alıcının olmamasına, həmsöhbətimiz dedi ki, artıq insanların avtomobil həvəsi keçib: “Alan alıb. Avtomobil bazarının bum dövrü bitib”.

Yeri gəlmişkən, bazarda olduğumuz müddətdə cəmi iki alıcıya rast gəldik. Halbuki bir zamanlar şənbə günləri bazarda şıdırğı alver gedirdi.

Avtomobil rəqəmlərdə

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub. Gürcüstandan gətirilən avtomobillərin həcminə gəlincə, bu ölkənin Statistika Komitəsi maraqlı rəqəmlər ortaya qoyur. Məsələn, məlum olur ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 3,5 dəfə və ya 1710 ədəd azalıb. Belə ki, cari ilin yanvar ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 13,7 milyon dollar dəyərində 671 ədəd avtomobili gətirilib. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsait azalsa da, avtomobillərin orta qiyməti 2,5 dəfə artıb. Ötən ilın yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 8,5 min dollar olduğu halda, bu ilin yanvarında 20,3 min dollar təşkil edib.

Rəylərə əsasən, avtomobillərin orta qiymətinin son bir il ərzində 2,5 dəfə artmasının əsas səbəbi “Avro-4” standartına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə ötən ilin aprel ayının 1-dən etibarən qoyulan qadağadır. Əvvəllər Gürcüstandan Azərbaycana buraxılış ili köhnə olan ucuz avtomobillər gətirilirdi. Qeyd olunan qadağadan sonra ölkəyə buraxılış ili yeni olan avtomobillər gətirildi ki, bunların da qiyməti yüksəkdir. Ümumiyyətlə, Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 16,4%-ni təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm