Elza Seyidcahana niyə gülürsünüz?
Bizi izləyin

Köşə

Elza Seyidcahana niyə gülürsünüz?

Elza Seyidcahana niyə gülürsünüz?

Kəramət Böyükçöl

Bizim ev Elza Seyidcahanı bir sənət adamı kimi çoxdan tanıyır. Anamın ən çox sevdiyi, maraqla qulaq asdığı müğənnilərdən biridir. Atamı deyə bilmərəm, çünki onun ümumiyyətlə, musiqi dinlədiyini görməmişəm, amma bacım, qardaşım və heç şübhəsiz, mənim də Elza xanımdan bir sənət adamı kimi xoşumuz gəlir. Sonralar onunla şəxsən tanış olduq. Bir dəfə müsahibə almaq üçün evlərinə getmişdim, gördüm ki, qızı ilə köməkləşib paltar yuyurlar. Elza xanım sulu əllərini dəsmalla qurulaya-qurulaya gəlib məni qarşıladı. Oturduq, bir az söhbət elədi, qəfil yadına düşdü ki, çayniki qazın üstünə qoyub. Tez qalxıb danışa-danışa mətbəxə getdi, gedəndə ayağı palaza ilişdi, az qalmışdı yıxılsın, danışa-danışa da əlində iki stəkan çay geri qayıtdı.

Bunları ona görə deyirəm ki, Elza Seyidcahan hamımız kimi sadə bir insandır və onu mənim üçün gözəl, maraqlı eləyən də hamımız kimi olmasıdır. Evlərində mənim üçün piano çaldı, həmin an üzünə diqqətlə fikir verdim. Gördüm ki, doğrudan da öz dünyası var və orda çox rahatdır. İçini, ruhunu görmək mümkündür. Yəni sümük deyil. Həddindən artıq mehriban, səmimi, qayğıkeşdir. Elza xanım öz halal qazancı ilə Qurban bayramında nə qədər kasıb ailəyə qoyun alıb verib ki, dişlərinə ət dəysin.

Elza Seydcahan şübhəsiz ki, həm də istedadlı bir xanımdır, hazırcavabdır. Onu söz altıda qoymaq asan məsələ deyil. Bir dəfə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Elza Seyidcahan haqqında mətbuata demişdi ki, mən onun kimi adamlarla görüşəndə gedib əlimi yuyuram. Elza xanım isə cavab vermişdi ki, Əhəd müəllimi harda görsəm, üzündən öpəcəm, qoy gedib üzünü də yusun.

İstedadlı bir söz demək, yaxşı bir cümlə yazmaq asan məsələ deyil. Adamlar var ki, düz-əməlli bir cümlə qura bilmir, bir saat fikirləşir, ağzından yaxşı bir söz çıxmır, amma Elza Seyidcahanı ələ salır, ona rişxənd edir. Belə adamları görəndə istər-istəməz əlini əlinə vurub təəssüflənirsən. Siz fikir verin, sosial şəbəkələrdə Elza Seyidcahan haqqında ağzına gələni yazanların böyük əksəriyyəti yalana, saxtakarlığa boyun əymiş adamlardır. Öz haqlarını tələb eləməyə hünərləri çatmır, bir məmur görən kimi qabağında əzilib-büzülürlər, müti bir görkəm alırlar, iki yüz manat maaşdan ötrü iki yüz dənə yırtıq-deşiyə girib-çıxırlar, rüşvət verib universitetə girirlər, rüşvət verib qiymət alırlar, rüşvət verib işə düzəlirlər, amma sosial şəbəkələrdə Elza Seyidcahana elə cəsarətlə gülürlər ki, guya bunların ölkəsinin, cəmiyyətinin dərdi-səri sinəsində həssas bir ürək gəzdirən bu xanımdır. Halbuki, bir az dərindən düşünsən, əslində, kimin gülməli bir vəziyyətdə olduğu apaydın ortadadır.

Mən Elza Seyidcahanın şeirləri toplu halında oxumuşam. Və əminliklə deyirəm ki, o, Yazıçılar Birliyi üzvlərinin əksəriyyətindən gözəl yazır. Yaxınlarda Elza xanımla bir söhbətimiz oldu. Deməli, adam Anar müəllimə deməyə utanır ki, məni Yazıçılar Birliyinə üzv elə. Məndən soruşur ki, Kəramət, görəsən, mən AYB-yə üzv ola bilərəm? Mən ora layiqəmmi? Bu sualı verəndə Elza xanımın üzünə baxıb başımı yellədim... Başa düşürsünüz?

Ən əsas məsələ isə ARB kanalında başlanan “Xalqın şairi” layihəsi ilə bağlıdır. Bu layihədə Elza Seyidcahanın münsif olması ən uğurlu seçimdir. Elə məhz onun münsif olduğuna görə əminəm ki, layihə uğurlu başladığı kimi uğurlu da başa çatacaq. Bu cəmiyyət, kütlə, bəzən ziyalılarımız da özünə oxşamayan, bir az fərqli bir sima görən kimi daş-qalaq eləməyə başlayır. Bu boz, dadsız, duzsuz mühitdə doğrudanmı Elza xanım sizin üçün maraqlı deyil? Komplekssizdir, rahatdır, kütlə ilə istədiyi kimi oynaya bilir. Dediyi sözlərin hamısı hədəfə dəyir, bir kəlməsi boşa getmir. Bunları bacarmaq elə-belə məsələ deyil.

İkincisi, Elza Seyidcahanın şeirlərinin qəribə bir ritmi, ahəngi var. Bu şeirlərə maraq yaradan da o ritm, o ahəngdir. Sadəcə olaraq bizim əldəqayırma mediamız reytinq yığmaq üçün onun şeirlərini hər dəfə konteksdən çıxarıb təqdim edir, ona görə də birmənalı qarşılanmır. Sizi əmin edirəm, Elza cəmiyyətin tanıdığı bir insan deyil. Sadəcə, cəmiyyət öz biabırçı sifətini Elza Seyidcahanda yaradır, sonra da o sifətə gülməyə başlayır... Güldüyünüz isə Elza deyil, özünüzsünüz!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm