• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Mediativ sui-qəsdçilər

  • Köşə
  • 11 Sentyabr 2017 13:52
  • 694 Baxış
Mediativ sui-qəsdçilər

Aqşin Yenisey

Dövlət sirlərini cümə axşamısız ölü ruhu kimi ağızdan-ağıza gəzdirən ara jurnalistikasının çarxına çomaq soxan hökumət qadağaları yenidən xəbər çatışmazlığından əziyyət çəkən “xəstələrin” qulaqlarını XX əsrin son illərində Azərbaycan mətbuatını basmaqəlib informasiyalarla təmin edən etibarlı mənbələrə - milli mətbuatın Baba-Yaqalarına, Abizoularına, Cikininkilərinə - sarı şəkləyəcək.

Yadınızdadırsa, “Qırmızı imperiya” dağılhadağılda olanda xalq ət, çörək, yağ qıtlığı ilə yanaşı, həm də informasiya aclığından tələf olurdu və o vaxt mətbuatı Xorasan peyğəmbəri Muğanna Keyşəbədə kimi üzünü niqabda gizləmiş “etibarlı mənbələr” əl altından ötürülən xəbərlərlə dolandırırdı.

Dövlət sirlərinə senzuranın tətbiqi qanuniləşəndən sonra əlim dinc qalmadı, internətə dürtülüb, həmişə qəfil peyda olan öldürücü virusların, dəhşətli təbii fəlakətlərin, qədim və iyrənc ənənələrinin hesabına dünya mediasının gündəminə düşən ölkələrdə mətbuatın halı ilə maraqlandım. Və yaxınlaşdım son aylar gözəgörünməz ebola virusunun dünya səyahətinə çıxmasına görə adı ABŞ-la yanaşı çəkilən Liberiya dövlətinin paytaxtı Monroviya şəhərində bir qəzet köşkünə.

Eynən bizim qəzet köşklərində olduğu kimi, burada da qəzetdən başqa hər şey var idi; meymun tükündən pomozok, gərgədan sümüyündən dırnaqtutan, fil dişindən gözmuncuğu, tutuquşu lələyindən büsthalter, timsah dərisindən qırmanc və s. Köşkdəki həvədiş oğlan izah etdi ki, Liberiyada yalnız bir qəzet nəşr olunur, təsisçisi və işçiləri Maqadumbalar ailəsidir. Ailənin övladları hər gün ölkə bazarlarında, vağzallarda, yas yerlərində özlərinin sınanmış etibarlı mənbələrindən aldıqları xəbərləri çinədanlarına yığıb axşam qoyurlar valideynlərinin ovcuna. Ata və ana səhərəcən bu xəbərləri redaktə, korrektə edib dəri vərəqlərə yazırlar və sübhdən gətirib yapışdırırlar Monroviyanın mərkəzindəki mətbuat dirəyinə. Səhər işə tələsən oxucular, müəllimlər, prokurorlar, nazirlər, müğənnilər, mollalar dirəyi o yan-bu yana fırladıb ölkə gündəmindən xəbər tuturlar. Liberiyanın yeganə mətbu orqanı olan bu “Liberal” qəzetinin formatı dirəkvari olduğu üçün ölkənin köşə yazarları çıxılmaz durumda yaşayırlar. Ailələrini saxlamaq üçün daş karxanalarında kubuk doğramaq və qəzetin dirəkvari formatdan kubvari formata keçməsindən ötrü sürəkli mübarizə aparmaq onların yaradıcılığında da sərt kubizm elementlərinin görünməsinə səbəb olub.

Dini dünyagörüşündən asılı olmayaraq, dünyanın heç bir ölkəsində ilkin kapital halal yolla yığılmadığı kimi, media maqnatları da yalnız həqiqəti əks etdirən xəbərləri yaymaqla formalaşmırlar. Yalan daha gəlirli sahədir. Hətta böyük dövlətlərin xüsusi xidmət orqanları da dünyanın siyasi-ictimai əhvalına təsir etmək üçün “etibarlı mənbələrin” qara-qura əməllərindən yararlanırlar. Məsələn, amerikalılar dünyada ilk dəfə ayın səthinə özlərinin enməsini sübut etmək üçün Armstronqun təbii peykdə atılıb-düşən fotolarını yaydılar. Ancaq etibarlı mənbələrin kosmik sevinci uzun sürmədi; lunatik alimlər sual verdilər ki, bəs atmosfersiz ay səthində Armstronqun əlindəki bayrağı dalğalandıran tsiklonun adı nədir?

Etibarlı mənbələr dünyanın siyasi tarixində də müstəsna xidmətlər göstərmiş, syasi tarixin axarını istiqamətləndirən sui-qəsdçilərin tərkibinə daxil olaraq birilərinin hakimiyyətinə son qoymuş, başqa birilərini hakimiyyətə gətirmişlər. Deyilənə görə, Çörçill məhz gizlin etibarlı mənbələrin hesabına İngiltərənin baş naziri ola bilmişdir. O, parlamentdəki çıxışı zamanı sinədəftər söylədiyi çoxlu uydurma rəqəm-faktlarla opponentlərini çıxılmaz vəziyyətə salmış və onları özünə səs verməyə vadar etmişdir. İclasdan sonra Çörçillə deyirlər: “Etibarlı mənbələrdən bu qədər rəqəmi toplamağa, yəqin ki, iki ay vaxt sərf etmisiniz?” Baş nazir cavab verir ki, etibarlı mənbələrin verdiyi bu rəqəmlərin həqiqətə uyğun gəlib-gəlmədiyni yoxlamaq üçün müxalifətə heç iki ay da bəs etməyəcək.

İrticaçı-mühafizəkar sağçı kommunist Stalin bütün dünyada və ölkədə baş verənləri etibarlı mənbələrdən öyrənirdi. Xüsusilə mühacirətdə olan sovet yazıçılarının, siyasi rəqiblərin nə yazdığını, nə etdiyini etibarlı mənbələr ona çatdırırdı. Belə mühacirlərdən biri də ağqvardiyaçı general Krasnov olmuşdur ki, etibarlı mənbələr onun Berlində “İkibaşlı qartaldan qırmızı bayrağa doğru” adlı dördcildlik kitab yazdığını xəbər verdikdə, Stalin çubuğunun tüstüsü arxasında qəzəblə fısıldayaraq demişdir: “Nə vaxt macal tapdı, əclaf!”

Müasir dünya gündəmi “Wikileaks”ın rəhbərinə hələ də heç kimə məlum olmayan superetibarlı mənbələrin ötürdüyü məxfi dövlət sirlərinin hesabına nehrə kimi çalxalanmadımı?

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR