Avropa söyüşü temasında dərdləşmə
Bizi izləyin

Köşə

Avropa söyüşü temasında dərdləşmə

Salam Sarvan

Salam Sarvan

Son günlər bir neçə saytdan zəng eləyib, Avropada məskunlaşmış bir neçə nəfərin apardığı söyüş kampaniyasına münasibət soruşublar. Hamısına demişəm ki, bir açıqlamalıq söhbət deyil bu, yaxşısı budur ki, yazı yazaram...

Amma hər dəfə yazı yazmağa başlayanda bir deputatın kimlərəsə - gah deputat həmkarlarına, gah maşın ustalarına çağırışını eşitmişəm: mövqeyinizi bildirin!

Hərçənd həmin deputatın bu məsələdə öz mövqeyinin nədən ibarət olduğunu hələ heç kəs bilmir - bu, bir sirri-xudadı, mistikadı: adam siyasətdə də, mədəni-mənəvi məsələlərdə də Fransız simvolistlərinin (Bodlerin, Pol Valerinin, Artur Rembonun...) işarələriylə danışır... Daha əyrisi, onun bütün məsələlərə mövqeyi eyni cürdü: ya kimsə erməni dəyirmanına su tökür, ya da kimsə, ümumiyyətlə, heç yerə su tökmür - yəni fəaliyyətsizdi...

Deputatların bəziləri də bu qəfil təzyiqin altında danışmağa başlayır və... təbii ki, bu halda məntiq titrəyişləri, nitq əsməcələri, arqument qızdırmaları, əxlaqi-siyasi kəkələmələr labüddü.

Nə isə... Qayıdıram jurnalist dostlarımıza verdiyim sözə... İndi bu yazını hər cürə yazıçı fəndindən, hər cürə üslub texnologiyasından kənarda qələmə almaq istəyirəm: yəni, sadəcə, dərdləşmək istəyirəm...

Bu yaxınlarda Feysbuk hesabımı bağlamağa məcbur oldum. Nədən ki, son vaxtlar şəbəkəyə girən kimi təhqir, söyüş havası vururdu, adamların bir-birinə qəzəbinin aşıb-daşdığı bir auraya düşürdün: hətta özünü eyni səngərdə sayan partiyalar da bir-biriylə söyüşürdü. Hərçənd mən həmvətənlərimizin bir-birinə səmimi qəlbdən nifrət elədiyini on il bundan qabaq da yazmışdım. Hər halda cansıxıcıdı: adamın ruhu, əsəbləri zədələnir.

Amma tək bu deyildi səbəb, qocaldıqca tələsdiyimi hiss eləyirəm, hələ ki diri qalmış şopenhauerist-freydist şüuraltım mənə deyir: ömrün o qədər çox qalmayıb ki, onu qurğulara, texnologiyalara, aparatlara həsr eləyəəsən.

Elə mən özüm də iki dəfə söyüş kampaniyasının hədəfi olmuşam və onda görmüşəm ki, cəmiyyətimizin müəyyən kəsimi hətta adamın var-yoxunu, ailəsini də namərdcəsinə məsələyə qatmaqda zərrəcə tərəddüd eləmir. Elə bu yaxınlarda Azərbaycanın nadir istedadlarından biri olan Mirşahinə qarşı da təhqir bumu yaratmışdılar.

Nə isə... Keçək mətləbə.

Bunu beş-altı ay qabaq da yazmışdım: fakt bu ki, Azərbaycan hakimiyyətinin tənqidə münasibətinin sərt olduğu barədə deyilənlər doğru deyil.

Düzü, süni şəkildə iqtidar-müxalifət, iqtidar-cəmiyyət uçurumları yaratmaq cəhdlərinə həmişə pis baxmışam. Bu düşüncəni mənim davranışıma, həm içimdəki təfəkkür tərzim, həm də oxuduğum kitabların ruhundan gələn barış fəlsəfəsi təlqin eləyib. Əslində, cəmiyyət bütövdür – iqtidarıyla, müxalifətiylə, bitərəfiylə: adətən, ölkədə yaşam fəlsəfəsi həmişə eyni olur. Yəni ki, mənim həmişə böyük heyranlıqla yanaşdığım bir pinəçiylə hava proqnozunu bizə deyən adam arasında ruhani fərq çox xırdadı, hissolunmazdı.

Qocalıqdan danışdıqsa, gərək atüstü bunu da deyim: mənim gənclərə çox ümidim vardı, amma məyus eləməkdədilər. Məsələn, bu yaxınlarda Ağ Partiya kimi gözəl bir adın altında birləşmiş həmvətənlərimizin rəhbəri seçilmiş bir gəncin iki müsahibəsini oxudum: birində söhbət yalnız siyasətdən gedirdi, o birində hər şeydən... Və əmin oldum: bu adamlar yalnız siyasi mövzularda rahat danışa bilirlər, o da ona görə ki, artıq siyasi mövzulardakı söhbətlərin hamısı konkretləşib, konspektləşib, şablonlaşıb, əzbərci bir boşboğazlıq yaranıb: suallar şablon, cavablar şablon.

Guya təhsilin nəyisə dəyişəcəyinə ümidlərimiz də puç olmaqda: Harvardı bitirmiş Bəxtiyar adlı bir gəncimizin müsahibəsində oxuyuram: “Mən ancaq öz millətimin qızıyla evlənərəm”... Yəni bax bu düşüncə tərzi xarici təhsil sisteminin, məsələn, mentallığımızdakı bəzi eybəcərlilkəri aradan qaldırar deyə, gümanlarımızı da alt-üst elədi.

Nə isə... Keçək mətləbə.

Amma açıq danışaq, söz adamı olduğuma görə mənimçün bu dünyada ən önəmlisi ifadə azadlığıdı. Nə qədər məişət reallıqlarının əsiri olsam da, şah damarım yenə söz olaraq qalıb, qalır, qalacaq.

Və aydın görürəm ki, iqtidar düşərgəsi azad sözə cəmiyyətin digər təşkilatlanmış kəsimlərindən daha dözümlüdü.

Azad söz təkcə hakimiyyətin addımları haqda sərbəst danışmaq azadlığı demək deyil, cəmiyyət təkcə siyasi polemikalar üzərində dayanmır axı: ifadə azadlığı – düşüncənin hər sahəsinə aid arxayın danışa bilmək imkanıdı. Aydın görürəm ki, hakimiyyətə yaxın hesab olunan mətbu orqanlarda düşüncənin rəngarəngliyi baxımından istənilən fikri demək olur, hətta bəzi korrektəylə siyasi mövzularda da. Amma məsələn, rəhbəri dindar olan saytlarda, rəhbəri dini kəsimin dəstəyini uman partiyaların mətbuatında dini polemika mümkün deyil. Məsələn, rəhbərinin hansısa ədəbi klassikə rəğbəti olan saytlarda ədəbi polemikaya yol verməzlər. Məsələn, rəhbəri mühafizəkar olan mətbuatda mental şablonlar saf-çürük oluna bilməz.

İllərdi ki, qəzetlərdə, saytlarda neçə-neçə köşə yazarı bu hakimiyyətin əleyhinə həftədə az qala yeddi məqalə yazır, amma onlara qarşı hökumətdən heç bir aqressiya görməmişəm. Sosial şəbəkələrdə iqtidara qarşı, Prezidentə qarşı kim nə istəsə, deyə bilir, amma bu günəcən kiminsə buna görə təqib olunduğunu eşitməmişəm. Elə mən bu yazını yazarkən prezidentliyə namizəd Sərdar Cəlaloğlu televizorda hökuməti sərt şəkildə tənqid eləyirdi.

Nə qoyub, nə axtarırsan: öz başıma gəlib – müxalifətin bir kəsimi (hələ də qorxu canımdadı deyə təşkilatın adını çəkmirəm) haqda xırdaca bir tənqidə görə, az qala, məni linç edəcəkdilər Feysbukda. Başqa bir partiyanın hətta “intellektual” imici qazanmış funksionerinin (Azərbaycanda doğulduğundan qürur duyduğum Erkin Qədirlinin) statusuna yazdığım polemik şərhə görə adam məni dərhal blok eləmişdi... Lap axır vaxtlarda cəbhəçiliyin qədimliyinə də, indiliyinə də iddialı olan Fərəc bəyin oğlunun bir blogerlə söhbəti yayılmışdı, adam atasına qarşı bircə tənqidi yazının davasını aparırdı. (Fakt düz deyilsə, Fərəc bəydən üzr istəyirəm...)

Bunları elə-belə demədim. Yəni fikirləşirəm ki, hakimiyyətin, ölkə başçısının tənqidə açıq olduğu halda Avropada məskunlaşan bir neçə həmvətənimizin söyüşə keçməyinin anlamı, mənası, məntiqi nədi?

Fikirləşirəm və heç yerə gedib çıxa bilmirəm.

Ümumən, söyüşün əxlaqi baxımdan yolverilməzliyi, naqisliyi məlum. Amma mən bu söyüş kampaniyasının mahiyyətini praqmatiklik baxımından da başa düşmürəm.

Prezidentin, hakimiyyət adamlarının söyülməsiylə hansısa problemin həll olunacağını güman eləmək absurdun yekəsi olardı. Bu söyüş kampaniyasının ətrafına müəyyən narazılıq dalğası toplamağı güman eləmək isə absurdun lap yekəsi olardı. Axı aydındı ki, bu videoların altında rəqəmlə göstərilmiş tamaşaçı sayı məhz “tamaşaçı” effektidi – məsələn, iki maşının toqquşmasının ətrafına dərhal yığışan adamların tum çırtlaya-çırtlaya xoşagəlməz bir mənzərəni instinktiv maraqla seyr eləməsi kimi.

Yenə öz başıma gəlmiş bir hadisəni danışım. Üç il qabaq 4-cü mikrorayon dairəsində qəza törətdim. Günah məndə oldu. Hadisənin məndə doğurduğu çaşqınlıqdan çıxana qədər yüzəcən adam yığışdı ətrafımıza. Düzü, ilk dəfəydi belə halla qarşılaşırdım və mənə bu toplantı pis təsir elədi – indiyəcən başıma gəlmiş yas məclislərini xatırladım: kimimsə ölübmü? Axı bu qələbəlik yalnız yasda olur. Amma dərhal neçə illərdi ki, kütlənin davranış tərzi haqda yazılar yazan, onu təpəsindən-dırnağınacan tanıyan adam kimi daxili fərəqət vəziyyətinə gəldim. Və birdən... bu adamlara yaxınlaşaraq, hər birinə əl uzadıb dedim: xöş gəlibsən, qardaş... İnanın, çaşdılar, hər biri mənim xeyir işimə, ya da hüzürümə gəlmiş adam kimi əlimi tutub, “sağ ol” dedilər və bu, istisnasız hamıda təkrarlandı...

Nəzərə almaq lazım ki, insanların psixoloji quruluşunda söyənlərin, özü də uzaqdan söyənlərin qəhrəman, haqlı obrazı yaranmır, tərsinə, əks-effekt doğurur. Məsələn, “hakimiyyəti devirəcəyik” sözünü təxminən “siqareti tərgidəcəyik” sözünün qətiyyətsiz və lağlağı intonasiyasıyla deyən bu videoların bir neçəsinə baxandan sonra, adam, istər-istəməz, düşünür: sənmi edəcəksən bu çevrilişi, sənmi gələcəksən hakimiyyətə və sən bu davranış nümunəsiyləmi hakimiyyətə gələcəksən? Nəhayət, bilmək lazım: ziyalıların (hərçənd mən özümü ziyalı saymıram), fikir adamlarının bəzi qəzəbli müxalifət strukturlarından uzaq gəzməsi, daha çox, onların qaragüruh, söyüşcül aurasına görədir: yazı adamları, fikir adamları, təfəkkür adamları belə mühitlərdə özlərini diskomfortda hiss edirlər.

Söyüş bumu təkcə düşüncə adamlarında yox, heç kimdə rəğbət yaratmır, yarada bilməz, bu, təkcə əxlaq ölçülərinə görə deyil, sadəcə, şüuraltımızın ilkin instinktlərindən biridir bu.

İşə bax, biz yazı-pozu adamları indiyədək cəmiyyətdə normal davranış etiketlərinin, ictimai yerlərdə mədəni səviyyə nümayişinin, nəzakət mühitinin davasını aparırdıq, yazdığımız yazılarda, statuslarda haray salırdıq ki, ay camaat, bir-birimizlə ünsiyyətdə mədəni olaq, məsələn, keçid olan yerlərdə yolu maşınların qarşısından keçməyək, bir-birimizə “bəy”, “xanım” deyib xitab eləyək, kitab oxuyaq, maariflənək... Amma gör indi nə baş verir: söyüşü az qala adi ünsiyyət şablonuna çevirmək istəyirik. Neyləyək? Arzularımız gözümüzdə qalsın? Bizim içində yaşamlı olduğumuz cəmiyyəti mədəni görmək niyyətimizə bir quş? Gözgörəti barbarlaşaq, qəddarlaşaq?

Və işə bax ki, söyüş dalğasının bir ucu da bir vaxtlar mədəni səviyyə baxımından irəliləyişdə türklərin ruslardan da çevik olduğunu deyən Viktor Hüqonun vətəni Fransadan gəlir.

İnandığım bir həqiqət var: yaxşı cəmiyyət uğrunda mübarizədə xeyli faydalı mesajları müxalifətdə olaraq da vermək mümkün: təfəkkür, dünyagörüş, maarifçi davranış və sair baxımından. Hakimiyyət uğrunda mübarizənin “nəyin bahasına olur-olsun” prinsipi önə keçəndə arzuolunmaz fəsadlar qaçılmazdır.

İnandığım başqa bir həqiqətsə bu ki, “hər şeyə görə məsuliyyət hakimiyyətin boynundadır” tezisi Azərbaycan reallıqlarında səhvdir. Məncə, səhvimiz ondadır ki, bütün tənqidi nəzərlərimizi təkcə hakimiyyətin üzərində cəmləmişik və toplumun başqa təşkilatlanmış kəsimlərinin dünyagörüşündən, təfəkkür tərzindən gələsi təhlükələr nəzarətsiz qalıb. Heç olmasa, hərdənbir dönüb oralara da baxmaq, toplumu həmin düşüncədən də qorumaq lazım. Bir dəfə də demişik: Rafiq Tağını bir xurafatçı bıçaqlamışdı, amma buna qədər onu o qatilin əlinə cəmiyyətin müəyyən kəsiminin düşüncə tərzi vermişdi axı.

Avropaya gedənlərin hamısına səmimi qəlbdən bəxtəvər həyat arzulayıram, amma axı məsələn, mən dəqiq bilirəm ki, Azərbaycandan heç yerə getməyəcəyəm, Allah bir on-on beş il də ömür versə, burda keçirəcəyəm onu. Mənim bundan sonrakı ömrümü keçirəcəyim yerdə, istər-istəməz, həyatımın ritmini pozan gərginlik, əsəb mühiti, barışmaz düşmənçilik aurası yaratmaq çabalarını nəinki sərt həyati məntiqə, heç adi “heyvani instinktimə” də sığışdıra bilmirəm.

Fəal siyasətlə məşğul olmasam da, indiki reallıqları hissiyyatımla da anlaya bilirəm. Düşünürəm ki, həm xaricdən, həm də daxildən Prezident İlham Əliyevə təzyiq cəhdləri mənim mənafeyimə azca da uyğun gəlmir. Bu, elə yanaşmadır ki, ilkin emosiyayla, insanın həmişənarazı xassəsiylə bunu idraka yaxın buraxmaq bir az çətindir, amma soyuq başla düşünəndə görürsən ki, belə təzyiq cəhdlərinin indiki reallıqda ancaq ziyanı var. Olsa-olsa, baş qarışdırır, diqqət yayındırır, cəmiyyətdə müəyyən əsəbi ovqat yaradır və bu ovqat, bu qarşıdurma həm xaricdə, həm də daxildə xeyli fürsətcilə öz xeyirlərinə yararlanmaq üçün meydan verir, xeyli adam bu münaqişəvari mübahisələrdən nəsə qoparmaqçün əldən-ayaqdan gedir, necə deyərlər, ara qarışır, məzhəb itir.

Nəhayət, etiraf eləmək lazım ki, mərhum Heydər Əliyev Azərbaycanı fəlakətin içindən çəkib çıxarıb, Prezident İlham Əliyevin dövründə xeyli işlər görülüb, bunlar faktdır və bu işlərin heç biri hansısa daxili və xarici təzyiqə görə olmayıb, sadəcə, bir könül istəyi olub. Hə, epizodlar üzrə analizlər dumanlı təəssüratlar yarada bilər, ona görə də hamıya daha çox tanış olan bir faktı – ASAN Xidməti götürək elə: məgər bu sistemi Prezident hansısa daxili və ya xarici təzyiqin diktəsiylə yaratmışdı?! Yox, açıq-aşkar ortadadı – bu, bir qəlb istəyi olub. Demək, istək var! Qurmaq, dəyişmək, daha da yaxşılaşdırmaq niyyəti var! Var!

Təbii, problemlər həmişə olacaq, amma bunlar həm də təfərrüatlardır. Mənzərəni bütövlükdə dəyərləndirəndə bir qənaətə gəlirsən ki, başqa bütün variantların heç biri sarsıntısız ötüşə bilməz.

Mübahisəli görünə bilər, amma şəxsi fikrimi açıq deyəcəyəm: ümumən, bu ideal demokratiya pafosunu bir qırağa qoymaq lazım – ideal demokratiya bir Şərq ölkəsində ancaq pis fəsadlar verə bilər. Axı biz yaxşı bilirik ki, hansı beyin, hansı təfəkkür coğrafiyasında yaşayırıq və yaxşı bilirik ki, belə coğrafiyada hələ ki, ən məqbulu idarə olunan, tənzimlənən demokratiyadır – ta ki, düşüncə tərzimizdə, beynimizdə köklü dəyişiklilklər baş verənə qədər.

Belə dəyişiklik isə təəssüf ki, yaxın əlli ildə görünmür hələ.

Axırda:

Mən düşüncənin dərin qatlarında kosmopolitəm. Amma sentimental da deyiləm. Yaxşı anlayıram ki, reallıqlar həmişə səthdə olur. Yaxşı bilirəm ki, təfəkkürümdə hər şeydən ucaya qaldırdığım insan amili axıracan eqoist ola bilmir. Bir ata lap ali düşüncə qatlarında özünü öz balasından ayıra bilər, öz vətənindən ayıra bilər, amma real həyatda onlarsız yaşaya bilməz.

Məsələn, dünyaca məşhur olan adamların indiyədək oxuduğum həyat bioqrafiyalarının hamısında vətənsizliyi təxəyyül olaraq rahat, kefkom gördüm, amma onu da gördüm ki, onların vətənsiz real həyatları çox sızıltılıdı – bir qayda olaraq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm