Hədd bilməyənlərə yerləri göstərilməlidir!
Bizi izləyin

Köşə

Hədd bilməyənlərə yerləri göstərilməlidir!

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı

Bu yazını yazmağı nəsə təxirə salırdım. Sözün düzü, yazmaq istəmirdim. Düşünürdüm, yazmaqla, deməklə nəyi dəyişmək olur ki? Necə deyərlər, köhnə hamam, köhnə tas.

Lakin bu günlərdə Aynur Camalın Astan Şahverdiyevin ölümü ilə bağlı yazısını və yazının altındakı şərhləri oxuduqdan sonra gördüm ki, burada susmaq mümkün deyil! Çünki söhbət yazanın və haqqında yazılanın kimliyindən getmir, söhbət milli dəyərlərimizdən, milli əxlaqdan gedir.

Mərhum Astan Şahverdiyevin xoş gündən deyil, bir tikə çörək dalınca xaricə üz tutan vətəndaşlarımız haqqında dediyi sözün yanlışlığını vaxtilə biz də yazmışdıq. Özü də üzr istəmişdi. Lakin bütün bunlar artıq arxada qalıb. O, dünyasını dəyiib. Yenə xatırlamaq , alim, pedaqoq, milət vəkili kimi fəaliyyəti haqqında yenə danışmaq, fikir bildirmək olar. Lakin bu fikirlər arasında fərqliliklər olan kimi biri-birini təhqir etmək, alçaltmaq, diriyə qoşub ölünü də hədəfə çevirmək insanlığı sığan , bizim millətə yaraşan iş deyil.

Özünə, ailəsinə, xalqına sayqı duyan hər kəs sosial medianı başına alan bu mənəviyyatsız, tərbiyəsiz yazışmalara "dur!" deməlidir. Özünün də söyüş hədəfinə çevriləcəyindən qorxmadan hər kəs bu addımı atmalıdır! Ölümdən daha ağır bir şey varmı? Yox! Mövlana deyir ki, hamı ölür, kimi torpağa, kimisə ürəyə dəfn edilir. Bir çox millətləri tanımaq və birlikdə çalışmaq şansım olub. Dünyanın bir çox ölkəsində böyük dərdimizi ifadə etmək üçün konfranslarda iştirak etmişəm.

"Böyük dərd" dediyim Vətən və işğal altında olan torpaqlarımızdır. Qarabağın işğalından əvvəl də, sonra da yaşadığımız Cənubi Qafqazda qonşumuz olan erməniləri, gürcüləri, rusları yaxşı tanıyırıq. Erməniləri daha yaxından tanımaq imkanım olub. Çünki Qərbi Azərbaycanda doğulub boya-başa çatmışam. Ermənilərin yaxın tarixdə bizim torpaqlarımıza köçürülüb, bizimlə qonşu olduqları da heç kəsə sirr deyil. Bu başqa bir məsələ, yazmaq istədiklərim bunlar deyil.

Lakin bu ədalətsizlik bizlərə onları tanımaq imkanı verib. Adlarını çəkdiyim bu xalqların bizdən fərqli tərəflərini hamımız dəfələrlə görmüşük. Hər xalqın öz yaxşı və pis cəhətləri var. Lakin bir gürcü öndə gedən digər bir gürcünü yıxmaq üçün çalışmaz, bir rus vətəni üçün mübarizə aparan bir rusu qaralamaz, bir yəhudi başqa bir yəhudini məhv etmək üçün qarayaxma kampaniyası təşkil etməz. Hətta erməni belə qondarma erməni soyqırımı üçün mübarizə aparan bir erməninin quyusunu qazmaz...

Arxada başqa proselər də gedə bilər, lakin görünən budur. Bizim kimi bir-birini yox etmək istəyən ikinci bir toplum varmı görəsən? Bizim qədər bir-birini qaralayan, şərləyən, təhqir edən, söyüş söyən, qadın, kişi, yaşlı fərqi qoymadan hər kəsə şər atmağa hazır olan bir cəmiyyət göstərmək olarmı? Siyasi və ya şəxsi maraqları üçün hər şeyi ayaqlar altına atan, fərqli düşüncəyə sahib olan hər kəsi düşmən bilən bir şəraitdə yaşamaq və çalışmaq qədər çətin bir iş ola bilərmi? Bu əzab və faciədir.

Qul haqqı yeyən, ölünün belə arxasından danışan, bunlar kimi düşünməyən birinin ölümünə sevinən, bunlardan olmayanın özü bir yana, övladına da bəd dua edən insanlar, yəqin ki, xəstə ruhludur. Torpağını işğal edən, qız-gəlinini əsir edən, qürurunu, şərəfini ayaqlar altına atan düşməni erməniyə belə kin və nifrət bəsləməyib, onun üçün çalışan ziyalılarını yox etmək üçün əlindən gələni edən bir cəmiyyət hara qədər gedə bilər? Bütün bunların narahatlığını keçirməyən birisi varsa, onun normal vətəndaş olduğuna inanmıram! Bizim başqa düşmənə ehtiyacımız yoxdur. Özümüz özümüzə bəs edirik. Türkün əxlaqında belə çirkinliyə yer ola bilməz və heç bir zaman da olmamışdır. O zaman sual yaranır ki, bu qədər yadlaşma haradan peyda oldu? Bu qədər nifrətin gələcək nəsillərə ötürülməsinin arxasında hansı tərbiyə sistemi dayanır və bunun qarşısı necə alınacaq? İnternet əsri ilə özünün kulminasiya nöqtəsinə yüksələn bu xəstəliklə mübarizə aparmalıyıq. Çünki bu xəstəlik yoluxucudur. Bizə düşən cəmiyyəti bu bəladan xilas etməkdir. Bunun da tək yolu var. Cahil, xain tutduğu yoldan əl çəkmirsə, biz niyə haqq bildiyimiz yoldan çəkinməliyik?

Qısacası, susmaq olmaz. Bu hədd bilməyənlərə yerləri göstərilməlidir! Unutmayın ki, sussanız, növbəti hədəf siz olacaqsınız!.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm