Fahişələrlə tanışlığım o gecədən başladı
Bizi izləyin

Köşə

Fahişələrlə tanışlığım o gecədən başladı

- Yeni işin necədir?

- Özümü yeni başlayan fahişə kimi hiss edirəm. Pul üçün sevmədiyim işə dözməliyəm.

- Ümidini itirmə... Bir gün sən də kurtizankaya çevriləcəksən...

***

Şarlotta Brontenin ruhu London özündə damla-damla bakirə rahibə obrazı yaradıb. Ən yaxın qonşularına belə mühafizəkar davranan şəhərlər kraliçası tarix boyu yığdığı günahlarını “tənha qadınlar qəbristanlığı” adı ilə ən dərin quyusuna gömüb. Qədim əyyamlarda əxlaqsız qadınlar öl(dürül)əndə bu dinsiz-imansız qəbristanlıqda basdırılarmış. Hər gecənin zülmət uğultusunda sahibsiz ölülər dirilib, küçədən keçənlərə bədən açır, döyülə-söyülə pul dilənir. Təsəvvür edirsiniz, bir zamanlar kirli cəsədlərə qızıl dənəsi qədər baha ölçülən bu qəbristanlıq torpağı indi elə onların özü ağırlığında müqəddəs pirdir. Ardı-arası kəsliməyən insan seli hər gün bu xəzinəni ziyarət edir, şam yandırıb arzu tutur. Çünki hamı bilir, hər fahişə vücudu ən saf qadın arzularının qəbristanlığıdır. Gələnlər də dualarında öz arzularını oyatmağı umurlar.

Əslinə qalsa bütün peşələrin anası fahişəlik deyilmi? Sifarişlə freskalar çəkən Mikelancelodan tutmuş, hökmdarları mədh edən saray şairlərinədək hamımızın ruhu bəlli məbləğ qarşılığında satın alınmayıbmı? Demək ruhun fahişəliyi daha alçaqdı. Bəs sevmədiyi, hiss etmədiyi varlı ər xatirinə bədənini bir imza ilə ömürlük satan bakirə qız? İncimədən, qırmadan-qırılmadan, düşünün, bu rəsmi, sənəd-sübutlu fahişəlik deyilmi? Sadəcə ruhumuzun əxlaqsızlığına müxtəlif adlar qoyub, rəngbərəng don geyindirməyi bacaran toxunulmazlarıq.

Heç bilirsiniz dünyanın ilk fahişələri kimlər olub? Quru çörək almağa pulu çatmayan kənizlər... İntim münasibəti vergili, ödənişli peşəyə çevirənlərsə, tükənmiş, səfil qadın vücudu üzərində pul qazanan yalavac məmurlar...

Ruhunu kol-kosda basdırıb, bədənində min xəstəlik boğuşan qadının cinsi istismardan həzz ala biləcəyini zənn edirsiniz? Etməyin! Fikrinizdən daşındıra bilmədimsə, “Ben nasıl kötü kadın oldum” kitabını elə Türkiyə türkcəsində fahişələrin arqo püskürən dilindən oxuyun.

Əsrlərdir dünyada milyonlarla həmcinsim zorla satın alınaraq seks turizmin qurbanına çevrilir, xüsusən də kasıb ölkələrin ən böyük gəlir mənbəyi fahişəxanalardır. Bu qaranlıq otaqlarda dünyanın bəkarəti elə beşikdə pozulur.

***

Oğlum yeni doğulmuşdu. Formalaşan körpə bağırsağı həm özünə, həm də bizə sancı verirdi. Strasburq kimi kar şəhərin gecəsi də lap zülmət olur. Uşağı susdurmaq üçün gecələr bəzən saatlarla maşında gəzirdik. Fahişələrlə ilk tanışlığım da o gecələrdə başladı. Hamı isti yatağında büzüşdüyü vaxt bu bəxtsizlərin iş saatı başlayırdı. Ağzımızı-burnumuzu şərfə bürüdüyümüz sazaqda bildiyiniz iş uniformalarını geyinib, küçələrdə fənər kimi işıq saçırdılar. Şüşədən gözlərinə baxırdım həmişə... Saxta, şaxta hətta guya ehtiraslı baxışlarının altında fahişə bəxtini söyən yaralı canavar yatırdı. Heç şübhəsiz 5 dəqiqə sonra kimsə maşınını saxlayıb, birini çağıracaqdı. Vicdanın sərhədlərini aşan fantaziyasını üstündə gerçəkləşdirəcəkdi. Ən yaxşı halda üstünə biraz pul töküb, yenə küçənin zülmətinə buraxacaqdı. Ən pis halda da qana susamış manyak çıxacaqdı kolluqdan. Döyüb-söyüb, bəlkə də boğub-öldürüb, cəsədini meşəyə əmanət edəcəkdi. Sonra da milyonlarla fahişə ruhların tapdadığı qum dənələri birdən qızıla çevrilib dəyərə minəcəkdi, bu bəxti fahişələri basdırmağa bir ovuc torpaq tapılmayacaqdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm