“Toppuş bacı” niyə ağlayır: “Hummer”, ev, yoxsa?...
Bizi izləyin

Köşə

“Toppuş bacı” niyə ağlayır: “Hummer”, ev, yoxsa?...

Nigar İxtiyarqızı

Onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicəsinə pul yığılan əməkdar artist Tünzalə Əliyevanın bir-birini təkzib edən ziddiyyətli açıqlamalarının ardınca bir neçə ay əvvəl ”Hammer” markalı avtomobil almasının üzə çıxması növbəti müzakirələrə səbəb olub.

Aktrisa ATV telekanalında gedən “Bizimləsən” verilişində pulun müalicəsinə xərclənəcəyini deyəndən sonra Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli onun əməliyyat edildiyini, sağaldığını bildirmiş, Tünzalənin özünü xəstəliyi ilə reklam etdiyin söyləmişdi.

Sitat: “Hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir.

Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Toppuş bacı” nəyə görə xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə insanlar da xərçəngdən qorxur”.

Bu açıqlama sürətlə sosial şəbəkələrdə və mediada yayıldı, ona görə aktrisa dediklərinə düzəliş etməyə məcbur qaldı. Hətta açıqlama verərək baş onkoloq A.Kərimlinin tamamilə haqlı olduğunu bildirdi. Əlavə etdi ki, artıq səhhəti normaldır. Ona Milli Onkologiya Mərkəzində pulsuz bütün lazımi qulluq edilib.

Lakin elə həmin günün axşamı ATV kanalında Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə növbəti dəfə çıxaraq həmin pulu müalicəsi üçün deyil, evinin ipoteka borcunu ödəmək üçün yığdığını etiraf etdi:

Sitat: "Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm".

Bu gün isə T.Əliyevanın bir neçə ay qabaq ”Hammer” markalı avtomobil aldığı üzə çıxıb. Ölkə.az yazıb ki, sözügedən avtomobilə 25 min manat xərcləyən aktrisanın maşınına sonradan həbs qoyulub.

Maşına həbs qoyulmasına səbəb cərimələrini ödəməməsi ehtimalı göstərilir.

Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov isə ümumiyyətlə, “Toppuş bacı”nın onkoloji xəstəliyinin səbəbi ilə bağlı açıqlamasını təkzib edib. O bildirib ki, aktrisanın mədə kiçiltmə əməliyyatı keçirdiyi üçün xərçəng xəstəliyinə düçar olduğunu bildirməsi yalandır: “Bütün bunlar cəfəngiyyatdır. Çünki heç bir bariatrik əməliyyat onkoloji proses yaratmır”.

Mütəxəssis hesab edir ki, xərçəng xəstəliyi illər ərzində yaranır. Tünzalə xanımın səhhətində yaranan bu xəstəliyin də 5 illik tarixi var: “5 ay öncə əməkdar artist Tünzalə Əliyeva mədəkiçiltməsi əməliyyatı olunub. Tünzalə xanım əməliyyat olunanda 127-129 kiloqram çəkidə olub.

Əməliyyatdan keçən 3 ay ərzində mütəmadi olaraq danışmışıq, müayinələrə gəlib. Əməliyyatının üçüncü ayında Tünzalə xanım ginekoloji problemi olduğunu bizə dedi və əlavə etdi ki, illər öncədən yaranan bir problemdir.

Elə buna görə də Tünzalə xanıma onu müayinə edən ginekoloq iki il öncə övladını qeysəriyyə yolu ilə dünyaya gətirməyi məsləhət görüb, təbii doğuşa icazə verilməyib. Uşaqlıq boynunun xərçənginin əmələgəlmə risk faktorlarının içərisində “Human-popiloma” dediyimiz “insan popiloma” virusu bu prosesin yaranmasında 95 faiz etioloji faktordur.

Mütəxəssis deyir ki, “insan papilloma”sı adlanan virusla mübarizə aparılmadığı tədqirdə bu xəstəlik uşaqlıq boynunun xərçəngi xəstəliyinı çevrilə bilər:

“Ginekoloji problemlərdə atbizasiya – yəni onkoloji xəstəlik önü diaqnozu təyin olunub. Biopsiya materialı götürülüb. Müayinənin cavabında isə bildirilib ki, pasiyentdə endomatreal qaşıntı və uşaqlıq boynundan götürülmüş “Qreyt 3 – atbizasiysa” və odinamatoz problem inkar edilmir. Elə buna görə də pasiyentimizə “gələcəkdə onkoloji problem üzə çıxa bilər” deyə xəbərdarlıq etdik. Tünzalə xanım xəbərdən sarsıldı. Beləliklə, Milli Onkoloji Mərkəzə müraciət edildi”.

Yeri gəlmişkən bildirək ki, hazırda T.Əliyeva verilişdə ağlamağı ilə 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm