Köşə
Rüstəm bəy öz "gələcəyini" elan etdi...
Aynur Camalqızı
Rüstəm İbrahimbəyovun bir neçə ildir hərdən mediada peyda olan siyasi bəyanatlarının arxasında dayanın siması qəribə şəkildə Üzeyir Hacıbəylinin Rüstəm bəy obrazına bənzəyir.
Bu oxşarlıq və bənzərlik yalnız adın doğurduğu assosasiya ilə bağlı deyil – hərgah, bunu da istisna etmək olmaz. Amma əsas məsələ budur ki, Üzeyir bəyin Rüstəm bəyi ilə İbrahim bəyin nəvəsi Rüstəm arasında tale oxşarlığı var.
Rüstəm bəy “azart oyunlar”a qurşanmışdı və var-dövlətini itirmişdi, sərvəti yalnız bircə qızı idi ki, onu da qazanc məqsədilə Məşədi İbada satırdı.
Qürurlu bəy adını darmadağın edən Rüstəm bəyin kədərli aqibəti filmdə gözəl təsvir olunur.
Eyni aqibətdir – İbrahimbəyov da kimlərinsə “azart oyunu”na alət oldu, hər şeyini itirəndən sonra keçmiş və şöhrətli adına sığınıb, filmdəki “bəyliyini” qorumağa çalışdı. Çifayda – çəkdiyi filmin Azərbaycanın əleyhinə olması, milli kimliyə qarşı çevrilməsi və s. məsələləri kənara qoyuram. Məsələ burasındadır ki, bu film bədii-estetik və ideya, rejissor işi, ssenari baxımından özünü doğrultmadı, baxılmadı, tənqidçilərin diqqətini çəkmədi, hətta ermənilərə “qardaş məhəbbəti” belə bu filmin Ermənistanda və erməni diasporu vasitəsilə dünyada yayılmasına vəsilə olmadı. Vaxtilə yaradıcılığı sayəsində topladığı şan-şöhrəti mübadilə məntəqəsində “siyasi obraza” dəyişdirəndə məlum oldu ki, şəxsin dəyəri Venesuela bolivarı kimi bir şeydir. Venesuelada bir ilə bir neçə milyon faizlik inflyasiya baş vermişdisə, Rüstəm İbrahimbəyov cəmi bir günə devalvasiyada rekorda imza atmışdı və siyasi karyerasının başqa ssenaristlər tərəfindən yazılmadığını, məhz “cızma-qara” edildiyini və bu filmin heç vaxt çəkilməyəcəyini anlayan ssenarist bir də onda ayılmışdı ki, “siyasi obrazı”na rubl artıq yaxın durmur.
“Uduzduğu pulları qaytarmaq üçün” bir bəy kimi, namusuna and içərək, siyasi meydandakı dostlarını tullayıb, bir daha “bəy ola biləcəyi meydana” qayıtma və özünü rubla çevirmə cəhdləri isə fiaskoya uğradı.
Yəni tam bir iflas – yaxın keçmişin şöhrətli bir rejissor-ssenaristinin aqibəti qətiyyən məmnunedici deyil. Peşəkar olduğu sahədə yaşadığı uğursuzluqdan sonra Rüstəm bəy artıq harda olduğunu müəyyənləşdirməkdə çətinlik yaşayır.
Rüstəm bəy, doğrudan, özünü itirib - gah ssenariyə qaçır, gah çəkiliş meydançasına, gah da siyasi arenada özünü axtarır. Bu qaçaqaçda, deyəsən, siyasi meydana gəlib çıxıb və tənginəfəs “Mən hardayam axı” narahatlığı ilə bir çağırış edib. Təsadüfən, özünü axtara-axtara gəlib çıxdığı məkanda qəfildən Mehman Hüseynovla bağlı soruşublar, bu da deyib:
“Bir əsr öncə bütün Şərq üçün azadlıq və ədalət nümunəsi olan ölkədə özünü bizim dövlətçiliyin əsasını dağıdan korrupsiyaya qarşı mübarizəyə həsr etmiş gəncin məhv edilməsi yolverilməzdir”.
Çox kədərləndirici mənzərədir: Rüstəm İbrahimbəyov doğrudan da bilmir hardadır.
“Bizim dövlətçiliyin” məgər Rüstəm bəyə bir aidiyyəti varmı? Cəmi 3-4 il öncə Azərbaycanla bağlı bütün sualların üstündən xətt çəkən, telefonu qapadan, zəng edənləri peşman edən, özünü Rusiyaya bağlayan və Qarabağa ermənilərin haqq etdiyini deyən bu Rusiya vətəndaşı “bizim dövlətçiliyimizdən” necə danışır və yaxud, bəlkə elə güman edir ki, Mehman Hüseynov Rusiya vətəndaşıdır?
Ümumiyyətlə, bəziləri niyə hər şeyi bilə-bilə, Mehman Hüseynovun özünü “korrupsiyaya qarşı mübarizəyə” həsr etdiyi yalanına inandırmaq istəyir və yaxud bu yalanı yaymaqla məşğuldur?
Mehman Hüseynov bir fərd olaraq qardaşı Emin Hüseynovun sayəsində ortaya çıxıb. “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu” adlı bir qeyri-hökumət təşkilatı yaradan E.Hüseynovun karyerası və etdikləri daha çox müxalifət düşərgəsinə bəllidir. E.Hüseynov hər il AB diplomatik korpusu və ABŞ səfirliyi də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlardan milyonlarla qrant alan, əvəzində qrantları təyinatı üzrə xərcləməyən, buna görə də müxaliflərin ən sərt şəkildə hədəfə aldığı şəxsdir.
Hətta “demokratik medianın maddi-texniki bazasının yaxşılaşdırılması” üçün aldığı külli miqdarda qrantın belə səsi-sorağı çıxmadı.
2009-2010-cu ildə - RATİ-nin ən “bərkgedən” vaxtında bu qurumun ildə yalnız bir qurumdan milyonu haqlayan qrant alması və bunun qarşılığında heç bir real iş görməməsi, yalnız “təqib edilən jurnalistlərlə” bağlı saxta hesabatlar hazırladığını həmin dövrün mediasına baxmaqla da müəyyən etmək olar. İş o yerə çatmışdı ki, Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbəri Aydan Uaytın və Beynəlxalq Mətbuat İnstitutunun sədri Yoxan Fritsin iştirakı ilə təşkil olunmuş beynəlxalq konfransda E.Hüseynov “İdeal” qəzetinin baş redaktorunu müdafiə edərək, onu “repressiyanın qurbanı” kimi qələmə vermişdi. O zaman A.Uayt da əvvəlcə E.Hüseynovun mövqeyini müdafiə etmiş, lakin sözügedən baş redaktorun kimliyi və əməlləri haqqında məlumatlandırıldıqdan sonra RATİ rəhbərini yalançılıqda günahlandırmışdı.
Digər tərəfdən, onun öz kollektivinin üzvlərinə 800 avro maaşa qol çəkdirib, 200-400 avro arası maaş verməsi, “ölü canlar” saxlaması, “pripiska” etməsi, işçilərini qul kimi işlətməsi barədə 2009-2013-cü illərdə yazmayan, deməyən az jurnalist tapılar. Saçını rəngləyib, ölkədəki xarici səfirliklərin birinə özünü atmamışdan və beləliklə, məsuliyyətdən qurtarmamışdan az öncə E.Hüseynovun aldığı qrantlar qarşılığında 150 min dollar vergi ödəməsi onun fəaliyyət dairəsini təsəvvür etməyə kifayətdirmi?
Ölkədən qaçandan sonra E.Hüseynovun külli miqdarda qrantları necə mənimsədiyi barədə keçmiş həmkarları sosial şəbəkə hesablarında debata çıxmışdılar, hər şeyi açıb tökürdülər. Bütün bunları bilməyən varmı?
Mehman Hüseynovun da “korrupsiya ilə bağlı” bir video üçün 5-20 min dollar arası qrant sildiyini və qardaşının bu sahədəki “peşəkar” fəaliyyətini davam etdirdiyini sosial şəbəkə istifadəçiləri tirajlayırlar. Nə məsələdir, 20 min dollara bir video çəkən və çəkdiyi videoda qeyri-etik, qeyri-peşəkar ifadə-görüntü-jestlərlə vidadiisgəndərlisayağı “xal toplayan” indi qəhrəman oldu?
Hansı intellektləri, savadları, siyasi-ictimai fəaliyyətləri ilə diqqət çəkiblər? Qardaşların üst-üstə bir konseptual, geniş ictimai-siyasi yanaşmalarını oxuyan varmı? Təqib edilən jurnalistlərin üzərində pul qazanmaqdan və yaxud, ciddi şəkildə ayrılmış pulla sifarişli “korrupsiya videosu” hazırlamaqdan, hətta video hazırladığı deputatla “bazarlaşmağa hazır olduğu” haqda yayılan informasiyadan başqa Mehman Hüseynovun mahiyyəti və təyinatı nədir? Hansı parametrinə görə azərbaycanlıdır və Azərbaycan gəncliyinin gələcəyidir?
M.Hüseynovun anasının dəfn mərasimi üçün bir günlük azad edilməsi zamanı onun danışığını, müsahibəsini, hərəkətlərini və jestlərini əks etdirən videoları izlədinizmi? Anasının ölümünü yaşayan təsiri bağışlayırdımı?
Budurmu Azərbaycan gəncliyini təmsil edən nümunə? Ən munis hisləri belə alətə çevirmək bizim gələcəyimizdir? Yoxsa Avropanın anti-Azərbaycan qurumları yalnız heç bir dəyər tanımayan bu cür gənclərdən bizlərə gələcək hazırlamaq istəyir?
Heyrətamiz odur ki, vicdanla, namusla jurnalistika ilə məşğul olan peşəkarları yox, məhz bu cür “beynəlmiləl” gəncləri Rüstəm bəy və Əkrəm Əylisli “görəsi” olur: O Rüstəm ki, “Qafqaz triosu” ilə özünün kimliyini ortaya qoydu; o Əylisli ki, “Daş yuxular”la erməni sevgisini göstərdi.
Siz kimlərə işləyirsiniz? Siz haradan idarə olunursunuz? Sizləri kim simasızlaşdırıb, milli-mənəvi və ziyalı dəyərindən məhrum edir?
Ağrılı, təəssüflü haldır: Əkrəm Əylisli kimi yazıçının, Rüstəm İbrahimbəyov kimi rejissor-ssenaristin aşağı-yuxarı 80 yaşlarında özlərini itirməsi və avroya çevrilən dramların yürütdüyü siyasətlə şəxsi zəmində faciə dramları yaşaması dəhşətlidir.
Kim və necə itirir bunları? Yoxsa bunlar elə əvvəldən olmayıblar, yalnız kimlərsə onları bizə əslində olmadıqları kimi təqdim edib?
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri