Çöldə demokrat, evdə diktator
Bizi izləyin

Köşə

Çöldə demokrat, evdə diktator

Aynur Camalqızı

Dostlar, tam səmimiyyətimlə deyirəm, dünən Selcan Yağmurla qürur duydum. Ona görə yox ki, radikal müxalifətin təmsilçisi olan Fuad Qəhrəmanlının qızıdır, atasının siyasi reputasiyasını yerlə-bir etdi, əsl simasını ortaya çıxartdı. Yox. Ona görə ki, artıq ölkəmdə zərərli və təhlükəli mental zəncirləri dağıtmaq gücündə olan bir nəsil yetişir: təhsilli, özgür, öz hüquqlarını bilən, özünü ifadə edən yüksək dünyagörüşlü qızlarımız var. Və onlar hətta atalarının belə şiddətinə, ədalətsizliyinə, “çöldə demokrat, evdə diktator” simasızlığına baş əyməyəcək qədər güclüdürlər.

Toplumu, cəmiyyəti onun təhsilli, intellektli, kişi zülmünə boyun əyməyən qadınları ayaqda tutar. O qadınlar ağıllı, tərbiyəli övladlar böyüdər. O qadınlar “camaat nə deyər” qorxusuyla yaşamaz, atalarının analarını döyməsinə seyrçi qalmaz, atalarının əxlaqsızlığına göz yummaz, valideyn seçimiylə ailə qurmaz, gözünün önündə baş verənlərə susmaz. Susmaz!

Hər kəsə görk olmalıdı Selcan nümunəsi! Nəhayət, anlamaq lazım ki, qadınla kişi bərabər hüquqludur. Dünyanın heç bir yerində “kişidir dəə...” deyib kişilərin əxlaqsızlığına göz yumulmur, əxlaq hesabı yalnız qadından tələb olunmur. Dünyanın heç bir normal ölkəsində kişi cinsindən olduğuna görə müstəsna üstünlüklər tanınmır əks cinsə. Hər kəsə İnsan kimi baxıllr. Və hər kəs öz əməllərinə görə məsuliyyət daşıyır, cəmiyyətdə öz yerini tutur.
Dəfən-dəfən təkrar etmək istəyirəm: Selcanın cəsarətini, özünüifadə azadlığını təqdir edirəm. Çoxlarının edə bilmədiyini etdi. Saxtakar olmadı, içi yanarkən yalandan gülümsəmədi. Yalandan özünü xoşbəxtmiş kimi göstərmədi. Əksinə, şəxsi faciəsinin səbəblərindən biri kimi demokratiya, insan haqları uğrunda mübarizə apardığını iddia edən bir təşkilatın mahiyyətini bütün iyrəncliyi ilə ifşa etdi. Söyüşcül və cahil kütləni ətrafına toplayaraq aqressiya və nifrət püskürən “siyasi”lərdən bu xalqa yalnız zərər gəldiyini göstərdi.

Mənzərə necədir indi? Dəhşətli və faciəvi! Selcanın, 18 yaşlı məsum qızın üstünə “səlib yürüşü”nə qalxıblar. Selcanın üstünə gedənlər, linç edənlər, nə düşünürsünüz, bu qız ailəsində baş verənlərə görə özünə qapılmalı, dərd çəkməli və intihara əl atmalıydı? Bir azərbaycanlı gəncə rəva gördüyünüz budur? Onun travmalarını anlamaq bu qədərmi çətindir? Sizin məntiqinizlə bu qız atasının zülmünə dözməli, dözə bilmirsə, ölməli, amma qətiyyən danışmamalıdır, eləmi?

Əminəm ki, Selcan etirazın o yolunu seçsəydi, sevinərdilər, qol götürüb oynayardılar. Sonra da “Selcan iqtidarın zülmünə dözmədi” epitetləri ilə sosial şəbəkələrdə “üsyan” püskürərdilər. Saxtakar ol, amma tənqid etmə, 18 yaşlı gəncdən #haqsızlığasusma həştəqini yeri gəldi-gəlmədi gözə soxan radikal müxalifətin istəyi budur, təəssüf ki! Çox təəssüf ki, qaragüruhcu söyüşcüllərin ağızlarından Azərbaycan dilindəki söyüş və təhqiri ifadə edən bütün iyrəncliklər tökülür. O ağızlar Əli Kərimlinin mənəviyyatıdır. O qafasızlar anlamır ki, yapon dilini bilən, Avropada təhsil alan gənc Əli Kərimliyə sitayiş edə bilməz. Fərq ortadadır. Yerlə göy qədər fərq.
Açıq və gizli trolların sosial mediadakı səhifələrinə göz gəzdirmək mümkün deyil. O dərəcədə ürəkbulandırıcı və biabırçıdır. Məncə, bu cinaha son dəfə şans verilmişdi. 18 yaşlı gənc tərəfindən şans verilmişdi ki, səmimi olun, etiraf edin, üzr istəyin.

Olmadı. Bundan sonra nə olacaq bəs? İndən sonra onlar yenədəmi haqqdan, ədalətdən danışacaqlar?
Danışacaqlar, amma inananlar az olacaq və getdikcə də azalacaq. Evdə arvadını, qızını döyüb, tədbirlərdə insan haqlarından, gender bərabərliyindən ağzı köpüklənə-köpüklənə dəm vuran zehniyyət nəhayət, siyasi səhnəni tərk etməlidir. O zehniyyət ki, 100 il öncə çadraları atıb məktəblərə üz tutan qadınları yenidən çadralara bürümək istəyir. Dini radikalizmlə siyasi radikalizm Dövlətə də, Qadına da eyni yöndən baxır. Təhlükəni bax, burada - bu zehniyyətdə axtarmaq lazımdır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm