• USD 1,7000 0,00% EUR 1,8528 0,00%
    • GBP 1,9547 0,00% RUB 0,0208 0,00%

Dünya qorxu içində, Bakıda heyrətləndirən mənzərə...

  • Köşə
  • 17 Mart 2020 09:43
  • 68 752 Baxış
Dünya qorxu içində, Bakıda heyrətləndirən mənzərə...

Aynur Camalqızı

Koronavirus söhbəti ortaya çıxandan “Çernobıl” filmi gözümün önündən getmir. Həqiqətən, qorxu filmi kimi bir olay...

Kimin ağlına gələrdi ki, dünyanın ən inkişaf etmiş ölkələri sayılan Avropa dövlətləri bir virusun əlində belə çarəsiz, girinc qala bilər?! İtalyan həkimlərin yazdıqları dəhşətlidir... Belə çıxır ki, tibb qətiyyən irəliləməyib, təbabətdəki uğurlar, inkişaf nağıldan, uydurmadan başqa bir şey deyil?!

Belə çıxır ki, dünya fövqəladə vəziyyətlər üçün qətiyyən hazırlıqlı deyil?!

Vəziyyət son dərəcə, heç vaxt olmamış qədər ağırdır...

İtaliyada virusa yoluxmuş xəstələr üçün yataqlar, süni nəfəs aparatları çatışmır. Həkimlər xəstələri sağaltmaq üçün bu günlərdə əsl qəhrəmanlıq nümunəsi göstərir. Amma imkanlar məhdud. Bu virusun müalicəsi yoxdur, sağalma şansı immunitetə bağlı. Bu nə qrip deyil, nə pnevmoniya. İnsanlar doğmalarından uzaqda, izolə olunmuş palatalarda əzabla can verirlər. Fransada, İspaniyada vəziyyət kritikləşməyə doğru getməkdədir. İnsanlara zərurət olmadıqca evdən çıxmamaq tövsiyyə olunur. İspaniyada otellərin xəstəxana kimi istifadə olunması barədə söz-söhbət gəzir. Demək ki, ABŞ da daxil, bütün ölkələrdə vəziyyət aşağı-yuxarı eynidir. Dövlətlər, hökumətlər əldə olan imkanlarla insanlarını qorumağa çalışır. Bir daha təkrar edəcəm: çox ağır, çox çətin vəziyyətdir. Hətta faciəvidir. Və qəribədir: indi hamını sadəcə, həyatda qalmaq, Sağ Qalmaq düşündürür. Pandemik virus hamımızın qorxulu yuxusudur artıq.

Allah qorusun! Məncə, artıq zarafatları, lağlağını bir kənara qoyub ciddi-ciddi ətrafımızda və dünyada baş verənləri götür-qoy etməliyik. Koronavirus - zarafatlıq məsələ olmaqdan çıxıb, fəlakət kimi insanların üstünə gəlir. Var gücümüzlə, bütün qüvvəmizi toparlayaraq özümüzü, ətrafımızı qorumalıyıq bu virusdan. Maarifləndirmə işlərinə əşhədü-ehtiyac var. Media bu vəzifəni layiqincə üstlənməlidir. Evdə oturmaq, lazım olmadıqca küçəyə çıxmamaq, xüsusən uşaqları kənar təmaslardan qorumaq, qohum-əqrəba ilə ünsiyyəti maksimum dərəcədə azaltmaq, mollara, kafe-restorana getməmək lazımdır. Ehtiyac olmadıqca marketlərə hücum çəkməyək, döşəyimizin altına yığmaq üçün dollar almaq fikrindən vaz keçək, banklarda növbələrdə virusa yoluxmaq təhlükəsini bir an olsun, yaddan çıxarmayaq. İndi dollar toplamaq yox, həyatda qalmaq üçün çalışmaq lazımdır. Yoxsa o aldığınız dollarları istifadə edə bilməyəcəksiniz…

Bunları yazmaq xoş deyil, əminəm, elə oxumaq da. Amma... Günümüzün acı reallığı nə yazıq ki, bundan ibarətdir. Biz müharibə də görmüşük, haqqında qalın kitablar oxumuşuq, yaşlılardan da eşitmişik, filmlərinə də baxmışıq. İnqilab da görmüşük, eşitmişik, aclıq, qıtlıq da. Amma bu xəstəlik, bu virus vahiməsi, bu situasiya tamamilə fərqlidir. Dünya üçün yenidir, insanlar üçün anlaşılmaz dərəcədə heyrətamiz və qorxuncdur. Ona görə də hazırlıqlı olmalıyıq.

Alışdığımız, vərdiş etdiyimiz adətlərdən bir müddət uzaq durmalıyıq, adi həyat tərzimizi dəyişməliyik. Bu günlərdə toy edənlər nə boyda yanlış etdiklərinin fərqində deyillər. Sosial şəbəkələrdə toylarda çəkilmiş fotoşəkilləri təəccüb və əsəbiliklə izləyirəm. Doğrudan, dünyada baş verənlər, koronavirusun aldığı canlar vecinizə deyil? Doğrudan, özünüzün, doğmalarınızın, ətrafınızdakı insanların həyatını bir an içində qaralda biləcəyiniz sizi narahat eləmir? Bir müddət - bu nə qədər davam edəcək, heç birimiz bilmirik - toydan-yasdan, ad günü partilərindən, xınayaxdı məclislərindən, qara bayram mərasimlərindən uzaq olun, bu tədbirləri iqnor edin, yasaqlayın, fədakarlıq edin. Sözün həqiqi mənasında, Fədakarlıq edin! Hamımızın və özünüzün yerinə!

Mənə danışdılar ki, bu günlərdə bir nəfər dünyadan köçən atasını dəfn edərkən qəbiristanlıqdaca 3-7-40 mərasimləri verməyəcəyini bəyan edib. Qohum-əqrəbanın narazılığı ilə üzləşib, amma fikrindən dönməyib. Ehsan verəcəyi vəsaiti isə xərcləyib: uşaq evlərinə, qocalar evlərinə, ehtiyacı olan ailələrə ərzaq göndərib. Məncə, dünyadan köçən o Ata oğluyla fəxr edir indi. Nə qədər doğru və ağıllı hərəkət edib. İnsanların bir yerə, qapalı məkanlara toplanmasının qarşısını alıb, həmçinin, ehtiyacı olan insanlara yardım edib. Belə gözəl nümunələri paylaşmaq, mümkün olduğu qədər çox yaymaq lazımdır. Yoxsa ki, indiki halda, toy mərasimləri “Taun zamanı eşq” romanından başqa heç bir məna kəsb eləmir. Həyatımıza, sağlamlığımıza diqqətli olaq. Bir daha gəlməyəcəyik dünyaya. Bu dünyada İnsandan qiymətli, dəyərli heç nə yoxdur. Bir-birimizin qədrini bilək. Xüsusən körpələrin.

Çində karantin olan binaların qapılarını qaynaq edirlər ki, viruslu insanlar çölə çıxa bilməsin. Xəstələrin qışqırtısına-yalvarışlarına məhəl qoyan yoxdur. Qapalı məkanlarda həyatla ölüm arasında çarpışır, can verir o insanlar. O durumun ölkəmizə ayaq basmaması öz əlimzdədir. Dövlət lazım olan hər şeyi edir, virusa yoluxma riski olan şəxslər karantinə alınır, Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyətlə bağlı əhalini məlumatlandırır. Atılan addımlar, görülən işlər göz qabağında. Amma biz də dəstək olaq... Lütfən... Hamı üçün... Hər kəs üçün...

Hə, bir də baxmamısızsa, “Çernobıl” filminə baxın...

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR