Köşə
Ramil qəhrəman deyil: qəhrəman ola bilmədi...
Aynur Camalqızı
Ramil Səfərov – mənim içimdə bir ağrıdır. Onu xatırlayanda, onu düşünəndə, barəsində söhbət düşəndə həmişə içim sızıldayır.
Yanlış anlamayın. Ona görə yox ki, Ramil Səfərovu – Azərbaycan Ordusunun bu şərəfli zabitini qəbul etmirəm, bəyənmirəm, sevmirəm.
Qətiyyən!
Ramil mənimçün çox əzizdir. Heç bir genetik, qohumluq bağlarımız olmasa da, doğmalarımdan biri sayıram – həm də ən əzizlərdən.
Məni ağrıdan, içimi sızıldadan Ramil Səfərovun taleyidir, aqibətidir, yaşadıqlarıdır. Onun gənc ömrünə sığışdırdıqlarıdır...
Ramili tanıdığımız o məşum günləri xatırlayırsınız? O iztirablı, insanın qanını donduran acılı günləri... Onun ilk fotosunu. Məhkəmədən yayılan ilk çıxışını.
Yutubda indi də qalır. O qısa videoda, o kiçik epizodda biz yüksək səviyyəli, savadlı, ədəb-ərkanlı, alicənab, güclü, intellektli, igid bir Azərbaycan zabitini gördük...
Yadınıza düşdümü?
Bəli, ilk dəfə Ramili onda tanıdıq. İnsafla cavab verək: o gəncə qatil demək olardımı?
Biz əslində o ağır günlərdə, ondan sonrakı əzablı-məşəqqətli aylarda, həbsxanada keçirdiyi uzun və ümidsiz illərdə Ramilin etdiklərinə ad qoya bilmədik. Ad tapmadıq.
Ürəkdən-candan “Qəhrəmanımız” deyə bilmədik. Qəhrəman hesab edə bilmədik onu. Çünki Ramil Mübarizdən, Fəriddən, Fred Asifdən, Allahverdi Bağırovdan, Vəzir Orucovdan fərqli olaraq, ön cəbhədə, səngərdə düşmən öldürməmişdi.
Qəhrəmanlıq başqa bir mərtəbədir.
Qəhrəmanlıq...
Ramilin atdığı addım da böyük cəsarət idi, sonunu düşünməmək idi. Fəqət, tamamilə başqa, tamamilə fərqli vaqeəydi...
Ona acıyıram ki, taleyi Ramilə qəhrəman olmaq fürsəti vermədi. Halbuki o, qəhrəman doğulmuşdu – bu Vətən üçün, bu torpaq üçün böyümüşdü...
Amma... Amma dəyişməyən həqiqət odur ki, Ramil Səfərov əsl Azərbaycan zabitidir. Azərbaycan əsgəri necə olmalıdırsa, odur – hər yerdə - Ayda da, Marsda da, hansısa bir ölkənin ərazisində də, ön cəbhədə, səngərdə də torpaqlarımızı işğal edən bir ölkənin ordusunun əsgəri ilə, yəni erməni əsgəri ilə rastlaşarsa, münasibəti məhz bu cür olmalıdır. Azərbaycan əsgəri üçün fərqi nədir ki, bura Qarabağdır, yoxsa Macarıstan və ya Monqolustan.
Azərbaycan əsgərinin vəzifəsi düşməni məhv etməkdir!
Üstəlik, bu, sadəcə, üz-üzə gəlmək deyilsə, qarşındakı düşmən üçrəngli bayrağını, yəni uğrunda ölməyə hazır olduğun simvolunu təhqir edirsə, səni aşağılayırsa, üstəlik, Xocalıda erməni barbarlarının əliyalın insanlarımıza, qız-gəlinlərimizə, körpələrimizə etdiklərini xatırladaraq həqarət edirsə, gülürsə... - xahiş edirəm, o səhnəni gözünüzün önünə gətirin - mənim Əsgərim buna sussun, dözsün, sinəyə çəksin? Bunu istəyirsiniz?
Ramildən bunu gözləyirdiniz, ay kosmopolit yığını, ay erməni vəkilləri?..
Ramil Səfərov nə edibsə, düz edib. Vəssalam. Məncə, bu, müzakirə olunmamalıdır. Yəni biz – qız-gəlini əsir aparılan, 2 yaşlı Zəhrası qətlə yetirilən, hamilə qadınlarının bətnindəki körpələri süngüyə keçirilən, soydaşlarının başının dərisi soyulan, skalpeli çıxarılan... azərbaycanlılar bunu müzakirəyə çıxarmamalıyıq.
Amma nə yazıq ki, bizim toplumun bəzi “dünyəvi dəyərləri” əlində bayraq edən nümayəndələri, - onların arasında xeyli “tanınmış” da var – Ramil Səfərovla bağlı müzakirələrə - bir vaxt utanmadan Mübarizi müzakirə etdikləri kimi – “bəşəri prizmadan” yanaşırlar. Sosial şəbəkələrdəki mənzərə nə qədər rəzil və ironikdir: sanki yaşadığımız faciələrin bunlara və bunların “bəşəri dəyərlərinə” heç bir aidiyyəti yoxdur. Hər kəs kosmopolitdir. Sanki heç bu ölkədə yaşamayıblar, hansısa qayğısız-problemsiz Avropa ölkəsinin vətəndaşlarıdırlar və heç nədən – Xocalıdan, Ağdabandan, Andranikdən - xəbərləri yoxdur.
Heç Njdeyə heykəl qoyan, babası SS-də döyüşən Paşinyana münasibətdə bu qədər radikal deyillər.
Heç Xocalı qətliamını törətdiyi üçün Sərkisyana belə reaksiya verməyiblər...
“Özünü erməninin yerinə qoy” deyirlər.
Təsəvvür edirsiniz, bu, nə deməkdir? Özümüzü ermənilərin yerinə qoysaq, “məntiqlə” gərək, biz də hamilə erməni qadınlarının qarınlarına şiş soxaq, uşağa, böyüyə, qocaya, qarıya fərq qoymadan, uf demədən öldürək, qətlə yetirək.
İllər öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komissiyasının hesabatında oxumuşdum: erməni əsgər girov götürdükləri azərbaycanlıların arasından gənc bir qadının qucağından körpəsini dartıb alır və uşağı ananın üzünə çırpmağa başlayır. O qədər vurur ki, uşaq parça-parça olub ətrafa dağılır...
O bədbəxt ananı da dəhşətli işgəncə ilə öldürmüşdü o erməni.
“Özünü ermənin yerinə qoymaq” bax, budur. Erməni tərəfdən məsələyə baxış – dünyaya, insanlığa, bəşəriyyətə hayqırıdır.
Hər şeyi bağışlamaq olar bəlkə. Hər şeyi unudub xoşbəxt olmaq da mümkündür. Amma... Bəlkə hardasa başqa bir yerdə. Azərbaycanda yox. Uzaqlarda. Azərbaycanı və azərbaycanlıları unudaraq...
Bu ölkədə, bu torpaqda Xocalını nə bağışlamaq olar, nə unutmaq. O köməksiz, əliyalın insanları, onların dəhşətdən böyümüş gözlərini, o günahsız körpələri, son nəfərinə qədər qətl edilmiş ailələri, viran qalmış o şəhəri, o şəhərin üstündəki havalanmış ruhları... Xocalıya aid hər şeyi, yazılması, ifadə edilməsi çətin olan, xatırlayanda adamın sinəsinə dağ basılırmış kimi yandırıb yaxan, qanadan hər şeyi... nə bağışlamaq olar, nə unutmaq...
Hələ qətl edilmiş arzulardan danışsam, dinləməyə gücünüz çatarmı? Doğulmamış ölən, böyüməmiş qocalan, min yaşı olan arzuları deyirəm. O yükü daşımağa gücünüz çatar?..
Mümkün deyil. Bu ağrılar bizim taleyimizə biçilmiş “don”dur. Biz az müddət ərzində - təxminən son 20-25 ildə bir neçə əsrə sığmayacaq miqyasda dərd yaşamışıq. Hələ də yaşayırıq. Xocalı isə heç bir ağrı-acıyla, faciə ilə müqayisə olunmayacaq bir oddur, alovdur, yandırır.
Bunları yada salandan, sadalayandan, etiraf edəndən sonra Ramili müzakirə edin, görün, alınırmı?
Ramil Səfərov əslində bizim edə bilmədiyimizi edib. İçimizdəki qırıqları, sınıqları toparlamağa çalışıb. Ona görə heç birimizin haqqı yoxdur onun nə etdiyini, niyə etdiyini, necə etdiyini dartışmağa. Yoxdur!
Ən başlıcası isə... O, ermənini yatdığı yerdə öldürməyib. Bu, hətta məhkəmədə də sübuta yetirilib.
Amma bunun da heç bir fərqi yoxdur əslində: Ramil Səfərov 14 yaşlı qızı Xocalıda divara mıxlayıb, necə can verməsinə tamaşa etməyib, günahsız erməni uşağını, qadınını, qocasını öldürməyib. Erməni zabitini öldürüb. Azərbaycanlı uşaqların potensial qatilini... Və belələrinin harada, necə öldürülməsinin heç bir fərqi yoxdur.
O səbəbdən biz özümüzü yalnız Ramilin yerinə qoya bilərik. Yalnız onun.
Onu bacarın, özünüzü Ramillərin, Mübarizlərin, Fəridlərin yerinə qoymağa çalışın: bu millətin öcünü almaq üçün “sonunu düşünməyənlər”dən olmaq istəyin; bu yurda həqarət edənləri susdurmaq üçün hər yerdə - dünyanın o başında da, bu başında da – döyüşə hazır olan İgidlərimiz, Qardaşlarımızın yerində olmağı fikirləşin!
Başqa heç kəsin. Macarlar nə etdi, ermənilər nə dedi, dünya buna necə baxır, Avropa İnsan Haqları Məhkəməsi nə qərar çıxarır...
Cəhənnəmə olsun hər şey! Bizim haqlarımızı düşünən var? Bizə ədalətlə yanaşan var? Bir daha gəlməyəcəyimiz bu dünyada niyə bu ağrıları, acıları yaşamalıyıq? Niyə bizim sevdiklərimiz, doğmalarımız ölməlidir? Niyə bizim evlərimiz, yurdlarımız viran qalmalıdır? Niyə bu toplum Şuşa həsrətiylə yaşamalıdır? Niyə Laçını xəritədə öpməliyik? Niyə? Biz hansı günahların bədəlini ödəyirik? Əsirlikdə qocalan ömürləri də xatırladımmı? Onların bada gedən həyatları nə olsun?..
Siz şəhidlərimizin övladlarının gözlərinə baxmısınız heç? Baxmamısınızsa, baxın. Görün o baxışların qarşısında dayana bilirsiz? O uşaqlara istədiyini verə bilərsiz? Heç olmasa, bir anlığa, bircə anlığa Atalarını qaytara bilərsiz?..
Gücünüzdə deyil. Gücümüzdə deyil. Əl çəkin, əlinizi çəkin ağrılarımızdan.
Rahat buraxın Ramili və Ramilə baxıb Ramil kimi, Mübarizə baxıb Mübariz kimi olmaq istəyən, özünü onların yerində görən, bu Yurdu, bu Vətəni sizdən daha yaxşı qoruyacaq Nəsildən – Arzularımızı göyərdəcək Şərəfli nəsildən əl çəkin, onların düşüncələrini erməni vəkilliyinizlə zəhərləməyin!
İrəvandan, Zəngəzurdan, Göyçədən sonra “Qardaş olub Hayastan” oxumaqla, Qarabağ verən nəsil yetişdirənlərdən olmayın!
Biz qurbanıq! Ramil daxil, hamımız qurbanıq. Qarabağ münaqişəsinin taleyini dəyişdiyi qurbanlar...
Qarabağ üçün ölməyə hazır, Qarabağa qurban olmağa hazır...
Biz Qarabağa mütləq qayıdacağıq...
Amma sizinlə yox!
Biz Qarabağa Mübarizlərlə, Fəridlərlə, Ramillərlə qayıdacağıq!
Bu yolda ayağımızın altında qalıb, ayaqaltı etməyin özünüzü!
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz