Bakını alarkən gülümsədinmi?
Bizi izləyin

Köşə

Bakını alarkən gülümsədinmi?

Dilqəm Əhməd

Batumdakı ingilis həbsxanasından xilas olan Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa bacısı Hasene xanıma bir məktub göndərir.

Məktubunda yazır: “... Türklük Qərbdən deyil, Şərqdən doğacaqdır. Siz Azərbaycanı, Türküstanı çöl, səhra zənn etməyin. Oralarda elə şəhərlər var ki, Vyanadan heç fərqlənmir”.

Ardınca Nuri Paşa Azərbaycandakı qızların vəziyyəti barədə danışır, oxuyub-yazmaq bacaran İstanbul xanımlarının Azərbaycana gəlmələrinin vacib olduğunu bildirir: “Bu gənc xanımlardan bir neçəsi cəsarət edərək bir ay təcrübə məqsədilə Bakıya, Azərbaycana gəlsələr, həm özləri fövqəladə məsud olarlar, həm də oranın qızlarını yetişdirərək Türk tarixinin bir qəhrəmanı olarlar. Azərbaycanlılar öz qızlarının nöqsan tərbiyələrini görərək rus qızları ilə evlənməkdə və bu surətlə türklüklərini qeyb etməkdədirlər”.

Məktubunun davamında Nuri Paşa İstanbulda qızların, Azərbaycanda isə oğlanların çox olduğunu və buna görə də oradakı qızların Bakıya gələrək həm Azərbaycanda ailə qurmalarını, həm də müəllimlik etmələrini tövsiyə edir. Bu məqsədlə Azərbaycanda cəmiyyət qurulacağını, eləcə də Bakı xanımlarından İstanbula yola düşənlərin olacağını yazır.

Nuri Paşanın addımı bu gün qəribə gələ bilər.

Amma Azərbaycan xanımlarının maarifləndirilməsi məsələsi Hacı Zeynalabdin Tağıyevlə başlayan bir məsələ idi, burada məqsəd həm də təhsilli Azərbaycan gənclərinin xarici xanımlarla evlənmələrinin qarşısını almaq idi. Təsadüfi deyil ki, Cümhuriyyət tələbələrini 1920-ci ildə Avropaya yola salarkən də, onların qarşısına yarızarafat, yarıciddi bu şərt qoyulmuşdu.

Nuri Paşanın bu addımı həm də başqa bir məsələni ortaya çıxarır. Qafqaz İslam Ordusunun məqsədi Bakını təkcə rus, erməni, ingilis ordusundan azad etmək deyildi, eləcə də rus, erməni, ingilis təsirindən də qurtarmaq idi. Bunun ən uğurlu yollarından biri də İstanbuldan müəllimlərin gəlməsi, Bakıdakı xanımların maarifləndirilməsi, qarşılıqlı evliliklərin olması idi.

Nuri Paşanın İstanbuldan gələn müəllimlərlə yaxın dostluğu, hətta Rəmziyyə Hisarın timsalında onların rəsmlərini çəkməsi kimi faktları da nəzərə aldığımızda paşanın məqsədini başa düşmək olur.

***
Bu gün Azərbaycan və Türkiyə ordularının Qafqaz İslam Ordusu adı ilə birləşərək Bakını azad etməsindən 102 il ötür.

Atilla Oralın yuxarıda qeyd etdiyim məktubun mətninin də yer aldığı zəngin bilgi və fotoşəkillərlə dolu “Nuri Killigil” kitabındakı şəkillərə başdan-sonadək yenidən baxdım. Qəribədir ki, zabit Nuri Paşanın gülümsəyən fotoları, demək olar ki, yox idi. İstər Bakı cəbhəsində, istərsə də başqa cəbhələrdə çəkilən fotoşəkillərdə həddindən artıq ciddi görkəmdədir. Bu hal daşıdığı vəzifənin məsuliyyət hissindən qaynaqlanırdı. Mülki həyatdakı şəkillərində isə başqa Nuri Paşa qarşımıza çıxır. Olduqca şən, pozitiv şəkillər paşanın hərbdən kənar dünyasını əks etdirir.

Ötənlərdə Türkiyə arxivlərinin birindən Nuri Paşanın Əminə Naciyə Sultanla çəkilmiş fotoşəklinin surətini əldə etdim. Qardaşı Ənvər Paşanın xanımı ilə çəkilən fotoşəkildə Nuri Paşanın hansısa hadisəyə ürəkdən gülümsədiyi görünür. Bu şəkilə baxdıqca ağlımda sadəcə bir sual dolaşırdı:

Bakını alarkən də belə gülümsədinmi?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm