Siz nə edirsiniz, cənab Prezident!
Bizi izləyin

Köşə

Siz nə edirsiniz, cənab Prezident!

“Bu gün Madagizdə Azərbaycan Ordusu Azərbaycan bayrağını qaldırdı”.

Bugünkü tvitinizdir...

Yazırsız ki, “Madagiz bizimdir”.

Siz nə edirsiniz, cənab Prezident!

Nə qədər heyrətamizdir, bilirsiniz?!

Bu, Qələbə müjdəsi deyil, bu, Möcüzədir, arzularımızda, xəyallarımızda, təsəvvürlərimizdə 30 il birikdirdiyimiz Möcüzə...

O qədər sevinc, qürur və həyəcan içindəyik ki, ürəyimizin dözməyəcəyindən, dayanacağından qorxuruq. Bu qədər sevinci, xoşbəxtliyi, bəxtəvərliyi birdən-birə yaşamaq, dadmaq olar?!

Ordumuzun və Sizin sürətinizə çatmaq üçün qaçırıq, fərqindəsiniz?!

Gözümüz, könlümüz sevinir, ruhumuz bayram edir, yalnız və yalnız pozitivə köklənmişik, evrənə müsbət enerji göndərərərk eynisini geri gətiririk. İnsanın iliklərinə qədər, saçlarının ucuna qədər, başlanğıcından sonuna qədər sevinməsi, fərəhlənməsi budur!

Siz bu 1 həftədə sadəcə 7+7+1 kənd almamısınız, bizimçün 7777 kənd dəyərindədir işğaldan azad etdikləriniz!

O yüksəkliklər var ya... – ki, indiyədək bizə göyün yeddinci qatı qədər uzaqdan görünən, əlçatmaz, ünyetməz olan, azad etdiyiniz yüksəkliklər - cənab Prezident, orda Üçrəngli bayrağımızı dalğalandırırsınız artıq... Biləsiniz ki, bizi də onlar qədər – o Dağlar qədər, o Zirvələr qədər yüksəltmisiniz, göylərə qaldırmısınız, ucaltmısınız.

Dünyada 50 milyon azərbaycanlı var, bu günlər heç birimizin ayağımız yerə dəymir, göylərdəyik hamımız. Qanad açmışıq, uçuruq Vətən səmasında...

Nə qədər gözəl, ağlasığmaz dərəcədə gözəl, fövqəladə gözəl hisslər yaşayırıq, bilirsinizmi?!

Siz bu xalqa nələr verirsiniz, cənab Prezident! Siz bizim arzularımızı bir-bir göyərdirsiniz; siz bizim xəyallarımızı gerçəkləşdirirsiniz; siz əfsanə yaradırsınız!

Yadınızdadır, Şuşada “bədnam düşmənlərimizin ”inauqurasiya”sı keçiriləndə hamımız çox sınmışdıq, çox qırılmışdıq, zərrələrə bölünmüşdük, “Şuşanı vur” deyirdik...

Biz gözümüzü Sizə dikmişdik, Şuşanı “vurmağınızı” istəyirdik! İstəyirdikmi? Şuşa vurularmı?

Siz öz təmkininizlə bunu ifadə edirdiniz.

“İnauqurasiya”dan sarsılanlarımız isə bu “intihara” getməyimizi istəyirdi...

Biz toplum olaraq səbirsizliklə Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin... vurulmağını umarkən, intihara hazır olduğumuzu göstərərkən, Siz xalqın xilas gününü hazırlayırsınızmış...

Siz bütövlükdə 50 milyonu özünəqəsddən xilas etdiniz, cənab Ali Baş Komandanım!

Nə qədər böyük strateq, nə qədər uzaqgörən hədəfiniz, nə gözəl Xilas Planınız varmış!

Siz Qarabağ hərbi üçün bütün dünyanı dolaşırdınız - Valdayda, Soçidə, Aşqabadda, Münhendə erməni baş nazirini ifşa və zəlil edəndən sonra; diplomatik qələbələrin ardınca “Bu da Hərb Meydanı!” dediniz...

Siz Qələbəni – Qələbəmizi ilkinindən-sonuna, son gününə, anına, anılarına kimi planlayıb bitirirmişsiniz, “Xankəndi Xanın kəndidir, hanı bu şəhərin “qədim erməni” adı? Niyə bu torpaqlara gəlmələrinin 150 illiyinə “Marağa –150” abidəsini 1978-ci ildə qoymuşdular? Sonra niyə tələm-tələsik o abidəni söküb gizlədir, izini itirirdilər” deyəndə Xankəndini bir nəfəs qədər yaxında hiss edirmişsiniz, cənab Prezident...

Mən indi anlayıram ki, əslində Siz öncə Qarabağı ürəyinizlə, qəlbinizlə, daxili inamınızla almısınız. Ürək yanıltmaz.

Tanrı Sizə bu şansı tanıyıb. Məhz Sizə tanıyıb.

Tanrı istəyib ki, Qarabağın xilaskarı, Azərbaycanın bütövlüyünün memarı, Qələbəmizin Sərkərdəsi məhz Siz olasınız!

Allah necə böyükdür!

Allah necə müdrikdir!

Siz bizi diriltdiniz, dirildirsiniz, cənab Prezident!

Siz bu məmləkətin ən Diri Övladlarının – Şəhidlərimizin ruhunu şad edirsiniz!

Mən bilirəm ki, indi Polad Həşimovun, Mübariz İbrahimovun, Vəzir Orucovun, Şirin Mirzəyevin, Raquf Orucovun və yüzlərlə şəhid qəhrəmanlarımızın ruhu necə şaddır...

Mən əminəm ki, 2 yaşlı Zəhra balamızın bapbalaca qəlbi-ruhu necə şaddır...

Mən əminəm ki, Xocalının ruhu necə şaddır...

Mən əminəm ki, Sizin valideynlərinizin – böyük Heydər Əliyevin, dəyərli Zərifə Əliyevanın ruhu necə şaddır...

Onlar Sizinlə qürur duyurlar...

Onlar Sizin qürurlandırdığınız 50 milyon insanımızın şükranlığı ilə qürur duyurlar...

Tarix yazmaq, tarix yaratmaq hər dövlət adamına, dövlət başçısına nəsib olmur. Bəzən, bir çox hallarda onlar tarixdən bir epizod kimi keçib gedirlər.

Liderlik – başqa bir mərtəbədir. Fərqli bir obrazdır. Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək, coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Vətən, millət və Tanrı qarşısında! Seçilməkdir bu!

Siz bu xalqın və Tanrının seçilmişisiniz, cənab Prezident...

Təşəkkürümüzü və minnətdarlığımızı ifadə etmək üçün Söz acizdir...

Bir insan, bir toplum, bir millət öz Liderinə, öz Ali Baş Komandanına necə minnətdar olar, necə təşəkkür edər?!

Bir insan şükranlığını necə ifadə edə bilər?

Sizin hazırlıqlarınız fonunda biz sanki hazırlıqsız yaxalandıq...

Cənab Prezident, Siz bu günlərdə yalnız Qarabağ uğrunda müharibə aparmırsınız. Siz eyni zamanda, eyni əzmkarlıqla bu Millətin Ruhunu ayağa qaldırırsınız: Siz bu Millətin 1813-də, 1828-də, 1905-də, 1918-də, 1929-də, 37-də... və 1988-də qırılan, əzilən Varlığını ayağa qaldırırsınız!

Siz Milləti böyüdürsünüz!

Tanrı Sizi və Əsgərlərimizi qorusun!

Tanrı Sizi və Qələbəmizi qorusun!

Bu millətin Sonsuz Sevgisi Sizə halal olsun!

Min dəfə, milyon dəfə HALAL OLSUN!

Madagizin özünü də, anında adını da geri aldınız – Suqovuşan!

Şükür qovuşdurana...

Aynur Camalqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm