Köşə
Mən bu Adamı nə zaman kəşf etdim?
Aynur Camalqızı
Mən bu Adamı nə zaman kəşf etdim, bilirsizmi?
Mübarizin və Fəridin nəşini düşməndən alanda!
Ramil Səfərovu ömürlük həbsdən qurtarıb ölkəyə gətirəndə və Ramili gətirən təyyarə hələ göydə olarkən onu əfv edəndə!..
Onda gördüm və anladım ki, bizdən biridir, doğmamızdır, canımızın, ürəyimizin içidir. Ürəyi, qəlbi Azərbaycana, Vətənə, 50 milyonluq azərbaycanlıya və onun hər bir fərdinə, hər bir nəfərinə sevgiylə dopdoludur.
İndi Onu - o Cəsur Ürəyi hamı görür...
Bütün Azərbaycan və bütün dünya görür...
O, azərbaycanlı olmağın, türk olmağın fəxarətini yaşadır topluma...
Bu Qüruru və Şərəfi bizə bir daha yaşatdığına, Şahbaz Quliyevi, Dilqəm Əsgərovu, əsirlikdə olan digər soydaşlarımızı ölkəyə qaytardığına görə Ali Baş Komandanımıza təşəkkür edirik...
Dünən həmkarlarla müzakirə etdik ki, yeganə qadın Şəhidimiz Arəstə Baxışovanın təltif olunmasını müzakirəyə çıxaraq, bu gün Onun imzaladığı sərəncamda - təltif olunanların siyahısında Arəstənin də adı var...
Əksəriyyət hesab edirdi ki, Tehran Mənsimov xidmətinin əvəzini almalıdır - siyahıda adı var...
Xudayarın da adı var, Cəbrayıl Dövlətzadənin də...
Şəhidlərimizin, Qazilərimizin hər birinin adı var, hər birinin... Heç kəs diqqətdən kənarda qalmır. Yeni siyahılar da olacaq. 2783 Qəhrəman Şəhidimizin, sayını dəqiq bilmədiyimiz on minlərlə Qəhrəman Qazimizin hər biri haqq etdiyi mükafatı, titulu alır və alacaq.
Əlbəttə, onların ən böyük titulları Sevgimizdir, Sayğımızdır. Amma Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanından mükafat almaq əvəzsiz qürurdur, şövqdür.
Bu, həm də nə deməkdir, bilirsizmi?
İnsan sevəndə, seviləndə, sevildiyini görəndə, hiss edəndə, xalq, toplum son nəfərinədək və son nəfəsinədək birləşəndə, həmrəy, həmfikir, həmtay olanda, bir-birinin yarasını sarıyıb sarmalayanda Vətən olur. İnsan Vətən olmazsa, Vətən kimi sevilməzsə, qiymətləndirilməzsə, Vətən də Vətən olmaz, torpaq olar, daş olar, ərazi olar, coğrafiya olar. Torpağı, daşı, ərazini birləşdirib, bütövləşdirib, böyüdən, Vətən edən onun insanlarıdır; Xudayardır Vətən, Cəbrayıldır Vətən, adları bir yazıya, bir dəftərə sığmayacaq qədər çox olan şəhidimizin yatdığı torpaq, qazimiz üstündə gəzdiyi torpaqdır Vətən;
Vətən Tehrandır, Vətən Hikmətdir... Bütün Hikmətlərdir Vətən.
Vətən bir ayağını, bir qolunu itirən yaralı Qazidir. İki gözünü itirən, dünya işığından məhrum olsa da, Azərbaycan boyda İşıqla aydınlanan o qəhrəman Oğuldur Vətən.
3 körpəsi kirayə evdə anasına sığınan o dağ ürəkli Şəhiddir Vətən.
Sevdiyini son mənzilə çiyinlərində daşıyan o gənc gəlinlərdir Vətən!
Atasının evə qayıtmasını, bir gün qayıdacağını gözləyən o körpə, o məsum çocuqlardır Vətən!..
O qədər dastanları, hekayələri var ki, 44 günlük savaşımızın, hansını yazım, hansını xatırladım?!
44 günlük müharibə sübut etdi ki, Vətənlə İnsanı ayırmaq olmaz. Vətənsiz insan, İnsansız Vətən olmaz! Vətənin tərifi, fəlsəfəsi, anlamı, canı bu möcüzəvi kəlmədədir: İnsanda!
İnsanlarımızı Vətən kimi görməli və sevməliyik. Vətənimizi də İnsan kimi...
Baxın, 30 il öncə itirdiklərimizi geri aldıq. Savaşdıq, vuruşduq, aldıq. Evlərimizi yandırdılar - eyb etməz, daha gözəlini tikəcəyik. Yollarımızı dağıtdılar - olsun, yenisini inşa edəcəyik. Ağaclarımızı qırdılar - Allahın lənəti olsun əli baltalılara, o kötüklərdən yeni budaqlar cücərəcək!
Amma İnsan öləndə torpaq olur. İnsan qolunu itirəndə yerində yenisi cücərmir, gözünü itirəndə yenisi yaranmır. Onlara qol olmalıyıq, göz olmalıyıq, ayaq olmalıyıq ki, yeriyə, görə bilsinlər. Ayaqda durmalıdırlar ki, biz güclü olaq, onlardan güc alaq. Qorumalıyıq ki, Vətən olsunlar, Vətənimizi ucaltsınlar.
Mən neçə gündür ki, sosial şəbəkələrdə və mediada, ictimai rəydə sel nəhəngliyində sevinc və fərəh görürəm. İnsanlarımız Dilqəmin, Şahbazın, Aminin, digər 11 soydaşımızın azadlığına Kəlbəcərin azadlığı kimi baxırlar. Sanki bu insanlarımız Kəlbəcər kimi, Şuşa, Laçın kimi, Xudafərin kimi işğaldan azad olunublar. Sanki daha bir rayonumuz işğaldan azad olunub...
Toplum elə baxır onlara...
Son dərəcə təsirlidir. İnsanları belə sevmək, belə dəyərləndirmək son dərəcə dərin həssasiyyətdir, könül işidir. İnsanlarımız bir-birini yaralarından tanıyır demək ki! Heç vaxt bir-birimizə bu qədər doğmalıq və yaxınlıq hiss etməmişik. Nə gözəl duyğuymuş Vətən üçün gərəkli olmaq, lazımlı olmaq, mühüm olmaq, övladının nəşi belə tapılmayan, öldüsü-qaldısı, əsirlikdə-girovluqda olub-olmadığı bilinməyən valideynlərə övlad olmaq...
Çox işimiz var. Yükümüz ağırdır. İnsanları var bu ölkənin. Qiymətdə də, vəzndə də ağır. Dağ kimi, Murov kimi... Laçın kimi, Şuşa kimi, Kəlbəcər kimi dəyərli və əvəzsiz insanları. Onların yetişməsi, formalaşması uzun illərə dayanıb. O zəkada, o dərrakədə, o ürəkdə İnsanlar 30-40, bəzən 50 ilə yetişir. Onlar bu məmləkətin sərvətidir. Mübaliğəsiz-istisnasız: Sərvətdir onlar.
Mən hər gün Allaha dua edirəm ki, Sərvət dəyərində İnsanlara - həm milli, həm mənəvi Dəyərlərimizə Vətən olmaq, Vətəni qorumaq, Vətənin xidmətində dayanmaq, Vətənin qulluğunda durmaq şərəfini nəsib etsin.
Qapılar açılsın... Bütün bağlı qapılar açılsın... Bütün gedənlərimiz qayıtsın... Vətənimizi qucaqlasınlar. Vətənimiz Onları bağrına bassın... Şuşanı, Kəlbəcəri, Laçını, Xudafərini bağrımıza basdığımız kimi...
Həmişə bir Körpü olsun!
Həmişə Xudafərin olsun!
Azərbaycan Günəş kimi doğsun cahana!
Azərbaycan Günəş İnsanlarımızla isinsin!
Bu yazdıqlarım bir Dua olaraq bilinsin!
Və Tanrı eşitsin!..
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO