Köşə
Musa Yaqub: dost itkisinin nisgili...
Elxan Süleymanov
1953-cü ildən son günlərə qədər birgə işlədiyimiz, birgə olduğumuz böyük şairimizin, uşaqlıq, tələbə və gənclik dostumun, böyük ictimai və siyasi xadimin dünyasını dəyişməsinə görə bütün Azərbaycan xalqının övladlarından biri kimi mən də dərin kədər hissi keçirirəm. Ölüm haqdır. Müqəddəs Quran - i - Kərimdə deyildiyi kimi: “Hamı öləcəkdir”. Böyük Cəfər Cabbarlının yazdığı kimi:
“Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!”
Şairlik Allah vergisidir. Demək, şair başqa peşə sahiblərindən Allaha daha yaxın bəndədir. Mən şair deyiləm, tənqidçi də deyiləm ki, böyük şairin yaradıcılığından danışım. Ancaq şair heç vaxt ölmür. 10 ildən artıq müddətdə Şamaxıda keçirdiyimiz "Sabir günləri" bədii qiraət müsabiqəsinin sədri olmuş Musa Yaqub Mirzə Ələkbər Sabir kimi ölməyəcək, ürəklərdə yaşayacaqdır.
Musa Yaqub ilə 1953-cü ildən bəri gələn yoldaşlığımız, dostluğumuz, birgə fəaliyyətimiz dövründə onun üçün, təvazökarlıqdan uzaq da olsa, bacardığım, hətta bacarmadığım hər şeyi etmişəm. Son 15 ildə onun kitablarını nəşr etdirməyim, onun üçün keçirdiyim yubileylər bunu təsdiqləyən bir təsəllimdir.
O xəstə olarkən əksər vaxtlar İsmayıllı rayonunun Buynuz kəndində yaşayırdı. Buynuz kəndi ilə bağlı, yeri gəlmişkən, bir fikri söyləmək istərdim. Musa haqqında məqaləmdə mən onu dünya şöhrətli yazıçı Mixail Şoloxovla müqayisə etmişdim. Mixail Şoloxov şöhrətin ən uca zirvəsində olduğu halda bele öz doğma kəndindən ayrılmamış, Musa Yaqub kimi ömrünü doğulduğu kəndində başa vurmuşdur.
Məni Musanın dünyasını dəyişməsində çox təsirləndirən bir amili demək istərdim. Bir həftə bundan qabaq oğlanlarımla birlikdə növbəti dəfə Buynuz kəndində ona baş çəkməyə getdim. O, çox sağlam, gümrah görkəmdə, sevinclə məni qarşıladı. Biz qucaqlaşdıq, görüşdük. Uzun-uzadı söhbətlər etdik. Keçdiyimiz həyat yolunu, tələbə ikən ac qaldığımız günləri, təşviqat qatarlarında Azərbaycanın kolxoz və sovxozlarına etdiyimiz səfərləri xatırladıq. Söz Azadlığını Müdafiə Fondu və Assosiasiyamızın ölkəmiz üçün etdiyi xidmətlərdən, şəxsi həyatımızdan danışdıq. Söhbətin sonunda mən ondan bir rica etdim: “Əziz dostum, icazə ver, ad gününü keçirmək üçün mayın 9-da bütün hazırlıqları göndərim və mayın 10-da biz sənin ad gününə gələn dostlarımızla bu gözəl bağında, əfsanəvi komanda ad gününü qeyd edək”. O gülümsəyərək başı ilə hə dedi və sonra bu sözləri işlətdi: “Mənim ad günüm üçün yox, mayın 10-da bir yaşı tamam olacaq balaca nəvəm Musanın ad gününü keçirdiyin üçün sənə təşəkkürümü bildirirəm”. Elə dünən mayın 7-də hazırlıq işlərini başa çatdırmağım barədə Musa Yaqubun telefonuna zəng etdim. Mən oxucuları təsirləndirmək üçün demirəm. İnanın... O cavab vermədi. Zənglərimin cavabsız qalmasından çox narahat oldum. Həyətə düşəndə, ilk addımımda sürücüm mənə dedi: “Gördünüz, nə baş verdi?!” Dedim: “Nə?” O, telefonunda Musanın şəklini və bəd xəbəri mənə göstərdi. Mən bunun təsirindən hələ də ayılmamışam. Bilirəm ki, uzun müddət və bəlkə də həmişəlik bu anı unutmayacağam.
Ancaq bu acı anın əzabından da ağır – altmış illik münasibətimiz dövründə əlimdən gələni də, gəlməyəni də, hər xidməti sevərək göstərdiyim əziz dostum Musanın adını daşıyan nəvəsi Musa ilə birlikdə 10 mayda ad günlərini keçirə bilməməyimin nisgili olacaq.
Həmin görüşümüzdə Musa Yaqub mənə nəvəsinin ad günü ilə bağlı son tapşırığını verdi, görünür, nəvəsini mənə tapşırırdı. Allah-tala böyükdür, bununla mənə imkan verdi ki, dost nisgilini dəf edim, bundan sonra mən dostuma olan sevgimi onun nəvəsi Musada tapacağam.
Bir təsəllim də budur ki, tale mənə həyatını insanlara bəxş etmiş, özündən, ailəsindən kəsib başqalarına bağışlayan, qəlbinin nurunu oxucularına verən, insanları ümidləndirən, bu dünyanın qara daşını göyərtməyə çalışan böyük ürək sahibi – Musa Yaqub kimi sirdaş, dost və qardaş bəxş edib.
Musa Yaqub mənim üçün ali mənəvi dəyərlərə, həssas qəlbə malik əsl dost, əsl azərbaycanlı, əsl müsəlman, əsl insandır. Xeyirdə, şərdə, ağrıda, acıda, kədərdə, fərəhdə, toyda, yasda yanımda olan vəfadar idi.
Əminəm ki, oxucuları da ona vəfalı olacaq, böyük şəxsiyyət, böyük şair, böyük vətəndaş Musa Yaqub xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah sənə rəhmət eləsin, əziz dost, getdiyin son mənzil cənnət olsun, nur içində uyuyasan!
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”