• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Ermənilərin "qorxulu yuxu"su: Ordularımız da birləşdi!

  • Köşə
  • 16 İyun 2021 09:22
  • 3 754 Baxış
Ermənilərin "qorxulu yuxu"su: Ordularımız da birləşdi!

Aynur Camalqızı

Bu tarixi əminəm ki, unutmayacağıq: 15 iyun 2021-ci il.

Bu, Azərbaycanın çağdaş tarixində hər il Milli Qurtuluş Günü kimi qeyd edilir. Müstəqilliyimiz qədər qiymətli və əzəmətli bir gündür. Bayramdır. Fəlsəfəsi son dərəcə dəqiq ifadə edilmiş “yol xəritəsi” kimidir: müstəqilliyi qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək, əbədi etmək. Yəni təhlükəsizliyi təmin etmək.

Anarın Dədə Qorqudun diliylə dediyi kimi, “qorumasan əkib becərməyə, əkib becərməsən qorumağa dəyməz...”

Məhz bu səbəbdən bu gün baş verənlər bu tarixə daha bir anlam qatdı, daha bir gözəl məna yüklədi.

Ermənilər nahaq yerə təşvişlə “qorxulu yuxu” demirlər bu günə. Onlar üçün gerçəkdən qorxulu yuxudur.

Bizimsə arzularımız reallaşdı bu gün - özü də Şuşada...

Bəli, bu gün o gündür – tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə gəldi. Şuşada onu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

Biz bu günü 30 il gözləmişdik və nəhayət, görmək istədiklərimizi görürük: Azərbaycan Prezidentinin Şuşada ev sahibliyini, Türkiyə Prezidentinin qardaş evində müsafirliyini, Azərbaycan və Türkiyə liderlərinin Zirvə Görüşünü...

Nələr baş verdi?

Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars Müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.

Bu, Qarabağın hərbi yolla işğaldan azad olunmasının hərbi-siyasi baxımdan təsdiqlənməsi, möhkəmləndirilməsi və əbədiləşdirilməsidir! İlham Əliyev bu gedişi ilə ermənilərin revanşist iddialarını, yeni işğal siyasətini, “bəlkə də qaytardılar” utopiyasını birdəfəlik məhv etdi. Kimsə buna cəhd edərsə, bu dəfə artıq NATO ölkəsini – həm də NATO-nun ən qüdrətli ikinci Ordusunu önündə görəcək! Bundan sonra bölgədə sülh və təhlükəsizlik şəraitində quruculuq və bərpa prosesinin daha da sürətlənməsini müşahidə edəcəyik.

Şuşa Bəyannaməsinin hədəfləri dəqiq və aydındır: Azərbaycan və Türkiyə silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə qarşı hər hansı təhdid və müdaxilə olarsa, birgə addım atacaq.

Hər iki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərədək bütün istiqamətlərdə birgə fəaliyyət göstərəcək.

Hər iki ölkənin Təhlükəsizlik Şuraları mütəmadi birgə toplantılar keçirəcək və milli maraqların qorunması yönündə birgə qərarlar veriləcək.

Hər iki ölkə beynəlxalq siyasi platformalarda birgə fəaliyyəti daha da genişləndirəcək.

Ən başlıcası, Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq və bu, Türkiyə ilə Azərbaycanı, bütövlükdə isə türk dünyasını birləşdirəcək son dərəcə önəmli bir kommunikasiya olacaq.

Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa görüşünün, orada imzalanan sənədlərin əhəmiyyəti ilk növbədə odur ki, Türkiyə rəsmən bölgəyə daxil oldu. Şuşa şəhərində Türkiyənin konsulluğu açılacaq. Hava limanlarının istifadəyə verilməsindən sonra qarşılıqlı əlaqələr daha da genişlənəcək və bununla təhlükəsizlik məsələsi birdəfəlik həll olunacaq.

Şübhəsiz, bu görüş bölgəyə yeni siyasi reallıqlar gətirdi, Ermənistan artıq bu reallıqları qəbul etməyə məcbur və məhkumdur. Yəni bundan sonra rus sülhməramlılarının arxasında gizlənərək, hansısa oyun qurmaq mümkün olmayacaq. Türkiyə artıq Qarabağdadır və yalnız müşahidə etmir, təhlükəsizliyin qarantıdır. Bu, həm də o deməkdir ki, Azərbaycan ərazilərində yaşamaq istəyən ermənilər bu ölkənin qanunlarını qəbullanacağı təqdirdə burada yaşaya biləcək. Azərbaycanlılarla birlikdə. Xankəndidə də, Xocavənddə də, Ağdərədə də.

Mən Prezident İlham Əliyevin 3 dəfə kövrəldiyini görmüşəm. Bir dəfə Şuşa işğaldan azad olunanda və o, Ali Baş Komandan kimi Şəhidlər Xiyabanında bu müjdəni xalqımıza verərkən, “Şuşa, sən azadsan” deyə Şuşaya xitab edərkən kövrəlmişdi...

İkinci dəfə mən bunu Şuşada gördüm. “Xarıbübül” musiqi festivalında ulu öndər Heydər Əliyevin çıxışı səsləndiriləndə, “Əminəm ki, mənim yarımçıq qalan işlərimi İlham Əliyev həyata keçirəcək” deyən atasının səsini eşidəndə kövrəlmişdi...

Üçüncü dəfə isə... Bu gün Şuşada Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsini imzaladıqdan sonra çıxış edərkən, “əziz qardaşım” dediyi Ərdoğanı salamlayarkən kövrəldi...

Elə bu günlərdə dostum və həmkarım Anar Niftəliyev sosial şəbəkə hesabında paylaşmışdı: “İlham Əliyev və Fişer”. Bu iki kəlmə ilə bağlı geniş və əhatəli statuslar paylaşmaq olardı. Amma mən əmin idim ki, həmkarımın vurğulamaq istədiyi məhz budur: şahmat tarixinin ən gənc qrossmeysteri adını qazanmış dünya şöhrətli Ceyms Fişerin proqnozlaşdırıla bilməyən gedişləri. Dünya şahmat tarixində bu gedişlərlə yalnız Fişer məşhurluq qazanıb.

Dünya siyasət tarixində isə İlham Əliyev öz möhürünü vurur: onun gedişlərini öncədən proqnozlaşdırmaq mümkün deyil. 15 erməni əsirinin müqabilində Ağdamda basdırılmış 97 min minanın xəritəsini necə aldı İlham Əliyev? Son dəqiqəyədək içi özümqarışıq az qala hamımız israr edirdik ki, Ermənistan son nəfərinədək ölər, ancaq mina xəritələrini verməz. Amma... İlham Əliyev aldı!

17 illik hakimiyyəti dönəmində heç vəchlə anlaya bilmədik ki, Azərbaycanın mənəvi sərhədlərinin maddi sərhədlərindən qat-qat böyük olduğunu necə müəyyən edib İlham Əliyev. 17 il sakit və emosiyasız, amma cidd-cəhdlə müharibəyə necə hazırlaşıb?! Bütün müstəvilərdə və bütün istiqamətlərdə ölkənin potensialını necə hesablayıb, necə düzgün gedişlər edib və necə düzgün nəticələr çıxarıb?!

Düzünü etiraf edək, 44 günlük müharibədən 3 gün, hətta bəlkə 3 saat əvvələdək mütləq əksəriyyətimiz təsəvvür belə etmirdi ki, Qarabağ uğrunda savaşa başlayacağıq.

O isə... O, Azərbaycan insanlarını – gənclərimizi, əsgərlərimizi elə doğmalıqla hiss edərək seçim edib ki!

Onların fədakarlıq, qəhrəmanlıq imkanlarını dəqiqliklə hesablayıb!

Sanki alqoritmlərlə işləyib, riyazi hesablamalar aparıb, sanki əli ilə nəbzlərimizi tutub, nəyə qadir olduğumuzu, Qarabağ üçün canımızdan, malımızdan, balamızdan keçməyə nə qədər hazır olduğumuzu hiss edib!

Məhz hiss edib.

Həm qəribə, həm də möcüzəvidir. Amma həm də həqiqət bu məqamdadır. İlham Əliyev öz əsgərlərini tanıyır. Öz xalqını tanıyır. Öz dostlarını tanıyır. Hətta öz düşmənlərini belə tanıyır...

Dünya 44 günlük sürətli və intellektual Qarabağ müharibəsini müzakirə edir. Uzun illər bu barədə danışılacaq, fikir mübadilələri aparılacaq. Amma bəlkə də bir avropalı, bir qərbli anlamağa çətinlik çəkəcək ki, biz müharibəni yalnız yeni nəsil silahlarla udmamışıq. Biz qələbəni ilk növbədə qəlbimizlə, ruhumuzla qazanmışıq. Ona görə Şuşanın işğaldan azad olunması faktını hələ də təəccüblə qarşılayırlar. Heyrətə gəlirlər ki, Şuşa kimi alınmaz bir qala ağır artilleriyasız, hava hücumu olmadan, qəhrəman əsgərlərimizin dişi-dırnağı ilə sıldırım qayalara dırmanaraq əlbəyaxa döyüşlərlə necə alınıb?! Qəhrəman əsgərlərimiz çiyinlərində bir çanta ilə yanaşı, şəhid olan, yaralanan döyüş yoldaşlarını da özləriylə necə qaldırıblar Şuşaya?!.

Şuşa çox qəlbi yerdir, hündürdür, yüksəklikdir. Çox qəribə yerdir. Gözəl yerdir. Gözəlliyini yalnız görmürsən, həm də hiss edirsən.

Şuşa sanki canlıdır, diridir. Ona görə Prezident İlham Əliyev Şuşaya həmişə birbaşa müraciət edir, onunla canlıyla danışırmış kimi danışır, söhbətləşir. Çünki Şuşanı hiss edir. Bu gün ona görə kövrəlmişdi ki, Şuşanın gücünə güc qatılmasından Şuşanın necə bəxtiyar olduğunu hiss edirdi. Bu, elə bir məqamdır ki, bunları ifadə etmək doğrudan, çətindir. Bunları yalnız hiss etmək olur. Özü də Şuşada.

Şuşada olanda Allahdan heç nə, heç bir şey istəmirsən. O qədər dolu olursan yəni! Sanki dünya sənindir. Sanki göyün yeddinci qatındasan. Sanki qanad taxmısan, uça bilərsən, pərvazlana bilərsən. O qədər qeyri-adi və möcüzəvidir...

İlham Əliyev bunları son dərəcə həssaslıqla duyur və mən hər dəfə bir daha kəşf edrəm onun nə qədər milli olduğunu, nə qədər qarabağlı olduğunu, nə qədər azərbaycanlı olduğunu, nə qədər böyük olduğunu, nə qədər Bizim olduğunu, nə qədər arzularımızın Lideri olduğunu...

İlham Əliyev bu xalqın arzularının, dualarının nəticəsidir və lütfdür! Tanrı lütfü!

İlham Əliyevi fərqli edən, fərqləndirən budur...

Yeri və günü necə müdrikliklə və uzaqgörənliklə seçmişdi! Məhz Türkiyə ilə, məhz Şuşada, məhz 15 İyunda bəyannamə imzalamaq; Türkiyənin Qarabağa gəlişini, Azərbaycanın gücünə güc qatmasını məhz Qarabağın paytaxtından dünyaya bəyan etmək!

İlk baxışda asan görünə bilər. Bu qədər mürəkkəb şəraitdə, bu qədər ağır şərtlərlə, qeyri-bərabər imkanlarla dünyanı mat qoymaq asan deyil. Qətiyyən asan deyil. Kiməsə spontan görünə bilər - proqnozlaşdırmaq mümkün deyil, həqiqətən mümkün deyil, amma sonradan analiz edəndə, izləyəndə, baş verənləri ardarda düzəndə bu qənaətə gəlirsən ki, onun fəaliyyətində hər şey ardıcıldır, zəncirvaridir, ilkindən sonunadək düşünülmüş, planlı-proqramlıdır, bu günün nailiyyəti sabahın - bütün sabahların qazanılacaq uğurlarının təməlidir...

Qlobal düşüncədir...

Kosmik zəkadır...

Və millidir...

Və Bizimdir!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR