Köşə
Londonabad DƏRSLƏRİ - ŞƏRH
May ayının sonlarından iyun ayının 3-cü ongünlüyünədək ölkə boyu və xaricdə diplomatik nümayəndəliklərimiz önündə və ya Azərbaycan nümayəndə heyətlərinin səfər etdiyi məkanlarda siyasi islamçıların keçirdikləri etiraz aksiyalarında (üst-üstə 20-dən çox aksiya) ən qabarıq nəzərə çarpan tendensiya dövlətin ölkə daxilində dindarların; dünya azərbaycanlılarının və ümumən dünya şiə icmasının nəzərində etibarsızlaşdırılması, ayrı-ayrı fiqurların və qurumların demonizə edilməsi - şeytaniləşdirilməsi cəhdləri idi.
Dövlətin öz xalqı, xalqın bir hissəsi, beynəlxalq ictimaiyyət nəzdində etibarsızlaşdırılması və daha pisi, şeytaniləşdirilməsinin iki nümunəsini yada salaq:
1) İsraillə bağlı belə kampaniyalar 90-cı illərin sonları, 2000-ci illərin əvvəlləri İshak Rabinin qətlindən və son intifadədən (Fələstin üsyanı) sonra dövlətin imicinin beynəlxalq ictimai rəydə aşındırılması məqsədilə təşkil olunmuşdu. Bu kampaniyanın nisbətən kiçik təkrarı 2012-16-cı illərdə “Mavi Mərmərə” gəmisi hadisəsindən sonra qeydə alındı. İranın sabiq prezidenti Mahmud Əhmədinejadın bu kampaniyalara “töhfə” vermək məqsədilə çağırdığı və İsrailin indiki torpaqlarda mövcudluğunu sual altına salan beynəlxalq “elmi konfransa” hasidilərin də (ortodoks yəhudi icması nümayəndələri) qatılması Təl-Əvivi ən çox qəzəbləndirən hadisə olmuşdu.
2) Türkiyədə dövlətin etibarsızlaşdırılması kampaniyasının yekunu olaraq ölkədə sosail siniflər, etnik və dini qruplar arasında münasibətlər 1970-ci illərin sonlarında vətəndaş müharibəsi həddinə çatmışdı. Son dəfə dövlətə qarşı belə bir kampaniya 2012-cı ildə CHP-ni Tuncelidən təmsil edən deputat Hüseyn Aygünün PKK tərəfindən qaçırılması, Gəzi hadisələri, nəhayət, 2016-cı il iyul hadisələri – hərbi çevriliş cəhdi ilə yekunlaşdı.
Azərbaycanda belə kampaniyanı təkrarlamağa çalışan siyasi islamçıların yenidən baş qaldırması aprel- may aylarına təsadüf etdi. Aprelin 13-də Azərbaycan Prezidentinin ADA Universitetində çıxışı zamanı Ermənistana İran üzərindən silah daşınması haqda, eləcə də antiazərbaycan fəaliyyət göstərən və İranda gizlənən 20 Azərbaycan sakini haqda tələblərini açıqlamasına cavab olaraq İran mediasında ciddi kampaniyaya start verilir. Nizami Gəncəvi ili və Nizami Gəncəvi Forumunun keçirilməsi, YUNESKO-da hansısa uğrumuza qısqanclıq, İsraillə əməkdaşlıq, İranın Ermənistanla mübhəm əlaqələrinin xatırladılması, ...hətta bir zəncanlı avarçəkənin Azərbaycan milli yığmasını seçməsi səbəbindən kin qusan yazıların başlıqları az qala bir-birini təkrarlayır: “Bakı hökumətinin(və ya Azərbaycan Respublikasının) şeytanlığı”. Anlayıram ki, farsca “şeytanət” mücərrəd ismi çoxmənalıdır, “dəcəllik”, “cığallıq”, “yaramazlıq” kimi də tərcümə oluna bilər. Amma həmin nəşrlərin bağlı olduğu dairələr də, oxucu kütləsi də dindarlar olduğundan ilk ağla gələn məhz “Azərbaycan Respublikası”, “Bakı hökuməti” (bəzən “Badkubə hökuməti” kimi də yazırlar) və “Azərbaycan Prezidenti” söz birləşmələrinin demonizə edilməsidir, həm də bu qədər açıq, kobud və çığaraqçı metodla. Yazı və videoların mətni haqda isə danışmağa belə dəyməz; ən qaba qara PR nümunələridir.
Prezidentin xatırlatdığımız çıxışından az sonra siyasi islamçılar Bakıda ilk etiraz aksiyalarını keçirirək “İsrail polisinin Qüdsdə müsəlmanların əl-Əqsa məscidinə müdaxiləsinə” etiraz edirlər. Siyasi islamçı qadınların İsrail səfirliyi önündə keçirdiyi o aksiyasını yalnız İran mediası işıqlandırmışdı (30.04.2022). İranın Azərbaycan Respublikası auditoriyasına xitab edən “Səhər TV” telekanalı aksiya təşkilatçısı kimi fəaliyyəti yasaq olunmuş Azərbaycan İslam Partiyasını göstərirdi.
Aksiya ilə eyni gündə İran xarici işlər nazir Əmir Abullahian azərbaycanlı həmkarı ilə söhbətində rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Qüds və Fələstin məsələsinə xüsusi diqqət göstərilməsini xahiş etmişdi. Aksiyadan bir gün sonra isə İranın ali dini liderinin Tvitter hesabında region ölkələrinə “sionistlərlə əməkdaşlığın” ziyanı barədə üstüörtülü təhdid ehtiva edən tvit paylaşılmışdı. Buna görə də həmin aksiyanın məhz Azərbaycan dövlət başçısına qarşı güc nümayişi məqsədilə keçirildiyini təsbit etmək olardı.
Və iyun ayından başladılmış kampaniya ilə Azərbaycan Respublikası dövlətinin dindarlar, müsəlman etnik azlıq icmaları, Azərbaycan diasporu və dünya şiə icması nəzdində etibarsızlaşdırılması , ictimai legitimliyinin şübhə altına alınması kimi olduqca təhlükəli plan işə salınır.
Kampaniya, təbii ki, sırf o çıxışa cavab məqsədli deyil. Mühacir siyasi islamçılardan biri hələ Bağırzadənin aclıq aksiyasından qabaq yazırdı ki, yaxınlarda 40 məscidə “vəhhabi axund” təyin ediləcəyi haqda məlumatlar alıb. İzləyicilərinin “axı axund vəhhabi olmaz, yəqin vilayəti-fəqih sistemini qəbul etməyən, hakimiyyətlə uzlaşma tərəfdarı olan şiə alimlərini nəzərdə tutursunuz” şərhinə cavabı belə olmuşdu - “Onlar vəhhabidən betərdir”. Yəni növbəti kampaniya dövlətin dini kəsimi öz nəzarətinə götürmək üçün atdığı və atacağı gözlənilən addımlara da cavabdır.
Başqa bir səbəb. Ölüm aclığı elan etmiş Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə yaydığı açıqlamada Azərbaycan dövlətinin ünvanına növbəti sərt ittiham səsləndirir: Ağdamdakı məsciddə donuz saxlayanlarla Bakıda polis idarəsində Allahı təhqir edənlər arasında heç bir fərq yoxdur (16.06.2022). Bu bəyanat “şəhadətə doğru yürüş” adı verilmiş aclıq və ona dəstək askiyalarının məhz dövləti etibarsızlaşdırmaq məqsədi güddüyünü göstərirdi. Belə ki, Azərbaycan tərəfi dəfələrlə bəzi müsəlman ölkələrini, xüsusən İranı ermənilərin məscidlərdə donuz saxlamasına, islamofob əməllərinə, vandalizmə faktiki seyirçi qalmaqda ittiham edib. Bu ittihamların rəsmi tribunadan açıq səslənməsi sayəsində İranın dini sistemi Azərbaycan dindarlarının nəzərində xeyli dərəcədə sarsılıb. T. Bağırzadə isə bilərəkdən ya bilməyərəkdən Azərbaycan polisini erməni vandalları ilə müqayisə edərək İran üzərindən ittihamların götürülməsinə, ittihamların Azərbaycan dövləti əleyhinə yönəlməsinə rəvac verir.
Bir zamanlar “Azərbaycan dövləti erməni kilsələrinə qaz verir” haqda iddialar da məhz T.Bağırzadə və tərəfdarları sayəsində kütləviləşmiş, 2016-cı ilin aprel döyüşləri ərəfəsində bəziləri tərəfindən torpaqların azad olunması uğrunda müharibənin ictimai legitimliyini mübahisələndirmək üçün istifadə olunmuşdu. Halbuki SOCAR-ın ozamankı rəhbərinin ANS-ə müsahibəsində Gürcüstandakı bütün dini məbədlərə pulsuz qaz verilməsindən bəhs olunurdu. Fikirlər kontekstdən çıxarılaraq əvvəlcə SOCAR-a, sonra iqtidara, İranda və Rusiyada yuvalanan separatçı qrup tərəfindən isə bütövlükdə Azərbaycan dövlətinə qarşı istifadə edildi. Təəssüf ki, SOCAR o zaman böyük media şəbəkəsinə nəzarət etdiyi halda müsahibə ilə bağlı ciddi izahat işi aparmadı, hər şey öz axarına buraxıldı. Görünür, Bağırzadənin dövləti növbəti şantaj, daha doğrusu, dindar vətəndaşların və BEYNƏLXALQ ŞİƏ İCMASININ nəzərində illegitimləşdirmə kampaniyası da yetərincə cavablandırılmayıb.
Kampaniya ilə bağlı İran KİV-lərində gedən yazılarda dolaysı ilə o da etiraf edilirdi ki, aksiyalar Tehranda cümə məscidlərinin kuluarlarından idarə olunur. Dönə- dönə Bağırzadənin guya anti-türkiyə və antisionist çıxışlarına görə, “Bakı rejiminin sionizmə xidmət etməsini” ifşa etməsinə görə həbs olunması vurğulanır, İran tərəfdarı olması, ayətullah Nuri Həmədani ilə 2015-ci ildə görüşdən sonra həbs olunması qabardılırdı. O, Səudiyyə Ərəbistanının tanınmış şiə lideri, 2014-cü ildə hökumət əleyhinə iğtişaşların təşkilinə görə edam edilmiş Şeyx Nimri ilə müqayisə edilir; “şiələrin sıxışdırılmasında” , “repressiya olunmasında” Türkiyənin rolu da İsrail qədər qınanırdı. Kampaniyanın bir hədəfinin də Azərbaycanın hazırda hiss olunan Qərblə yaxınlaşma tendensiyasının qarşını almaq, Qərbi fakt qarşısında qoymaq olduğu etiraf edilirdi.
İranın özündə də (Qumda, Təbrizdə, Tehranda, Ərdəbildə) çoxsaylı aksiyalar keçirilmiş, Azərbaycan səfirliyinin və konsulluğunun binası etirazların ifadəsi üçün məkan kimi seçilmişdi. Aksiyalar, dövlət –din, dini və etnik icmalararası münasibətlər mövzusu İranın 30-ə qədər aparıcı KİV–i tərəfindən sistemli şəkildə işıqlandırılmışdı.
İranlı liberalların “İran Global” nəşri etiraf edir ki, dindarlıq İslam Respublikası tərəfindən Azərbaycana qarşı strateji silah kimi nəzərdən keçirilir və Azərbaycan müstəqillik əldə etdikdən sonra Tehran müxtəlif yollarla şiə əhalisi arasında öz təsirini yaymağa müəyyən qədər nail olub (08.02.2022). Qeyd olunur ki, “ Sepah”-ın “Qüds qüvvələri” Azərbaycanda hələ 90-cı illərdən fəaliyyət göstərir, 1993-cü ildə İranın maddi yardımı ilə “Azərbaycan Hizbullahı” qurulub, 1995-ci ildə qurulmuş "Ceyşullah" isə ABŞ və İsrail səfriliklərinə hücum etməyə təşəbbüs göstərib. Siyasi islamın Azərbaycanda təbliği məqsədilə İran fondları 2011-ci ilədək 43 milyon dollar vəsait xərcləyib. Siyasi islamın hazırkı növbəti qabarmasında 2015-ci ilə bir qrup tələbənin yaratdığı “Hüseyniyyun” qrupu fəaldır. ”Qeuplaşamın üzvləri Suriya və İraqda döyüşlərdə iştirak ediblər, Azərbaycan dilində 50-yədək media resursa nəzarət edirlər”-deyə nəşr xəbər verir.
Siyasi islamçıların fəallaşması Azərbaycanın dini kimliyi, İran təsiri, islami ekspansiya mövzularını da aktuallaşdırdı . “Dindar xalq-dinsiz hakimiyyət” kimi təbliğati klişelərlə yanaşı, etnik və dini ədavəti qızışdırmaq üçün də açıq təhriklər edildi. Həmin resurslar bütün azərbaycanlı şiələrin qeyri-türk mənşəli olmasını, “sünni-vəhhabi türklərin” guya “qeyri-türk şiələrə” zülm etdiyini yazırdı. Xüsusi olaraq qeyd edək ki, bu zərərli tezislər uzun illər erməni təbliğat maşını və Zabil Məhərrəmov kimilər tərəfindən də istifadə edilib. İndi İranın müəyyən şəbəkəsinin də bu iftiranı təkrarlaması tezisin mənbəyini əslində açıb göstərirdi.
Yazılarda Qaraçuxur və Əbu Bəkr məscidləri vəhhabiliyi yayan mərkəzlər kimi radikal şiələrə hədəf olaraq göstərilirdi.
Təəssüf ki, dünyəvi müxalifətin şinelindən çıxmış bəzi siyasi mühacirlərin You Tube kanalları da İran mediasının “estefetini” davam etdirərək Azərbaycanda "şiələrə qarşı total təqib" haqda müzakirələr açdı-iki kanal uzun müddət məzhəblər arası münasibəti xüsusi olaraq gündəmdə saxladı. Bu iddiaların əsas tezisləri hələ 2015-20-ci illərdə İranın "Pars Today" , nur-az.com və digər nəşrlərində dəfələrlə işlənib. Kanallardan biri isə daha irəli gedərək “baş verənlərin vətəndaş müharibəsinə səbəb ola biləcəyini” iddia etdi.
Və birdən-birə qurbağa gölünə daş atılıbmış kimi hay-küy yatdı. Daşı –"Sus!" əmrini cənubdan atmışdılar. İranlı ayətulla Cəfər Sübhanin çağırışından sonra aclıq aksiyası da, piketlər də, məzhəblərarası və etnik icmalararası ədavət toxumu səpmək , dövləti etbarsızlaşdırmaq təşəbbüsləri də dayandı. Yenidən qaba gücdən (etiraz aksiyaları, çevriliş çağırışları və s.) "yumşaq gücə" keçildi. Bu dəfə “Səlam fərmandeh” hərbi-dini marşının təbliği ilə bağlı kampaniya başladı.
Amma qaba güc nümayişinin mədəni təzyiqlə əvəzləndiyini demək susmaq haqda əmrin çox sadə izahı olardı. İran təbliğat aparatı artıq müəyyən qədər öz hədəfinə çatıb, 2000-ci illərin əvvəllərindən fasilələrlə yürüdülən antiazərbaycan kampaniyası beynəlmilləlləşib. Həm də məhz azəri diasporunun, Rusiya, Avropa və İranda sığınacaq tapmış azərbaycanlı siyasi islamçı mühacirlərin əli ilə. Dövlətimiz şərti olaraq beynəlxalq şiə icması deyə biləcəyimiz ictimaiyyətin radikal kəsimin nəzərində xeyli dərəcədə aşındırılıb. Azərbaycan dövləti onların nəzərində İsrail, sionizm, ikinci Bəhreyn (sünni azlığın hakim olduğu şiə ölkəsi) kimi məfhumlarla assosiasiya olunur, İsrail və Bəhreyn kimi arzuolunmaz dövlətə çevrilir. Yalnız İranın vilayəti- fəqih sistemi vasitəsilə ciddi təsir etdiyi cəfəri icmasının deyil, ismaili və zeydilərin nəzərində də aşınma hiss olunur; Yəmən zeydi icmasına və Əfqanıstan ismaili icmasına məxsus medianı izləyənlər nə yazdıqlarımın fərqindədirlər. Pas artıq radikallara ötürülüb. Bundan sonra radikallığa meyilli şiə icması yaşayan istənilən ölkə və şəhərdə - Moskvada, Höteburqda, Tehranda, Yəməndə, hətta yaxın -doğma Borçalı və uzaq London(abad)da dövlətimiz əleyhinə eksseslər müşahidə oluna bilər.
Londonda səfarətxana basqınçılarının başçısı Yasser əl-Həbib bəyanatında Azərbaycan dövlət rəsmilərinə qarşı “təcili hərəkət edilməsinə” çağırış edir. Bu, 2015-ci il dekabrında Müsəlman Birliyi Hərəkatının, 2018-ci ildə Moskva-Tehran-İrəvan üçbucağı arasında var-gəl edən Zabil Məhərrəmovun, iki ay əvvəl eni uzununu basmış Tohid İbrahimbəylinin çıxışlarında ciddiyə almadığımız və çox zaman ironiya ilə qarşıladğımız çağırışların təkrarıdır. Amma nəzərə alın ki, bu çağırışlar ard-arda edilir, Azərbaycan dövləti və dövlətinin başçısı şiə ictimaiyyəti nəzdində etibarsız, qeyri-şər’i bir instansiya halına gəlir. Üstəlik, bu dəfə çağırış Londondan, beynəlxalq şiə ictimai rəyinə nüfuz edə bilən bir icmanın başçısı tərəfindən edilir. Demək, təhlükəsizlik tədbirlərini maksimum artırılmasına ehtiyac var.
Mənhus Gəncə hadisələrindən bir il qabaq qardaş Türkiyədə yaşayan və əksərən özümüzünkülərdən- azərilərdən ibarət cəfəri icması arasında “Gəncə valisi Tağut və qətli vacib” persona elan olunmuşdu. Təəssüf ki, buna ciddi yanaşılmamış, Azərbaycanda millətçi və liberal kəsimlər belə Gəncə icra hakimiyyəti başçısına qarşı , bir az da süni olaraq, yaradılmış nifrət dalğasına uyaraq ilk vaxtlar Yunis Səfərovun əməllərinə haqq qazandırmağa çalışmışdılar. Bu nifrətdən daxili çəkişmələrdə fürsət kimi yararlanmaq həvəsinə düşənlər də olmuşdu. Və fitva bir il sonra yerinə yetirildi, o miqyasda məmurun hədəf alınması ilkdi, son deyilmiş demək. O zaman Rusiyada yuvalanmış Zabil Məhərrəmov “Yunis Səfərov hərəkatı” elan etmiş, “bütün tağutları qətlə” dəvət etmişdi. Və ibrətamiz bir hal-2017-ci ildə valini “tağut” elan edənlərdən biri olan Tahir Qarabağinin polis qardaşı da “gəncəli qisasçıların” bıçaq zərbəsinin qurbanı olmuşdu.
Bəs, Azərbacan dövlətinin etibarsızlaşdırlması planı niyə kiçik miqyasda da olsa uğura nail olur? İlk növbədə İranın müəyyən dairələrinin, eləcə də erməni kəşfiyyatına yaxın xarici mərkəzlərin məqsədli, davamlı, bəzən də sinxron fəaliyyəti var ortada. 2000-ci illərin əvvəllərindən Ermənsitanda yaradılmış xüsusi qrup (Panduxt) əsas məqsədinin “Azərbaycan layihəsini” ləğv etmək, bu məqsədlə etnik və dini icmalar arası etimadsızlıq mühiti yaratmaq, dövlətin etibarının zədələmək olduğunu açıq internet mənbələrində də müzakirə edirdi.
Təbii ki, dövlət bu məkrli niyyətlərə qarşı ciddi addımlar atır, “Tolerant Azərbaycan” kimi uğurlu əks layihə icra olunur, multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Lakin bu, yalnız dövlətin ali instansiyalarının edəcəyi iş deyil, həm də aşağı instansiyaların və ictimai qurumların ardıcıl fəaliyyətinə ehtiyac var.Təbii ki, bunun üçün onlara ictimai etimad da yüksək olmalıdır.
Amma 2000-ci illərin əvvəllərindən etibarən Dini Komitənin əvvəlki rəhbərlərinin Qafqaz Müsəlmanları İdarəsi ilə dini icmalar üzərində nüfuz uğrunda bəzən gizli , bəzən də açıq ixtilafları, rəsmi ideoloqların, daha konkreti, baş ideoloqun ifrat sekulyar yanaşması səbəbindən QMİ-nin ictimai həyatda rolunun minimallaşdırılması, eyni zamanda QMİ-nin gənc və nüfuzlu din adamlarına və dini kəsimə yaxın məmurlara (Elşən Mustafayev, Elşad İsgəndərov və başqaları) qarşı gizli –açıq qısqanclığı, QMİ-nin keçmiş sovet respublikalarında yaşayan azərbaycanlı dindarlar üzərində təsirini azaltmaq üçün daha çox İranın, müəyyən qədər də Türkiyə və Səudiyyə Ərəbistanın mübarizəsi öz təsirini göstərməmiş deyil. Bu gün fakt qarşısındayıq - nə ölkədaxili dindarlar, nə də xaricdə azəri diasporu üzərində QMİ-nin əvvəlki ötkəmliyi, sözükeçərliyi yoxdur.
Təəssüf ki, bizim medianın, xüsusən sosial medianın hər dəfə şiə və ümumislam bayram və mərasimləri ərəfəsi başlatdığı yersiz aşağılama kampaniyalarının, bəzən dini qurumlarla dövlətin ideoloji sistemi arasında anlaşılmazlıqların, bəzən də dini siyasətə məsul instansiyalar arası ixtilafların əks effekti və yuxarıda qeyd etdiyimiz kimi, dövlətin sosial siyasətinin və ya asayiş keşikçilərinin fəaliyyətinin düzgün anladılmamasının, siyasi müxalifətin bəzi üzvlərinin baş verənlərdən sui-istifadə təşəbbüslərinin də rolu var. Üstəlik, “Mavi Mərmərə” hadisəsindən sonra qardaş Türkiyənin klerikal mediası da rəsmi Bakının “sionizmin regionda dayağı olması” haqda İran təbliğatına ciddi dəstək olub...
Cəmaləddin Quliyev
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar