İlhamə Quliyeva: “Mənə sui-qəsd hazırlanıb” - FOTOLAR/VİDEO - YENİLƏNİB
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva: “Mənə sui-qəsd hazırlanıb” - FOTOLAR/VİDEO - YENİLƏNİB

Xalq artisti İlhamə Quliyeva media mənsublarını başına yığaraq təcili mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, primadonna keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı şok açıqlamalar verib. O, keçmiş köməkçisinin onun əleyhinə hazırladığı saxta sənədləri - vəsiyyətnaməni və səs yazısını ortaya çıxarıb.

İlhamə xanım ilk olaraq Mehriban Hüseynovanın onun qarşısında diz çökərək süründüyünü, ağladığı və bağışlanması üçün yalvardığını göstərən lent yazısını göstərib. Həmin videoda keçmiş köməkçisi “bir qələtdir eləmişəm” deyib elədiklərini etiraf edib və yalvarıb ki, bu söhbət otaqdan kənara çıxmasın.

Daha sonra primadonna açıqlamalar verib.

“İlyarım bundan əvvəl Mehriban Hüseynova evimə köməkçi-xadimə qismində gəlib. Onu Lider televiziyasının işçisi Lamiyə Ələkbərova vasitəsilə tanımışam. Sən demə, o, zamanla mənim evimdə xoşagəlməz işlər görüb. Oğlumun dostuna deyib ki, qardaş, mənə zəhər tap. O da soruşub ki, nə zəhər, neynirsən? Deyib ki, İlhaməni öldürmək istəyirəm. Bildirib ki, İlhaməni yatdığı yerdə öldürəcəm, venasına hava yeridib, o dünyalıq edəcəm. Oğlumun dostu da bütün bunları telefonuna yazıbmış. Bir gün oğlumun dostu mənə dedi ki, evinə bir kamera yerləşdir. Keçmiş köməkçim, sən demə, mənim adımdan vəsiyyətnamə yazıb. Saxta sənədlə var-dövlətimi öz adına keçirmək istəyib. Evimdən beş min oğurlayaraq bir qadının yanına gedib ki, saxta sənədə mənim imzama oxşar imza atdırsın. O qadın yanıma gəldi və hər şeyi danışdı. Eyni zamanda, səs yazısını mənə göstərdi. Səs yazısında o, məni söyür, öldürəcəyini deyir. O, məni öldürmək üçün siropları yeməyimə qarışdırırmış. Amma özü o yeməklərdən yemirdi. Mən də xəstəhal olurdum. Axırda Türkiyəyə getdim. İki-üç ay ayaq damarlarımı əməliyyat etdirdim. Onu evdən qovandan sonra vəziyyətim yaxşıdır. O qadın məni pis günə qoymuşdu”.

İlhamə Quliyeva onu da bildirib ki, keçmiş köməkçisi onun evindən brilyant üzük, xəz palto və digər qızıllarını oğurlayıb: “Bu qadın məni öldürmək üçün cadular da yazdırıbmış. Evdən o qədər cadu tapmışıq ki, dəhşətə gəlirəm. Onu evimdən Bakı Şəhər Baş Polis idarəsinə apardılar. Amma orda qeydiyyata salmayıblar. Mən özüm onu polislərin necə maşına otuzdurduqlarını gördüm. Amma sonradan bəlli oldu ki, onu tutmayıblar. Mən əslində onu tutdurmaq istəmirdim. O qadın məni şantaj elədi. Onu müdafiə edən adam mənə xəbər yolladı ki, İlhamənin taclarını əlindən alarıq, əgər Mehribanın bir tükü əskik olsa. Buna görə də mən israr etdim ki, o qadın tutulmalıdır”.

İlhamə xanım onu da bildirib ki, Mehriban Hüseynovanın əri alfonsdur:

“Bu qadının əri alfons idi, mən ona siqaret pulu verirdim. O kişi mənə gəlib yalvardı ki, arvadımı bağışla, bir qələtdir eləyib. Mən də elə bilirəm Mehriban tutulub. Amma bağdan gələndə maşını onun evinin yanına sürdürdüm. Bir də onda gördüm ki, Mehriban maşında oturub. Əri çıxdı qabağıma. Dedim mən arvadını tutdurmuşam, burda nə gəzir? Mehriban da başladı qışqırmağa ki, mən sənin oğlunu tutduracağam. Onu da deyim ki, Mehriban elə eləmişdi oğlumun da ayağını evimdən kəsmişdi. İndi oğluma şər atır. Deyib ki, guya mən oğlumu tutdurub həbsdə öldürtdürəcəyəmmiş”.

Primadonna bildirib ki, Prezidentə, daxili işlər naziri Ramil Usubova məktubla müraciət edəcək. İlhamə xanım bildirib ki, ona sui-qəsd hazırlanıb.

İlhamə Quliyeva mətbuat konfransında iştirak edən “Yeni Müsavat” qəzetinin müxbirini də hədələyib: “Mənimlə bağlı yalan məlumat vermisiniz. Özünüzü yığışdırın, rəhbərinizə də deyin ki, “rastomoşka” eləsin, yoxsa sizi məhkəməyə verəcəyəm. Mənim ünvanıma şər atmayın. İlhamənin dili də var, dilçəyi də. Mən sakit oturmayacağam, hüququmu müdafiə edəcəyəm”.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm