• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Dünyasını dəyişəndə qəhqəhə çəkən azərbaycanlı aktyor - VİDEO/FOTOLAR

  • Magazin1
  • 3 Noyabr 2015 15:15
  • 3 840 Baxış
Dünyasını dəyişəndə qəhqəhə çəkən azərbaycanlı aktyor - VİDEO/FOTOLAR

“Ər-arvadıq da, bazara çıxmışıq özümüz üçün, yəni mənim arvadımla ildə bir dəfə bazara çıxmağa ixtiyarım yoxdur?”

Yəqin məşhur filmimizin dillər əzbəri olan bu məşhur frazasını xatırladanda gözünüz önünə komediya ustadı Əlağa Ağayevi gətirdiniz. O andaca dodağınız qaçdı, çöhrənizə təbəssüm qondu. Söhbət Əliağa Ağayevin təkcə “Bizim Cəbiş müəllim” filmindəki Əbülfəz obrazından getmir, onun digər rollarını xatırlayanda da özümüzü gülməkdən saxlaya bilmirik.

Publika.az xəbər verir ki, sevilən sənətkarın bu gün xatirə günüdür.

“Xeyr, xeyr, hələ mənim də saçım ağarmayıb…”

Siz deyin, “O olmasın, bu olsun” filmindəki bu məşhur kadrı xatırlayanda necə sakit dayanmaq olar? Əliağa Ağayevin hər sözünə, hər jestinə uğunduğumuz belə filmlərin sayını xeyli uzatmaq olar. İstər “Dəli Kür” olsun, istər, “Arşın mal alan”, “Görüş”, “Sehrli xalat”, “Əhməd haradadır?”, “Telefonçu qız”, “Papaq”, “Qanlı zəmi”… Milli kinomuzda adını çəkdiyimiz və çəkə bilmədiyimiz 50-yə yaxın film. Hələ səhnədə, televiziya tamaşalarında oynadığı rolları demirəm. Danılmaz faktdır ki, o, özündən sonra bənzərsiz obrazlar qalereyası qoyub gedib.

Filmlərə dad-duz qatıb Əliağa Ağayev. Hərdən Azərbaycan Televiziyasında illər öncə hazırlanan “Komediyalar aləminə səyahət” proqramının lent yazıları verilir. Əliağa Ağayevin yaratdığı mükəmməl komik obrazları görəndə təəssüflənirəm və deyirəm, nə yaxşı ki, vaxtilə belə dəyərli komediyalarımız və komik aktyorlarımız olub. Yoxsa indikilər kimi. Tamaşa və filmlərdə o qədər şit, əttökən zarafatlar edirlər ki, adam az qalır xəcalətindən yerə girsin. Güldürmək üçün sifət əzələlərini elə hala salırlar ki, adamın onlara gülməyi yox, lap yazığı gəlir. Heç olmasa, bu verilişlərə baxıb belə sənətkarlardan nümunə götürsünlər.

Sənətinin fədaisi olub Əlağa Ağayev. Gülüş onun həyatının mənasına çevrilmişdi. Təsadüfi deyil ki, komik aktyor ömrünün son akkordlarını da məhz gülüşlə, qəhqəhə ilə vurdu. Düz 32 il öncə, 1983-cü ildə dostları ilə birgə süfrə arxasında oturub lətifə danışan və qəhqəhə çəkən aktyorun ölümü o qədər ani olmuşdu ki, yanındakılar inanmamışdı.

Hər insan dünyaya ağlaya-ağlaya gəlir. Ancaq hər adam gülə-gülə köçmür bu dünyadan. O, məhz gülə-gülə köçən azsaylı insanlardan oldu. Qəhqəhə çəkərək dünyasını dəyişən sənətkarı biz bu gün gülə-gülə yad etdik. Bu təbəssümü, bu gülüşü bizə hədiyyə etdiyinizə görə minnətdarıq, böyük aktyor! Sizi hər xatırlayanda gülürüksə, demək ki, ruhunuz şaddır.

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>