Azərbaycanlı müğənni yeni klipini təqdim etdi
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni yeni klipini təqdim etdi

Dünya şöhrətli italiyalı müğənni İnqrid və azərbaycanlı müğənni Vaqif Nağıyev bu gün ortaq kliplərini təqdim ediblər.

Publika.az xəbər verir ki, “Ümid yağışı” adlı kompozisiyaya ekran həyatı veriblər. İnqrid mahnını həm fransız, həm də Azərbaycan dilində ifa edib.

İtaliyalı müğənni İnqrid belə bir layihədə iştirak etdiyinə görə özünü xoşbəxt saydığını bildirib:

“Bu layihə nə reklam, nə də maddiyyat məqsədi güdmür. Bu, bizim musiqiyə olan sevgimizdir. İlk dəfə mahnını eşidəndə tüklərim biz-biz oldu. Sözügedən layihə üzərində 70 insan çalışıb. Bu, həm peşəkarlıq, həm də işçi heyətinin sayına görə, həyata keçirdiyim nadir layihələrdən biridir. Gün ərzində 18 saata qədər iş gedib. Məni dəvət etdiyiniz üçün minnətdaram. Belə bir layihənin iştirakçısı olduğum üçün xoşbəxtəm”.

Vaqif Nağıyev isə bu işi adi video çarx hesab etmədiyini bildirib:

“On gün ərzində "Cinealliance" şirkəti ilə iş birliyi davam edib. Biz 10 günə bir ailə olduq. İnanıram ki, ilk addımım uğurla başladı və bu sona qədər davam edəcək".

Bəstəkar Gövhər Həsənzadə dünyaya təqdim ediləcək iş hazırladıqları üçün məmnun olduğunu qeyd edib:

“Bizdən hər dəfə keyfiyyətli iş istəyirlər. Biz də bunu etdik. Azərbaycanlı heyətdən ibarət dünya standartlarına cavab verən iş təqdim etdik. Bu məhsulu bütün dünyaya qürurla təqdim edə bilərik. Bu, kommersiya məhsulu deyil. Klipimizdə Qarabağ atlarından istifadə etmişik. Bacardıqca hər işdə özümüzü dünyaya düzgün təqdim etməliyik”.

İnqrid Vaqiflə iş birliyinə bundan sonra da davam edəcəklərini bildirib:

“Biz artıq 7 mahnıdan ibarət albom hazırlamışıq. Yaxın günlərdə onu da təqdim edəcəyik. Vaqiflə artıq dostlaşmışıq”.

Klip "Cinealliance" şirkətinin məhsuludur. Qeyd edək ki, mahnının sözləri Gövhər Həsənzadəyə, musiqisi isə Alıxanlıya məxsusdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm