Fikrət Əmirovun xatirəsi anılıb
Bizi izləyin

Magazin1

Fikrət Əmirovun xatirəsi anılıb

Noyabrın 22-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsi anılıb.

Anım mərasimində iştirak edən F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev söyləyib ki, bəstəkarın bütün yaradıcılığı onun doğma torpağına və milli ruhuna bağlı idi.

Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi, əməkdar incəsənət xadimi Cəmil Əmirov ailə adından Fikrət Əmirovu anım mərasiminə gələnlərə öz minnətdarlığı bildirdi.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G. Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) bədii rəhbərliyi ilə ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda ilk dəfə olaraq lirik-psixoloji operanın əsasını qoyub. F.Əmirov Azərbaycan konsert janrının ilk nümunələrinin yaradıcısıdır.

Bəstəkarın ixtira etdiyi simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası", "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

F.Əmirov SSRİ və Azərbaycan dövlət mükafatlarına, SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm