Türkan Şoray: “Azərbaycan xanımlarına bənzəyirəm” - FOTOLAR
Bizi izləyin

Magazin1

Türkan Şoray: “Azərbaycan xanımlarına bənzəyirəm” - FOTOLAR

Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib.

Təhsil ocağından Publika.az-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. O, məşhur aktrisanın yaratdığı obrazlardan, çəkildiyi filmlərdən danışıb. “Eşq küləyi” filmi ilə başlayan uğurlarının "Qırmızı ləcək", "Sərçə balası", "Yol", “Arım, balım, pətəyim”, "Məhəbbətim mənim, kədərim mənim" kimi çox məşhur filmlərlə davam etdiyini söyləyib. Türkan Şoray yaradıcılığından geniş danışan rektor 220 filmə çəkilən aktrisanın yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazandığını vurğulayıb. A.Məhərrəmov onu da bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır.

Rektor çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını təqdim edib. Aktrisanın qızı, Türkan Şorayın rejissoru olduğu “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalı hədiyyə edilib.

Türkan Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib. O, açıqlamasında bildirib ki, universitet kollektivi və tələbələr ona çox duyğulu anlar yaşadıb: “Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları axıtdırdı”.

Aktrisa tələbələrlə bir arada olmağın, onların ötürdüyü müsbət enerjini hiss etməyin son dərəcə gözəl duyğu olduğunu vurğulayıb. Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa “Mən də sizə oxşayıram”, - deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanıb. Sonra Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.

Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.

Aytən

Facebook səhifəmizdə mövzu ilə bağlı müzakirələrə qoşula bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm