“Mən gedirəm, ağlama…” - FOTOLAR
Bizi izləyin

Magazin1

“Mən gedirəm, ağlama…” - FOTOLAR

“Yaxşı kitab mənəvi qidadır”. Əlbəttə bu fikri səsləndirməklə yeni bir söz demədik. Amma yeni bir kitabın ziyasına toplaşdıq.

Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyində xalq yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” adlı kitabının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Nazir çıxışında Rəşid Behbudov yaradıcılığından danışıb, nazirlik tərəfindən gələn il sənətkarın möhtəşəm yubiley tədbirinin keçiriləcəyini deyib.

O həmçinin, Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsini olduqca təqdirəlayiq hal kimi qiymətləndirib.

Kitabın Azərbaycanın estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudova həsr olunduğunu bildirən Elçin Əfəndiyev də fikirlərini bölüşüb. Müəllif Rəşid Behbudov yaradıcılığını yüksək qiymətləndirib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. 136 səhifəlik miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb.

“İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmış kitabda xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Bəri başdan deyək ki, kitab oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.

… Əsrarəngiz səsi, misilsiz ifası ilə zaman və məkanın fövqündə dayanaraq ruhumuzu dilləndirən Rəşid Behbudovun sirli dünyası ilə daha yaxından tanış olmaq istəyirsinizsə, mütləq bu kitabı oxuyun.

Cəvahir

Aytən

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm