“Bozbaş”ın Fəlakəti: “Narkozdan ayılanda gördüm ki...” MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

“Bozbaş”ın Fəlakəti: “Narkozdan ayılanda gördüm ki...” MÜSAHİBƏ/FOTOLAR

“Axırıncı yol”a çıxmaq heç də “Bozbaş Pictures”in Fəlakəti üçün düşərli olmadı. Gənc aktyor çəkiliş öncəsi dostlarını yamanca qorxutdu. Sevənləri əvvəlcə Elşən Orucovun zarafat etdiyini düşündülər. Sonradan onun xəstəxanaya düşməsi xəbəri təsdiqləndi.

Onu tədbirlərin birində görəndə gözümüzə inanmadıq. Əməliyyatdan sonra əməlli-başlı çəki itirən Elşən tanınmaz hala düşmüşdü...

Aktyorun Publika.az-a müsahibəsini təqdim edirik.

- Xəstəxanada çəkilən fotolarınızı görəndə zarafat etdiyinizi fikirləşdik...

- Çox adam inanmırmış, amma film çəkilişi zamanı halım pisləşdi, məni xəstəxanaya yerləşdirdilər. İndi Allaha şükür, hər şey yaxşıdır.

- Nə olmuşdu ki?

- Appendisitdən əməliyyat olundum.

- Yəqin, gözə-nəzərə gəldiniz?

- Elə deyirlər.

- Belə şeylərə inanırsınız?

- İnanmasam da, göz-nəzər deyilən bir şey var. Amma özümdə də günah oldu. Səhhətimə qarşı səhlənkarlıq elədim, özümü soyuqdan gözləmədim.

- Bəs indi bu vəziyyətdə necə çəkiləcəksiniz?

- Filmin çox az hissəsi qalıb, əksər kadrlar artıq çəkilib. Mən də yavaş-yavaş özümə gəlirəm.

- Filmin adı da qəribə səslənir -“Axırıncı yol”…

- Hə, bu filmin əziyyətini çəkən, "Axırıncı yol"a çıxan rejissor Emildir. Emil həm də mənim yerlimdir, torpaq çəkir də…

- Filmdə özünü axırıncı yola qoyan kimdir?

- Bunu filmə baxandan sonra biləcəksiniz. Amma belə götürəndə hamımız.

- Sizcə, “Ay Brilliant”dan sonra bu film necə qarşılanacaq, tamaşaçı rəğbəti qazana biləcəkmi?

- “Ay Brilliant” bizim ilk işimiz idi. İnşallah, birinci filmdəki qüsurları ikinci filmdə təkrarlamamağa çalışacağıq. Tamaşaçıya gəlincə, gəlin, tələsməyək, mart ayında filmin premyerası olacaq və tamaşaçı özü görüb qiymətini verəcək.

- Yəqin, duzlu zarafatlarınız bu filmdə də yer alacaq?

- Təbii ki, film maraqlı hadisələrlə yadda qalacaq. “Ay Brilliant” filmində gördyünüz qızları tamam fərqli ampluada görəcəksiniz. Gülüş yaradan məqamlar çox olacaq.

- Bəs Fəlakət necə, yenə hər kəsin diqqətini öz üzərinə çəkəcək?

- Özüm barədə danışa bilmərəm. Danışaram, amma rejissordan qorxuram, yanımda durub axı.

- Elşən bəy, filmdən danışdıq. Lakin özünüzdən danışmadıq. Çəkiniz azalıb, məqsədli şəkildə arıqlamısınız?

- Yox xəstəliklə bağlıdır, həm də idmanla məşğul oluram. Elə buna görə də, imicimi dəyişmişəm. İdman üslubunda geyinirəm.

- Amma yaraşır…

- Hə, elə deyirlər. Sözün düzü, sərbəst geyimdə özümü daha rahat hiss edirəm.

- Geyim, qarderob həyatınızda böyük rol oynayır?

- Belə geyim xəstəsi deyiləm, ancaq paltara pul xərcləməyi xoşlayıram.

- Geyimlərinizi başqasına verməyi xoşlayırsınız?

- Bu işin öhdəsindən anam gəlir. Heç məndən də xəbər almır, biləndə ki, hansısa paltarları geyinmirəm, o saat paylayır.

- Görürük, qızlar sizdən əl çəkmir, şəkil çəkdirməkdən ötrü hamısı növbəyə düzülüb. Çox şanslısınız.

- Hə, elədir.

- Yenilik yoxdur?

- Qızlar barəsində?

- Bəs səhərdən kimdən danışırıq?

- Hələ ki, başım qarışıqdır. Başım açılan kimi qızlarla bağlı yeniliklərim olacaq. Qoy, hələ bu filmi təhvil verək.

- Bayaq dediniz ki, rejissordan qorxursunuz… Zarafatı qoyaq bir kənara, heç çəkiliş zamanı aranızda fikir ayrılığı yaranır, mübahisələriniz düşür?

- Qətiyyən. Hamımız bir-birimizlə dost münasibətindəyik. Hələ xatırlamıram ki, hansısa bir kadrın çəkilişində nəsə xoşuma gəlməsin, etirazımı bildirim. Bəzi hallarda rejissorla fikir mübadiləsi aparırıq, ona bəzi təkliflər edirik. O da fikrimizi nəzərə alır. Ortaya yaxşı bir filmin çıxmasını istəyirik. Bu səbəbdən, sözümüz bir-birimizin boğazından keçir.

- Çəkiliş zamanı heç maraqlı hadisələr yaşandı?

- O qədər… Onları sizə deyə bilmərəm...

- Bəlkə, deyəsiniz, bir az gülək…

- Yox, necə deyim, deyiləsi mümkün deyil...

- Heç həyatda fəlakətliyiniz tutmur?

- Çox olur. Hətta mən narkozdan ayılanda gördüm ki, başımın üstündə dayanan dostlarım mənə deyir ki, Elşən, sir-sifətin konkret "Fəlakət" olub. Çünki heç kimi tanımırdım, çaş-baş vəziyyətdə idim.

- Sizi nəzər bu günə qoydu… Bəlkə, siz də Nadir Qafarzadə kimi üstünüzdə gözmuncuğu gəzdirəsiniz?

- Görək də, uşaqlar söz verib, çəkilişdən sonra bu işə bir əncam çəkəcəklər... (gülür)

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm