Onlar fəxri adlardan məhrum edilə bilər?
Bizi izləyin

Magazin1

Onlar fəxri adlardan məhrum edilə bilər?

İnternetə düşən abırsız videodan sonra müğənni lisenziyasından məhrum edilib. Hətta prodüseri belə onunla işləməkdən imtina edib. Özbəkistanda qeydə alınan bu fakt müğənni Tamila ilə bağlıdır. O, intim yerini kameraya göstərdiyinə görə sərt təpkilərlə qarşılaşıb.

İntim yerini göstərib yüksələnlər...

Azərbaycanda da intim yerini kameraya göstərəndən tutmuş biri-birinin yeddi arxa dönənini “qəbirdən çıxaranlar”, nəsil-nəcabət söyüşündən çəkinməyənlər, hətta əlbəyaxa olanlarla bağlı çoxsaylı faktlar var. Məsələn, Röya bu cür görüntülərlə məşhurlaşmadımı? Həmin görüntülər onun üçün nəinki səhnəyə gedən yolda əngələ çevrildi, əksinə, adını fəxri kürsülərə daşıdı.

Söyüşüb-döyüşənlər…

Xalq artistləri Ramiz Məlikli ilə Ramiz Novruzun əlbəyaxa döyüşü ötən il olsa da, hələ də unudulmayıb.

Özfəaliyyəti xidmətini aşanlar

Röyadan fərqli olaraq, xalq artisti İlhamə Quliyevanın mədəniyyət sahəsinə verdiyi töhfə danılmazdır. Ancaq onun qalmaqal sahəsindəki töhfələri xidmətlərini çoxdan geridə qoyub. 70 yaşını keçən, ağbirçək xalq artistimizin təhqir etdiklərinin, söydüklərinin, şantaj etdiklərinin, hədələdiklərinin sayı-hesabı yoxdur. Xalq artisti nəinki özündən kiçiklərə, sənətə ilk addımlarını atanlara, elə onun özü kimi dövlət mükafatlarına, fəxri adlara layiq görülənlərə də fərq qoymayıb. Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Aygün Kazımova, Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan... siyahıda kimlər-kimlər var.

Bir sözlə, cəzasız qalan hərəkətlər

Maraqlı məqam isə ondan ibarətdir ki, bu cür faktlara rəsmi münasibət Özbəkistandakından ciddi şəkildə fərqlənir. Deyəcəksiniz ki, axı bizim ölkədə müğənni lisenziya ilə oxumur...

Ola bilər, sənətkarlara müğənni kimi lisenziya verilmir, konsert vermək hüququnu əlindən almaq olmur... Ancaq hər halda onları mükafatlardan, fəxri adlardan məhrum etmək mümkündür. Ancaq daşıdığı fəxri adlara ləkə gətirənlərin həmin addan məhrum edilməsinin müzakirəsi bir yana, onlara sərt təpki də göstərilməyib.

Nazirlik hara baxır?

Hər belə qalmaqaldan sonra, adətən, ictimai fikirdə ənənəvi olan bu sual səslənir: “Nazirlik hara baxır?” Dərhal da nəzərlər Mədəniyyət və Turizm Nazirliyinə yönəlir. Axı adına ləkə gətirən davranışlar məhz bu qurumun təqdimatı ilə fəxri ada layiq görülənlər arasından çıxır…

Mədəniyyət və Turizm Nazirliyindən verilən qaneedici cavabı isə indiyədək eşidən olmayıb. Mətbuatın israrlı sorğularına cavab isə, adətən, belə olub: Nazirlik bu işlərə qarışmır. Məsələn, Azdramada xalq artistlərinin davası ilə bağlı nazirin münasibəti, sadəcə, bir məsləhətdən ibarət olub: “Xalq artisti adını alan şəxslər, bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problemi öz aralarında çözməlidirlər”.

Qanun kimə hansı ixtiyarı verir?

Əslində, bu məsələlərin bir tənzimlənmə mexanizmi var. Qanuna müvafiq qaydada bəlli qurumlar həmin mexanizmi yerinə yetirməlidir.

Bəs qanun kimə hansı ixtiyarı verib?

Bu suala cavabı "Azərbaycan Respublikasının Fəxri adları haqqında" Əsasnamədə axtardıq. Orada deyilir: “Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan məhrum edilə bilər”.

Hansı hallarda?

Qanunla nəzərdə tutulmuş 2 halda fəxri addan məhrumetmə tətbiq edilir. Birinci halda, bu barədə təqdimat hüququ məhkəməyə verilib. Belə ki, fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunarsa, o, fəxri addan məhrum edilə bilər. Bu halda, məhkəmənin təqdimatı və ya həmin şəxsin məhkum olunması barədə hökmün surəti əsas tutulur.

İkincisi, fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən həmin addan məhrum edilir.

Yəni ötən həftənin gündəmini məşğul edənlər barədə Mədəniyyət və Turizm Nazirliyi təqdimat verə bilərdi.

Elə isə soruşuruq…

Bu qədər qalmaqallar, təhqirlər, bir sözlə daşıdıqları fəxri ada ləkə gətirən çoxsaylı xətalara qarşı indiyədək hansı tədbir görülüb? Kimin barəsində təqdimat verilib? Son qalmaqallarla bağlı qurumda nə düşünürlər?

Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Vüqar Şıxəmmədov Publika.az-a açıqlamasında bildirib ki, indiyədək Nazirliyin təqdimatı ilə fəxri addan məhrum edilənlər və ya davranışı müzakirəyə çıxarılanlar olmayıb. Daşıdığı fəxri ada ləkə gətirənlərə indiyədək “gözün üstdə qaşın var”, - deyilməyib.

Bu dəfə də belə olacaq. Ötən həftə baş verən qalmaqallar bu dəfə də Nazirlikdə əks-səda doğurmayıb. Qurum səlahiyyətliləri indiyədək olduğu kimi, yenə “Mənim evim kənardadır”, - prinsipinə sadiq qalıb.

Keçmişi qaytaraq?

Dünya, xüsusən, incəsənət dünyası tarix boyu qalmaqallı olub. Sözü biri-birinin boğazından keçməyənlər, həmkarının uğurunu gözü götürməyənlər həmişə olub. Tükəzban İsmayılova, Sara Qədimova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova... Səsi ilə yaddaşlarda məskən salan böyük sənətkarların hamısının biri-biri ilə münasibətində sərin küləklər əsdiyi, qanlı-bıçaq olduğu dedi-qodu səviyyəsindən irəli getməyib. Onların arasındakı problemlər səhnəyə qalxa, tamaşaçıya sıza bilməyib. Bəlkə də, imkan olsaydı, sızardı. Onların qarşısında sərt tələblər olub və onların hər biri bu tələblərə riayət ediblər. Əslində, bu qayda və tələblər indi də tətbiq olunur. Ancaq məhdud çərçivədə. Sadəcə, muğam ifaçılarına. Məsələn, indiki muğam ifaçıları dəvət aldıqları verilişə, müsahibə verəcəyi mətbuat orqanına yüksək həssaslıqla yanaşır, nə gəldi danışmağa icazə verilmədiyini bildirirlər.

Bəlkə bu qayda şou dünyasına da tətbiq edilməlidir? Bəlkə başqa bir çıxış yolu var?

Hər halda İlhamə Quliyeva-Aygün Kazımova qalmaqalının miqyası müəyyən tədbirlərin görülməsi zərurətini ortaya çıxarıb.

Bu zərurətə qulaqlar yenə tıxanacaq?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm