• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Əbdül Mahmudbəyli: “Həsənağa bu dərdə dözmədi, ölümü də fərqli oldu”

  • Magazin1
  • 23 Fevral 2016 13:15
  • 1 636 Baxış
Əbdül Mahmudbəyli: “Həsənağa bu dərdə dözmədi, ölümü də fərqli oldu”

“Çal aşıq, çal, komsomolun canı it canıdır…” Azərbaycan kinosunun nadir incilərindən sayılan “Yeddi oğul istərəm” filmini təsadüfən xatırlamadıq.

Filmin zəhmli, zabitəli Gəray bəyinin - xalq artisti Həsənağa Turabovun bu gün xatirə günüdür.

Onun yoxluğu ilə bizi yeddi illik zaman kəsiyi ayırır. Amma illər onu nə qədər uzaqlara aparsa da, filmləri bizi ona bir o qədər yaxınlaşdırır. Yetər ki, Həsənağa Turabovun çəkildiyi hansısa bir filmə tamaşa edək, yaxud da, sadəcə olaraq xatırlayaq.

Yaxın dostu, tanınmış kinorejissor və aktyor Əbdül Mahmudbəyli də onun filmlərdə hər zaman yaşadığını deyir.

Xatirələrini Publika.az-la bölüşən rejissor “kaş ki, Həsənağa yenə aramızda olaydı, yenə filmlərə çəkiləydi”, - deyib köks ötürür:

“Biz ona “Turabov” deyə müraciət edərdik. Turabov əsl Azərbaycan kişisi idi. O qədər gözəl enerjisi vardı ki, onunla ünsiyyətdən yorulmurduq. Bu üstünlüyü oynadığı rollara da ötürə bilirdi.

Bu insan təpədən dırnağa aktyor idi. Xarizmatik kişi idi, biz film çəkilişlərində olanda hamı onun tamaşasına yığışardı. Qadınlar ondan ötrü ölürdülər. Amma çox əxlaqlı və ailəsinə bağlı insan idi. Hələ görüb, eşitməmişdik ki, Turabov hansısa bir xanımın ona olan sevgisindən sui-istifadə etsin. Onun oynadığı rolları sadalamağa dəyməz, elə Turabovun adını çəkmək yetər. O əsl sənətkar idi, bu gün onun yeri çox görünür”.

“Yeddi oğul istərəm” filmində yaratdığı Gəray bəy obrazı ilə özündə bir bənzərlik vardı. Gəray bəy imkan vermir ki, bir komsomolun əli ilə ölsün, buna görə də özünü güllələmişdi. Həsən də elə mərdanə və köhnə kişilərdən idi. Oğul dərdi yaşamasaydı, hələ çox yaşayacaqdı. Amma bu dərdə dözmədi. Bu dərd onu içindən yedi və bir gün bu dünyayla vidalaşdı. Turabovun ölümü də fərqli oldu. Ailə üzvləri danışırdı ki, ayaqüstə keçinib. Gəlib görüblər ki, Həsən ayaqüstə divara söykənərək bu həyatla vidalaşıb”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR